Cümə axşamı, 17 Yanvar 2019 19:39

Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur

Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 17-də İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyini xatırladan Baş Qərargah rəisi bildirib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır.

Məhəmməd Baqeri həmçinini, hər iki ölkənin xalqları arasında böyük tarixə malik əlaqələrin olduğunu bildirib. O, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətini vurğulayıb. Bu barədə AZƏRTAC xəbər verib.

Məlumatda həmçinin bildirilir: Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildirən Baş nazir hər iki ölkə rəhbərlərinin birgə səyləri nəticəsində bu münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, əlaqələrin genişləndirilməsi, o cümlədən mühüm layihələrin həyata keçirilməsi istiqamətində prezidentlər tərəfindən atılan addımlar iki ölkənin və xalqlarının maraqlarına xidmət edir.

Novruz Məmmədov qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edərək, Məhəmməd Baqerinin Azərbaycana olan bu səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Baş nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə də İran tərəfinə minnətdarlığını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Şərh yaz


Məxfi kod
Yenilə