Çərşənbə axşamı, 05 Sentyabr 2017 18:01

Dünya Myanmada müsəlman soyqırımına susur

Dünya Myanmada müsəlman soyqırımına susur

Myanma hökuməti ötən bir neçə həftədə 3000-dən çox Ruhinqa müsəlmanını qırğın edib. 90 minə yaxın insan isə evini tərk edərək, Banqladeş sərhədlərinə sığınıb.

Myanmada müsəlman soyqırımı artıq bir neçə həftədir ki, davam edir. Ordu qüvvələri və ifratçı buddistlər 25 avqust tarixindən başlayaraq, Ruhinqa müsəlmanlarına qarşı planlaşdırılmış qaydada soyqırımı həyata keçirirlər. Dünya ictimaiyyəti isə hələ də bu cinayətlərə “dur” deyəcək iradə nümayiş etdirmir.

Baş verən cinayətlərlə bağlı yayımlanan tükürpədici görüntülər faciənin böyüklüyündən xəbər verir. Bu insanlar dəhşətli formada və amansızcasına qətlə yetiriliblər. Daxil olan məlumatlara görə, Myanma ordusu ötən həftə ərzində təqribən 3000 müsəlmanı qətlə yetirib. İfraçı buddistlərin müsəlmanlara qarşı cinayətləri böyük-kiçik tanımır.

Deyli Teleqraf hadisə şahidlərinə istinadla yazır: Myanma ordusu kənd əhalisini bambukdan tikilmiş komaya dolduraraq, sonra onları diri-diri yandırıb.


Hadisə şahidlərindən biri deyir: Heç kimə rəhm etmirlər. Bəzilərini güllələyir, bəzilərini isə diri-diri yandırırlar.

Myanma ordusunun əlindən güclə xilas olan bir başqa Ruhinqa müsəlmanı isə deyir: Evimizi tərk etməkdən başqa çarəmiz yox idi. Onlar hər yeri yandırırlar, heç kimə rəhm etmirlər.

Ötən günlər ərzində 90 min nəfərin didərgin düşməsini və qaçarkən yolda həyatını itirənləri də Myanma dövlətinin cinayətlərinə əlavə etmək lazımdır. Bütün bu cinayətlər və müsəlman soyqırımı hakim partiyanın sədri xanım Suçi tərəfindən himayə edilir. Xanım Suçi kimi nobel sülh mükafatı laureatı olan Məlalə Yusifzay isə Suçinin müsəlmanlara qarşı cinayətlərə göz yummasını tənqid edərək, baş verənlərdən dəhşətə gəldiyini deyir.

Siyasi məsələlər üzrə analitik deyir: Onlar Ruhinqa müsəlmanlarını yer üzündən silməyə çalışırlar. Xanım Suçi baş verənlərə görə məsuliyyət daşıyır və buna görə xəcalət çəkməlidir. O, demokratiyadan dəm vursa da, indi iç üzünü göstərmiş oldu.

Myanma hökuməti Raxin vilayətinə faktaraşdırıcı heyətin göndərilməsinə qarşı çıxır və humanitar yardımların çatdırılmasına da icazə vermir. 3000-dən çox ev yandırılıb və on minlərlə insan Banqladeş sərhədlərində ac və susuz, ölümə tərk edilib.

BMT rəsmilərindən biri Myanmada baş verənlər barədə deyir: Baş verənlər düşünülmüş formada törədilən və Ruhinqa müsəlmanlarını hədəfə alan etnik bir soyqırımıdır.

Myanma müsəlmanları acı bir keçmişə malikdirlər. Bir neçə on illikdir ki, Ruhinqa müsəlmanları soyqırımına məruz qalır və sayları 4 milyondan 1 milyona qədər azalıb. 2012-ci ildə müsəlmanlara qarşı zorakılıqların artması 120 min nəfərin didərgin düşməsinə səbəb oldu. 2015-ci ildə də minlərlə nəfər dəniz yolu ilə Myanmadan qaçmağa çalışdı. İndi isə bu zorakılıqlar kulminasiya nöqtəsinə çatıb. Bütün bu cinayətlər Rusiya, Malayziya, İndoneziya və Avstraliyada müsəlmanların qəzəbinə səbəb olub.

Şərh yaz


Məxfi kod
Yenilə