Çərşənbə, 13 Oktyabr 2021 15:44

İsrail rejiminin “Qolandan əl çəkməyəcəyik” bəyanatı Dəməşqi qəzəbləndirdi

İsrail rejiminin “Qolandan əl çəkməyəcəyik” bəyanatı Dəməşqi qəzəbləndirdi

 İsrail rejiminin baş naziri Naftali Bennett birtərəfli olaraq ilhaq etdikləri Qolan yüksəkliklərini Suriyaya qaytarmayacaqlarını deyib. Dəməşq rəhbərliyindən “Qolan ərəb və Suriya ərazisidir” cavabı gəlib.

Hurseda xəbər verir ki, İsrail rejimi 1967-ci ildən bəri işğal etdiyi və 2019-cu ildə bir tərəfli olaraq Donald Tramp administrasiyasının yaşıl işığı ilə ilhaq etdiyi Qolan yüksəkliklərini geri qaytarmayacağını bəyan edib, hətta dünyanın Bəşər Əsədin idarəçiliyinə baxışları dəyişsə belə. Dəməşq rəhbərliyi bu bəyanatı qınayaraq, beynəlxalq hüququn pozulduğunu bildirib.

 İsrail rejiminin baş naziri Naftali Bennett Qolanın gələcəyi ilə bağlı bir konfransda bunları deyib: “Suriyadakı daxili çəkişmələr, dünyanın bir çoxlarını bu gözəl və strateji torpağı İsrailin (sionist rejim) əlində saxlamağın daha yaxşı olacağına inandırdı. Amma dünya Suriya və ya Əsədlə bağlı istiqamətini dəyişərsə, bu vəziyyətin Qolana heç bir təsiri olmayacaq. Qolan, İsrailə (sionist rejim) aiddir”.

 Bennet mühafizəkar Makor Rişon qəzetinin təşkil etdiyi konfransdakı çıxışında, Qolanda yeni qanunsuz sionist qəsəbələr salınacağına işarə etmiş və strateji bölgədə İsrail rejiminin əhalisini iki dəfə artırmaq istədiklərini söyləmişdi.

 Dəməşq: “Qolan Suriya və ərəb torpağıdır”

 Suriyanın dövlət xəbər agentliyi SANA-ya danışan Xarici işlər Nazirliyindəki bir mənbə bunları deyib: “Bu cür təcavüzkar bəyanatlar və siyasətlər Qolanın ərəb və Suriya ərazisi olduğuna və bu və ya digər şəkildə vətənə qayıdacağı ilə bağlı əbədi həqiqəti dəyişməyəcək”.

 

XİN rəsmisi Bennetin açıqlamasının sionist birləşmənin ekspansionist mahiyyətini göstərdiyini söyləyərək, Qolanın Suriyaya məxsus işğal edilmiş ərazi statusunda olduğunu qəbul edən beynəlxalq qanuni qətnamələrin pozulduğunu vurğulayıb.

 Qolan yüksəklikləri Suriyanın paytaxtı Dəməşqdən 60 kilometr cənub-qərbdə yerləşən 1200 kvadrat kilometrlik yayladır. Suriyaya yuxarıdan baxan bölgə strateji əhəmiyyətə malikdir.

 İsrail rejimi 1967-ci ildəki müharibədə Suriya dövlətinə məxsus ərazini işğal etmişdi. 1973-cü ildə Suriya ordusunun bölgəni geri almaq cəhdi uğursuz olmuşdu. Qolan yüksəkliklərinin İsrail rejiminin işğalı altında olduğunu bildirən bir çox BMT qətnaməsi olsa da, İsrail rejiminin 1981-ci ildə bölgəni birtərəfli şəkildə birləşdirmək niyyəti Trampdan əvvəlki ABŞ rəhbərliyi tərəfindən də rədd edilmişdi. BMT Təhlükəsizlik Şurasının 242 saylı Qətnaməsi İsrail rejiminin Qolan yüksəkliklərindən çəkilməsini tələb edir və orada İsrail rejiminin əsgərlərinin olmasını işğal olaraq xarakterizə edir.

 Suriya və İsrail rejimi hazırda Qolanın işğalı səbəbindən rəsmi olaraq müharibə vəziyyətindədir. BMT-nin Qolan yüksəkliklərindəki sülhməramlı qüvvələri Suriyadakı müharibə vaxtı bölgəni tərk etməyə məcbur olublar.

 

Şərh yaz


Məxfi kod
Yenilə