Cümə, 19 Oktyabr 2018 11:11

Bakı və Aşqabad enerji və nəqliyyat sahəsində əməkdaşlıqları genişləndirirlər

Bakı və Aşqabad enerji və nəqliyyat sahəsində əməkdaşlıqları genişləndirirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin zəngin tarixə malik olduğunu bildirib və bu gün ikitərəfli münsibətlərin bütün sahələri əhatə edərək uğurla inkişaf etdiyini deyib. Azərbaycan və Türkmənistanın İkitərəfli və çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev son illər birgə səylər nəticəsində əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd edib.

Azərbaycan prezidenti daha sonra iki ölkənin digər istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika, mədəniyyət sahələrində də əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev qeyd etdi ki, bütün bunlar bizim uzun əsrlik qardaşlıq əlaqələrimizə əsaslanır və biz münasibətlərimizin gələcəyinə nikbinliklə baxırıq.

İlham Əliyev həmçinin,  Rəşid Meredovun səfərinin iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ehtiramını Azərbaycan prezidentinə çatdırıb.

 Xarici işlər naziri Rəşid Meredov bildirdi ki, Türkmənistan dövlətinin başçısı Prezident İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmək barədə tapşırıq verib və o, Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunu dövlətimizin başçısına təqdim etdi.

Rəşid Meredov daha Azərbaycana olan səfəri çərçivəsində baş nazir Novruz Məmmədov ilə də görüşüb.

Görüşdə iki ölkə arasındakı əməkdaşlıqların perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərh yaz


Məxfi kod
Yenilə