Cümə axşamı, 02 Yanvar 2014 17:50

Zaur Həsənovun qatillərinin cəzalandırılması üçün kampaniya başlanıb

Zaur Həsənovun qatillərinin cəzalandırılması üçün kampaniya başlanıb

Təbriz Radiosu--Sosial şəbəkədə intihara vadar edilən Qarabag qazisi Zaur Həsənovun qatilinin cəzalandırılması məqsədilə ölkə prezidentinə müraciət əsasında imzatoplama aksiyasına başlanılıb. "Ipəkçi" qəzetinin təşəbbüsü ilə bir qədər əvvəl başladılan kampaniyaya indiyəkdək 800-dən çox vətəndaş qatılıb. Deyerler.org sözügedən müraciəti izləyicilərə təqqim edir:

"Möhtərəm İlham Əliyev cənabları.
Məlumunuz olduğu kimi ötən il dekabrın 25-də Qarabağ müharibəsi iştirakçısı və Qarabağ müharibəsi əlili mərhum Zaur Həsənov Bakı şəhərinin mərkəzində, nümayişkaranə şəkildə özünü yandırmış və dərisinin çox hissəsinin yanması nəticəsində dekabrın 29-da xəstəxanada vəfat etmişdir. 

KİV-dən məlumdur ki Siz Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiniz və bu hadisədən sonra onun həyatda qalması üçün bir dövlət başçısı olaraq əlinizdən gələn hər hansı köməyi əsirgəməmisiniz. Lakin buna baxmayaraq Zaur Həsənovun həyatda qalması mümkün olmadı, çünki onun yaraları çox ağır idi...

KİV-də, xüsusilə internetdə yayılan məlumatlardan o da məlum olur ki, mərhum Zaur Həsənovun intihar etməsinin ciddi səbəbləri vardı. O, öz xoşu ilə intihar etməmiş, ona qarşı edilən haqsızlıqlara etiraz etmək üçün, özünü yandırmaq yolu ilə nümayişkaranə surətdə intihar etməyə məcbur olmuşdur. Başqa sözlə, vəzifəli məmurlar bəzən vəzifə səlahiyyətlərində sui-istifadəyə yol verməklə – etdikləri qeyri-qanuni hərəkətləri ilə, bəzən isə vəzifə səlahiyyətlərini yerinə yetirməməklə – hərəkətsizliyə yol verməklə, Zaur Həsənovu intihar etməyə məcbur etmişlər.

Zaur Həsənovun intiharı Sizi və bütün Azərbaycanı sarsıtsa da, hələ də CPM-nin 125-ci maddəsi ilə – özünü öldürmə dərəcəsinə çatdırma maddəsi ilə cinayət işi açılmamışdır. Bu isə o deməkdir ki, Zaur Həsənovu intihara məcbur edən vəzifəli şəxslər, hüquqi cəhətdən məsuliyyətdən yayınacaqlar və cəzasız qalacaqlar!

Xahiş edirik ki, Zaur Həsənovun intiharı ilə bağlı olaraq, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulduğu kimi CPM-nin 125-ci maddəsi ilə – özünü öldürmə dərəcəsinə çatdırma maddəsi ilə cinayət işinin açılması barədə Baş Prokurorluğa göstəriş verəsiniz.

 (FB respondentlər üçün əlavə izahat: Biz bu sorğunu yaradanda, cəmi 1 sual yazmışdıq: "Siz də bu müraziətə imza atırsınızmı?". Amma digər FB istifadəçiləri əlavə suallar artırdılar... Əlavə yaradılmış sualların sayı 10-a çata bilər, siz isə çalışın ki, birinci bizim sualımıza cavab verəsiniz. Amma bu xananı yox, digər FB istifadəçisi tərəfindən yaradılmış "Bəli" xanasını işarələyən FB respondentlər də Müraciəti imzalamış hesab ediləcəklər...)".

Şərh yaz


Məxfi kod
Yenilə