Bazar ertəsi, 10 Dekabr 2018 14:21

Gürcüstanın birləşmiş müxalifəti prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir

Gürcüstanın birləşmiş müxalifəti prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir

Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir.

 “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə birliyin liderlərindən olan Giorgi Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib.

 O deyib ki, birləşmiş müxalifətin bu tələblə bağlı iddiası bu gün saat 15:00-da Tbilisi Şəhər Məhkəməsinə təqdim olunacaq.

 G.Vaşadze prezident seçkilərində seçicilərin səslərinin satın alınması ilə bağlı çoxlu faktların olduğunu qeyd edib: “İddiamıza beynəlxalq təşkilatların qiymətləndirmələri də əlavə olunub. Beynəlxalq müşahidə missiyasının hesabatı seçicilərin səslərinin kütləvi şəkildə alınmasını birbaşa sübut edir”.

 Birləşmiş müxalifət həmçinin Baş Prokurorluğu baş nazir Mamuka Baxtadze və Tbilisi meri Kaxa Kaladze ilə bağlı araşdırma aparmağa çağırıb. Müxalifət hesab edir ki, baş nazir canlı efirdə seçicilərin səslərini satın alaraq cinayət törədib, mer isə hakim partiyanın seçki qərargahına rəhbərlik edərək bəyanatları ilə cinayətdə iştirak edib.

 G.Vaşadze qeyd edib ki, məhkəmə iddiasında 600 min vətəndaşın kredit borclarının silinməsinin seçicilərin birbaşa satın alınması olduğu göstərilib: “Bundan başqa, seçicilərə kartof, soğan və istifadə olunmuş paltarlar da paylanılıb və bu faktları sübut edən video və audio sübutlar var”.

 Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Seçkilərdə məğlub olan müxalif Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadzenin təmsil olunduğu müxalif “Güc birlikdədir” birliyi seçkilərin nəticələrini tanımadığını bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə