Cümə, 14 Yanvar 2022 23:59

Görüş müsbət və konstruktiv atmosferdə keçirilib

Görüş müsbət və konstruktiv atmosferdə keçirilib

Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

SəhərAzəri-nin Türkiyə XİN-ə istinadən verdiyi xəbərə görə, xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilmiş bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparıblar.

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.

Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi diplomatik kanallarla sonradan müəyyənləşəcək.

Ermənistan Xarici İşlər Nazirliyi isə bir bəyanat yayaraq bildirib ki, Türkiyə və Ermənistan Moskva danışıqlarında münasibətlərin tam normallaşdırılması məqsədilə ilkin şərtlər olmadan əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Türkiyə və Ermənistan nümayəndələrinin ilk iclası Moskvada Rusiya XİN-in qəbullar evində keçirilib.

Moskva görüşü barədə məlumat yayılan kimi Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə  Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib ki, Avropa İttifaqı (Aİ) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır.

"Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbəri alqışlayırıq. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının tam dəstəklədiyi vacib məqsəddir”, - Aİ-nin Xüsusi Nümayəndəsi qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu gün ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib ki, ölkəsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini dəstəkləyir və bu səylərdə aktiv iştirak edir: “Bu, Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına kömək edir və mövcud siyasi problemlərin daha aktiv həll olunmasına kömək edir”, - Rusiya XİN başçısı vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə bu gün media üçün açıq müzakirələr zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına belə münasibət bildirib: “Türkiyə və Ermənistan münasibətləri ilə paralel Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşarsa, bu, bizim üçün faydalı olar”.

 

Şərh yaz


Məxfi kod
Yenilə