Bazar, 22 Avqust 2021 13:07

Rusiya:Ermənistana silah tədarükü davam edəcək

 Rusiya:Ermənistana silah tədarükü davam edəcək

Rusiya dövləti Ermənistanın zəifləməsinə imkan verməyəcəyini nümayiş etdirir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “CNN Türk” TV-yə müsahibədə Rusiyaya Ermənistanı silahlandırmasına görə şikayətlənməsi və onu üstüörtülü şəkildə əbəs yerə Cənubi Qafqazda balans yaratmağa çalışmaqda ittiham etməsi Kremlin saymazyana cavabı ilə üzləşib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova prezidentin hər iki bəyanatı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: "Silah ixracı Rusiyanın suveren hüququdur. Yəni Rusiya rəsmisi diplomatik dildə Ermənistana silah verilməsinin davam etdiriləcəyini bəyan etmiş olub. O, həmçinin bildirib: “Azərbaycan və Ermənistanla müvafiq əməkdaşlıq içindəyik. İki ölkə arasında balansın qorunmasına xüsusi diqqət edirik". Bu isə Azərbaycan dövlət başçısının ikinci bəyanatına açıq cavabdır. O deməkdir ki, Azərbaycanla Ermənistanın arasında balansın pozulmasına imkan vermərik.

Xatırladaq ki, avqustun ortalarında Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı ilə görüşdə Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı ən önəmli strateji müttəfiqi adlandırıb və erməni həmkarına simvolik xarakter daşıyan qılınc hədiyyə edib. O, erməni generala qılınc hədiyyə edərkən, "Ermənistana Rusiyadan silah tədarükü artıq başlandı" deməklə, əslində, Azərbaycanın narahatlığına məhəl qoymadan Kremlin öz müttəfiqinə hərbi texnika göndərəcəyinə eyham vurmuş oldu.

Bu birinci dəfə deyil ki, Azərbaycan prezidenti Ermənistanın silahlandırılmasına görə Rusiyaya etiraz edir və ona qonşu ölkədən qənaətbəxş cavab verilmir. Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Azərbaycanın Şuşaya atılan “İskəndər-M” raketləri ilə bağlı Rusiyadan cavab ala bilmədiyini söyləmişdi.

“Ermənistanın Baş naziri Paşinyan “İskəndər”dən istifadə etdiklərini deyir, Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi isə deyir ki, atılmayıb. Bu, nə mənaya gəlir? Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”- deyə ölkə başçısı bəyan etmişdi.

Hazırda Rusiyanın Azərbaycana beləcə yuxarıdan aşağı münasibət nümayiş etdirməsi ölkənin siyasi dairələrində ən çox mübahisə doğuran məsələyə çevrilib. Xüsusilə də hökumətin opponentləri Rusiyanın etinasızlığını rəsmi Bakının yürütdüyü siyasətin təbii nəticəsi kimi xarakterizə edirlər. Bununla əlaqədar AXCP sədri öz feysbuk hesabında yazır ki, Ermənistana silah göndərməsinə görə İlham Əliyevin Rusiyanı yüngülcə tənqid etməsinə Rusiya rəsmisi təqribən "əcəb edirik" tipli cavab verib. 

Əli Kərimlinin fikrincə, regionda güc balansını qorumaq zərurəti isə birbaşa təhdiddir. Azərbaycanla Ermənistan arasında güc balansı necə qoruna bilər? Rusiya necə bu 2 ölkənin gücünü balanslaşdıracaq? Partiya sədri qeyd edib ki, Rusiyanın balans yaratma siyasəti bəllidir: Ermənistanı öz hesablarına silahlandırmaq, o cümlədən, ən müasir silahlarla. Zərurət yarandıqda isə Ermənistan və Qarabağdakı Rusiya silahlı qüvvələri vasitəsilə Ermənistana qeyri-rəsmi hərbi yardım etmək.

Yeri gəlmişkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan respublikanın ən qısa müddətdə ordunu modernləşdirəcəyi barədə məlumat verib. Qriqoryan İctimai televiziyaya müsahibəsində deyib: “Keçən ilin noyabrından etibarən biz Rusiyadan öz arsenalımızı yeniləmək və müasirləşdirmək üçün xeyli silah almışıq. Bu proses fasiləsiz olub”.

Göründüyü kimi Rusiya davamlı olaraq Ermənistan ordusunu müasir silahlarla təmin etməklə məşğuldur. Bu işdə məqsəd bir tərəfdən Ermənistanı öz orbitində saxlamaq və onun Qərbin hərbi təsisatlarına inteqrasiyasına mane olmaq, başqa tərəfdən isə Azərbaycanı özünə müti etməkdən ötrü ona qarşı psixoloji müharibəni davam etdirmək və Cənubi Qafqazda yeganə söz sahibinin məhz Rusiya olduğunu Bakının diqqətinə çatdırmaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə