Cümə axşamı, 23 Sentyabr 2021 09:01

Azərbaycan erməni əsirlərini tezliklə azad etməlidir!

Azərbaycan erməni əsirlərini tezliklə azad etməlidir!

ABŞ Konqresinin Nümayəndələr Palatası erməni əsirlərinin dərhal azad edilməsini tələb edən düzəliş qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Radiosu bu haqda xəbər verir: ABŞ Konqresinin Nümayəndələr Palatası, Kardenas-Şiff-Şerman Düzəlişini qəbul edərək, Azərbaycan Respublikasından erməni əsirlərinin dərhal azad edilməsini tələb edib və erməni mülki əhalisinə qarşı qanunsuz döyüş sursatı və ağ fosfor istifadə edilməsi də daxil olmaqla, Azərbaycanın hərbi cinayətləri haqqında hesabat hazırlamağı tələb edibdir.

Dəyişiklik eyni zamanda ABŞ texnologiyasının İkinci Qarabağ Müharibəsində Türkiyəyə aid pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı araşdırma aparılmasını tələb edir. İddia olunur ki, müharibədə PUA-lar erməni mülki vətəndaşları hədəf almışlar.

Dəyişikliyin təşəbbüskarı ermənilərin sıx yaşadığı Kalifornaiyadan olan demokrat deputatlar Tony Kardenas, Adam Şiff və Brad Şerman olsalar da, layihəni digər demokratlar və eləcə də respublikaçılar dəstəkləyiblər. Cəki Spayer, Andi Levin, Qus Bilirakis, Zoe Lofqren, Frank Pallone, Con Şakovski, Deyvid Valadao, Cudi Çu, Anna Eşu, Katie Porter, Yanq Kim, Raca Krişnamurti və Dina Titus da imzalayıblar.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bu ölkənin baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda erməni əsirlər məsələsinə toxunmuşdur.  

O, erməni əsirlərin azad edilməsinə dəstək vəd edib və məktubda yazıb ki, ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcək.

Məktubda həmçinin deyilir ki, Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Birləşmiş Ştatlar erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə