Çərşənbə axşamı, 16 Oktyabr 2018 16:47

BMT:"Səudiyyənin İstanbuldakı konsulluğu toxunulmazlıqdan məhrum edilməlidir"

BMT:"Səudiyyənin İstanbuldakı konsulluğu toxunulmazlıqdan məhrum edilməlidir"

“Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu binası jurnalist Camal Xaşuqçinin yoxa çıxmasının araşdırılması naminə dərhal dilomatik toxunulmazlıqdan məhrum edilməlidir”.

TASS xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin bəyanatında qeyd olunur.

 “Xaşuqçinin yoxa çıxması ilə bağlı vəziyyətin ciddiliyi nəzərə alınsa, mənim fikrimcə, 1963-cü il Vyana Konsulluq Əlaqələri Konvensiyasında təsbit olunmuş binaların və rəsmi şəxslərin toxunulmazlığı bu məsələdə dərhal ləğv olunmalıdır”, – ali komissar vurğulayıb.

 

M.Baçelet diqqətə çatdırıb ki, beynəlxalq hüquqa görə, zorla adam qaçırmağın və mühakiməsiz adam öldürməyin son dərəcə qatı cinayət hesab olunduğuna görə, diplomatik toxunulmazlığın baş verənlərin araşdırılması, təqsirkarların ifşa olunmasına əngəl yaratmamalıdır.

 

Dünən ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudla itkin düşən jurnalist Camal Xaşuqçi məsələsini müzakirə etdiyini və məsələni aydınlaşdırmaq üçün dövlət katibi Mayk Pompeonu Ər-Riyada göndərdiyi bildirilib.

 

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Ankaradakı səfiri jurnalist C.Xaşuqçinin Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, diplomatdan konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub. Türkiyə və Səudiyyə Ərəbistanından olan müstəntiqlər jurnalistin içərisinə daxil olub yoxa çıxdığı krallığın İstanbuldakı Baş Konsulluğunun binasında axtarış aparıblar.

 

Daha əvvəldən itkin düşmüş C.Xaşuqçinin sorğu və qətl anının onun “Apple Watch” saatına yazıldığı məlum olub.

Şərh yaz


Məxfi kod
Yenilə