Hollandiyanın maliyyə naziri Ərəbistanın paytaxtı Ər-Riyadda keçiriləcək investisiya konfransında iştirak etməyəcəyini bildirib.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Hollandiyanın maliyyə naziri Vopke Hoekstra, Ali-Səud rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra yoxa çıxması hadisəsinə reaksiya olaraq Ər-Riyadda keçiriləcək investisiya konfransında iştirak etməyəcəyini bildirib.
Hollandiya hökuməti də jurnalist Camal Qaşıqçının yoxa çıxmasının ardınca Ərəbistanın Hollandiyadakı ticarət ofisini bağladığını bildirib.
"Səhra Davosu" adlı beynəlxalq investisiya konfransının 23-25 oktyabrda Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılıb. Amma, indiyə kimi bir çox Avropalı rəsmi, iş adamı və bank rəhbəri o cümlədən Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Ər-Riyad konfransını boykot edib.