Cümə axşamı, 11 Yanvar 2018 19:37

Rusiya Baş Qərargahı: Suriyada obyektlərimizə hücum edən dronlardakı partlayıcılar Ukraynada da istehsal edilir

Rusiya Baş Qərargahı: Suriyada obyektlərimizə hücum edən dronlardakı partlayıcılar Ukraynada da istehsal edilir

“Suriyadakı Rusiya hərbi bazasına hücum edən pilotsuz uçuş aparatlarının araşdırılması göstərdi ki, onları kustar şəraitdə düzəltmək olmaz”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının pilotsuz uçuş aparatlarının hazırlanması və inkişafı İdarəsinin rəisi general-mayor Aleksandr Novikov bildirib.

 

Onun sözlərinə görə, əldə olunmuş dronlardan götürülən nümunələrin analizinin nəticələri artıq məlumdur: "Birinci gəldiyimiz rəy ondan ibarətdir ki, bu cür dronları kustar üsulla hazırlamaq mümkün deyil. Bu dronların hazırlanması və istifadə olunmasında pilotsuz uçuş aparatlarının istehsalı və tətbiqi ilə məşğul olan ölkələrdə xüsusi hazırlıq keçən mütəxəssislər iştirak edib. Bundan əlavə, dronların idarə olunması üçün yüklənən koordinatlar dəqiqliyinə görə internetdən əldə oluna bilinən məlumatları üstələyir".

 

Baş Qərargah rəsmisi bu pilotsuz uçuş aparatlarının hissələrinin ayrılıqda satışda olduğunu və həmin hissələri almağın mümkün olduğunu vurğulayıb: "Lakin həmin hissələrin yığılması, yəni, dronun quraşdırılması və onun vahid sistemdə tətbiq olunması ancaq xüsusi hazırlıq keçmiş, bu cür aparatların yaradılması təcrübəsinə malik mühəndislər tərəfindən həyata keçirilə bilər".

 

Bundan başqa, mətbuat konfransında Hmeymim və Tartusdakı bazalara hücum edən dronlarda olan partlayıcı qurğuların da kustar şəraitdə hazırlanmadığı qeyd olunub: "İlkin araşdırmalar göstərdi ki, dronlarda olan partlayıcı maddə kimi TEN-dən istifadə olunub. TEN gücünə görə heksogeni üstələyir. Adıçəkilən partlayıcı bir sıra ölkələrdə, o cümlədən Ukraynada, Şostkin Kimya Reaktivlər Zavodunda istehsal olunur. Bu partlayıcı kustar üsulla hazırlana bilməz".

 

Rusiyalı general hazırda dronların və partlayıcının hansı ölkədə istehsal edildiyinin müəyyənləşdirilməsi məqsədi ilə xüsusi təhqiqatın aparıldığını söyləyib.

Şərh yaz


Məxfi kod
Yenilə