Bazar, 09 Yanvar 2022 12:10

Qazaxıstanda nə baş verir? Hadisələrdən daha çox Rusiyanın qazandığı bildirilir-TƏHLİL

 Qazaxıstanda nə baş verir? Hadisələrdən daha çox Rusiyanın qazandığı bildirilir-TƏHLİL

Qazaxıstanda xalq üsyanı yeni ilin ən mühüm hadisəsi olaraq bu günlər diqqətləri çəkdi, xüsusən də rus qoşunlarının bu Mərkəzi Asiya ölkəsinə göndərilməsi Rusiya ilə Qərb arasında ziddiyyət doğuran yeni məsələyə çevrildi.

artıq bir neçə gündür ki, uzun illər ərzində sabitlik və təhlükəsizlik şəraitində inkişafını müşahidə etdiyimiz Qazaxıstanda sakitlik pozulub. Yeni ilin ilk günlərində maye qaz yanacağının qiymətinin artması haqqında elan bir neçə bölgədə vətəndaşların etiraz nümayişlərinə səbəb oldu. Dövlət başçısı Tokayevin enerji şirkətləri tərəfindən daha öncə elan olunmuş qiymət artımına dərhal “veto” qoymasına və hökuməti istefaya göndərməsinə baxmayaraq nümayişlər dayanmaq əvəzinə daha da gücləndi. Qısa bir müddətdə yanacağın qiyməti ilə başlanan dinc nümayiş Qazaxıstan dövlətini və dövlətçiliyini təhdid edən terror hücumuna çevrildi. Prezident Tokayev xarici təsir amillərini əsas gətirərək KTMT-dən sülhməramlı qüvvələrin dəstəyini xahiş etdi və dərhal belə bir dəstək göstərildi.

Bu arada KTMT-nin Qazaxıstana hərbi dəstələr göndərməsinə Qərb tərəfindən sərt reaksiya verilib. ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir. Qazaxıstan liderlərinin hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil.

Xatırladaq ki, Qazaxıstan tez-tez avtoritar adlandırılan sabit Mərkəzi Asiya dövlətidir. 2019-cu ilə qədər bu ölkəyə şəxsiyyətə pərəstiş ünsürləri ilə seçilən prezident Nursultan Nazarbayev rəhbərlik edib, onun heykəlləri ölkə boyu ucaldılıb və paytaxtın adı onun şərəfinə dəyişdirilib.

İndi iğtişaçlardan sonra ölkədə geniş miqyaslı islahatın həyata keçirilməsi təvəqqe edilir. Hələlik buna bir sıra korrupsioner məmurların vəzifədən azad edilməsi və ya həbsə alınması ilə start verilib. Lakin bir şey məlumdur ki, Rusiya indiki rejimin hakimiyyətdə qalmasında israrlıdır və xalqın əksər tələblərinin yerinə yetirilməsi gözlənilmir. Üstəlik belə təsəvvür də yaranıb ki, Rusiyanın Qazaxıstana təsiri daha da güclənəcək. Bunu Azərbaycanda bəzi analitiklər arasında hətta Qazaxıstanın Rusiya tərəfindən işğalı kimi qiymətləndirənlər də var. Onlar Rusiya prezidentini SSRİ-ni bərpa etməyə cəhd göstərməkdə ittiham edərək, Qazaxıstan ssenarisinin digər respublikalarda da təkrarlana biləcəyini vurğulayırlar.

Şərh yaz


Məxfi kod
Yenilə