Çərşənbə, 06 May 2020 14:51

ABŞ-ın Minnesota ştatı qondarma "DQR"-nin müstəqilliyini tanıyıb

ABŞ-ın Minnesota ştatı qondarma "DQR"-nin müstəqilliyini tanıyıb

ABŞ-ın Minnesota Ştatının Senatı qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyıb.

Armen-Press Xəbər Agentliyi Amerika Erməni Assambleyasına istinadla xəbər verir ki, bu barədə qətnamə Minnesota Ştatının Senatında səs çoxluğu ilə qəbul olunub.  

Assambleya amerikalı qanunvericilərin bu addımını alqışlayaraq bildirib ki, qətnamənin qəbulunda xüsusi rol oynadıqlarına xatir senatorlar Paul Qazelka və Mari Kiffmeyer-ə dərin minnətdarlığını çatdırıb. 

Xatırladaq ki, Minnesota ABŞ-da 9-cu ştat olaraq qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası müstəqilliyini tanıyır. Bundan əvvəl Kaliforniya, Ceorcia, Havai, Luiziyana, Mayn, Massaçusets, Miçiqan və Rod Aylend ştatları da erməni separatçılarına dəstək vermiş və "DQR"-nin müstəqilliyini tanımışlar.

Bu isə o deməkdir ki, Amerika ştatlarında erməni təəssübkeşliyi hökm sürür. Və onlar hökumətin, eləcə də Konqresin separatçı rejimə total dəstəyini gördükdə Azərbaycan Respublikasına meydan oxuyur və Qarabağ ermənilərinin himayədarı olduqlarını gizlətmirlər. Məsələn 2014-cü ilin yanvar ayında ABŞ-ın Kaliforniya Ştatının Los Anceles şəhəri Dağlıq Qarabağın müstəqilliyini tanıyarkən öz bəyanatında bildirmişdi ki, “Dağlıq Qarabağ bölgədə guya stabilliyin əsas qoruyucularından biridir və onun azadlıq uğrunda apardığı mübarizə digər xalqların müstəqilliklə bağlı başlatdıqları mübarizənin ilham mənbəyi olub”.

Əslində ABŞ-ın Dağlıq Qarabağ separatçılarına hər il milyonlarla dollar yardım ayırması, onlara Vaşinqtonda siyasi nümayəndəlik açmaqla de-fakto müstəqilliklərini tanıması, bir sözlə münaqişənin həllində ədalətli mövqe tutmaması diqqətdən kənarda qalmır və ştatlar Azərbaycana qarşı hansısa mövqe sərgiləyirlərsə, mütləq administrasiyanın Cənubi Qafqazla bağlı strategiyasını nəzərə alırlar.

Təsadüfi deyil ki, ştatların bir-bir Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə paralel olaraq mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı bir-neçə il əvvəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etdi.

ABŞ rəsmiləri adətən belə hallara görə cavabdeh olmaq istəmir və sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirlər. Ancaq bu şablon ifadələr artıq heç kəsi qane etmir, Birləşmiş Ştatların səmimiliyinə inanan yoxdur.

Şərh yaz


Məxfi kod
Yenilə