Bazar ertəsi, 08 Yanvar 2018 17:08

Bakıda islamçı məhbuslarla bağlı tədbir keçirilib - FOTO

Bakıda islamçı məhbuslarla bağlı tədbir keçirilib - FOTO

Bu gün Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşkilatçılığı ilə həbsdə olan islam məhbuslarına həsr olunmuş “İslam həmrəyliyi ili və islam məhbusları” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Maide.Az xəbər verir ki, ilk olaraq Qurani-Kərimdən ayələr tilavət olunub.

 

Konfransı giriş sözü ilə açan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının İdarə heyətinin sədri Rövşən Əhmədli bildirib ki, AİP sədri Dr. Mövsüm Səmədovun həbsindən 7 il ötür. 2011-ci ildən başlayan həbslər dalğası bu gün də davam edir. 

 

Həmçinin həbsdə şəhid olmuş AİP funksyaneri Hacı Vaqif Abdullayevin və islam şəhidlərinin ruhu yad edilib. 

 

R. Əhmədli bildirib ki, son olaraq Nardaran hadisələri zamanı həbs edilən şəxslərə ümumilikdə 500 ildən çox həbs cəzası verilib. “Biz səsimiz çatan qədər bu həbsləri pisləyir və dərhal dayandırılmasını tələb edirik. Çünki elə bayrağımızın rəngində də islam var və dini dəyərlərimiz qorunmalıdır.”

 

R. Əhmədli bildirib ki, bu gün müxtəlif bəhanələrlə həbs edilən ruhanilər var. Ən son olaraq Hacı Sərdar Hacıhəsənlinin namaz qıldığı üçün həbs edilməsi isə heç bir məntiqə sığmır. Təsəvvür edin bir insanı namaz qıldığı üçün tuturlar.

 

Təşkilat sədri onu da əlavə edib ki, həbsdə olan dindarlara qarşı işgəncələr də qəbuledilməzdir. Biz bunlara etiraz edirik. 

 

Konfransda çıxış edən AİP sədr əvəzi hacı İlham Əliyev bildirib ki, hacı Mövsüm Səmədovun həbsi əslində onu daha çox cəmiyyətə tanıtdı. “Onu tanıyanlar bilir ki, Mövsüm Səmədov heç vaxt öz şəxsi maraqlarından çıxış etməyib. Hər zaman cəmiyyət üçün yaşayıb. Onun uşaqlıqdan maddi baxımdan problemi olmayıb. Eyni zamanda o, həkim olub, baş həkim işləyib. Əgər istəsəydi dünyada çox yaxşı mövqelərə sahib ola bilərdi. Amma Hacı Mövsüm özünü qurban verdi ki, cəmiyyət islah olsun. O, azadlıq yolunu seçdi. Bu isə ona islamın öyrətdiyi bir təlimdir.”

 

AİP sədr əvəzi bildirib ki, İslam dini sülh dinidir. Odur ki, islama qarşı deyil onun yanında olmaq lazımdır. Dindarları həbs etməklə olmayan yerdən də problemlər yaraddılır. Odur ki, biz bu təzyiqlərə son qoyulmasını istəyirik.

 

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxış edərək bildirib ki, bu gün müsəlman dünyası nicatın həmrəylikdə olduğunu dərk edib: “Dünyada islama qarşı ciddi səlib yürüşləri var. Elə son günlərdə İranda baş verən hadisələr göstərdi ki, okeanın o tayından artıqq etirazçılara “dəstək” verdilər. Lakin onların arzuları ürəklərində qaldı. Lakin bu göstərir ki, ciddi təhlükə var. ”

 

E. Quliyev ölkədə olan həbslərə də münasibət bildirib. Qeyd edib ki, son bir ildə Azərbaycanda dindarlara ümumilikdə 600 ildən çox həbs verilib. “Bu onun göstəricisidir ki, artıq islama qarşı təhdid var. Odur ki, biz bu gün həmrəy olmalıyıq. Həmrəylik isə budur ki, biz ən azından həbsdə olan dindarlarla həmrəy olmalıyıq. Bu gün onlar həbsdə olduqları halda bizim üçün narahatdırlar. Bizim laqeydliyimiz, zülmə qarşı etiraz etməməyimiz onları narahat edir.”

 

E. Quliyev həbsdə olan dindarlara verilən işgəncələrdən də danışıb. Bildirib ki, hətta məhbəsdə belə onlara dinclik vermirlər. “Elə insanlar var ki, onların cismi azadlığını almaq olar, var dövlətini almaq olar, amma onların əqidələrini inanclarını almaq mümkün deyil.”

 

Tədbirdə çıxış edənlər bildiriblər ki, həbsdə olan ruhanilər və dindarlar heç bir təxribat törətməyiblər. Onlar yalnız haqqı deyiblər və cəmiyyətinin bəlalarına münasibət bildiriblər. Odur ki, həbs ediliblər. Bu insanlar əslində ölkəmizin inkişafı üçün çalışıblar. Onların dövlətə qarşı deyil, əksinə inkişafının tərəfdarı olublar və bunun üçün çalışıblar.

 

Sonda konfrans müxtəlif müzakirələrlə öz işini davam etdirib. 

Şərh yaz


Məxfi kod
Yenilə