Cümə, 22 Fevral 2019 12:02

General Süleymani: “Səudiyyə rejiminin terrorçuları İran, Əfqanıstan və Hindistana zərər verir”

General Süleymani: “Səudiyyə rejiminin terrorçuları İran, Əfqanıstan və Hindistana zərər verir”

İranın İnqilab Keşikçiləri ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymani İslamabad hökumətini Pakistan ərazisindəki Səudiyyə rejiminin dəstəklədiyi terrorçular barədə xəbərdarlıq edib.Təsnim

İranın Mazandaran əyalətində keçirilən bir tədbirdə danışan general Süleymani, İnqilab Keşikçiləri ordusunun nümayəndələrinin hədəfə alındığı terror hücumunun intiqamını Səudiyyə rejiminin dəstəklədiyi terrorçulardan alacaqlarını bildirib.

 Terror aktından sonra Pakistandan gələn qınamaların kifayət etmədiyini və bölgədə İrana qarşı fəaliyyət göstərən terror təşkilatlarına qarşı konkret addımlar atılmasını gözlədiklərini söyləyən Süleymani, belə deyib: “Pakistan ərazisindəki Səudiyyə rejiminin dəstəklədiyi terrorçular, İran, Əfqanıstan və Hindistana zərər verir. Pakistana bu rolu verənlər ölkəni parçalamaq istəyir. Pakistan bunu diqqətə almalıdır”.

 Səudiyyə rejiminin maliyyə gücü ilə regional nüfuz əldə etməyə çalışdığını qeyd edən iranlı komandir, belə danışıb: “Səudiyyə rejiminin bir neçə milyard dollarla Pakistanı qonşuları ilə münaqişə vəziyyətinə gətirməsinə, bu ölkənin hökuməti və ordusu imkan verməməlidir. Pakistan bizim dostumuzdur, ancaq heç kim İranı sınamağa cəhd etməsin. Əllərinə gənclərimizin qanı bulaşmış olan təkfirçi muzdlu əsgərlərdən qisasımızı alacağıq, dünyanın harasında olsalar da”.

 Xatırladaq ki, İranın cənub-şərqində yerləşən Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində fevralın 13-ü bomba yüklü maşınla İnqilab Keşikçiləri ordusunun üzvlərinə qarşı təşkil olunan intihar hücumunda 27 əsgər həyatını itirmişdi. Hücumu regionda fəaliyyət göstərən Ceyşul Ədl adlı terror təşkilatı öz üzərinə götürüb.

Şərh yaz


Məxfi kod
Yenilə