Cümə axşamı, 08 Aprel 2021 19:57

2020-ci il; İran-Azərbaycan münasibətlərində inkişaf tendensiyası

2020-ci il; İran-Azərbaycan münasibətlərində inkişaf tendensiyası

İranın rəsmi dövlət xəbər agentliyi İRNA Tehran-Bakı əlaqələrinin keçən il daha da inkişaf etməsi ilə bağlı geniş məqalə dərc edib.

Agentlik yazır ki, 2020-ci ildə dünyada koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, İran İslam Respublikası ilə Azərbaycan münasibətlərindəki inkişaf tendensiyasını qorumaq, həmçinin COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün birgə səyləri davam etdiriblər.

Keçən il İran və Azərbaycan prezidentləri Həsən Ruhani ilə İlham Əliyev arasında çoxsaylı telefon danışıqları, iki ölkənin xarici işlər nazirlərinin və digər rəsmilərinin qarşılıqlı səfərləri, İran parlament nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, eləcə də regional qarşılıqlı fəaliyyət çərçivəsində münasibətlərin qorunub saxlanması üçün əlverişli siyasi zəmin yaradıb.

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə Azərbaycan baş nazirinin müavini, iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında müntəzəm telefon danışıqları, enerji, nəqliyyat, ticarət və özəl sektora aid bir neçə onlayn görüşün keçirilməsi tərəflərin 2020-ci ildə koronavirus pandemiyasının ikitərəfli və regional iqtisadi əməkdaşlığa mənfi təsirlərini azaltmaq üçün göstərdiyi səylərin nümunəsi sayıla bilər.

İran və Azərbaycan 2020-ci ildə diqqəti daha çox iki ölkə arasında əlverişli siyasi kontekstdə müxtəlif iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldiblər. Təsadüf deyil ki, İran İslam Respublikasının Bakıdakı yeni səfiri Seyid Abbas Musəvi əsas məqsədlərindən və səylərindən birinin İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi olduğunu bəyan edib.

Birbaşa görüşlərin, qarşılıqlı səfərələrin çətin olduğu indiki dövrdə iki ölkə rəsmilərinin videokonfrans vasitəsi ilə məsləhətləşmələr apara biləcəklərini qeyd edən Həsən Ruhani bildirib ki, tərəflər qarşılıqlı ticarətin qaydalara uyğun aparılması üçün də səylərini birləşdirməlidir.

Azərbaycan prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib. 

Qeyd edək ki, İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclasının Tehranda keçirilməsi iki ölkə arasında 2020-ci ildə iqtisadiyyat və ticarət sahəsində qarşılıqlı əməkdaşlığın vacib hadisələrindən sayıla bilər. Yanvarın əvvəlində keçirilmiş iki günlük iclasda İranla Azərbaycan arasında nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəniyyət, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. 

Digər tərəfdən birgə sənaye şəhərciyinin yaradılması

2020-ci ildə İran və Azərbaycanın gündəliyindəki vacib məsələlərdən biri olub. Bu sənaye şəhərciyi Ərdəbil əyalətində yerləşəcəkdir. İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni ölkəsinin buna hazır olduğunu bildirib. Müvafiq razılaşmanın əldə edilməsi ilə tərəflərin sənaye şəhərciyinin qurulmasına birgə investisiya yatıracağını söyləyən iranlı nazir deyib: “Ərdəbil vilayətində iki ölkənin birgə istehsalat müəssisələrinin qurulması üçün geniş imkanlar var. Bu layihənin reallaşması Bakı ilə Tehran arasında iqtisadi əməkdaşlığı genişləndirəcək”.

Şərh yaz


Məxfi kod
Yenilə