Bazar, 09 Yanvar 2022 10:49

ABŞ nəşri Tehran-Bakı əlaqələrindən yazıb

 ABŞ nəşri Tehran-Bakı əlaqələrindən yazıb

ABŞ-da çıxan The National Interest qəzeti İran-Azərbaycan əlaqələrində yeni dönəmin başlanması ilə əlaqədar geniş məqalə dərc edib.

siyasu şərhçi Məhəmməd Cavad Musəvizadənin qələmə aldığı məqalədə deyilir: İran və Azərbaycan prezidentlərinin noyabr görüşü bu iki dövlət arasındakı diplomatik münasibətlərdə dönüş nöqtəsidir. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın da Bakıya ötən il dekabrın sonlarında etdiyi səfər iki dövlət arasında ümumi məsələləri, planları nəzərdən keçirməyə imkan yaradıb. Əslində, bu səfər İranla Azərbaycanın dostluq münasibətlərinə, tərəfdaşlığa can atdıqlarının müjdəçisi idi. Əmir-Abdullahiyan o zaman vurğulamışdı ki, ikitərəfli münasibətlərin genişləndirilməsini həm Tehran arzulayır, həm də Bakı: “İranla Azərbaycan arasında əlaqələrdə yeni səhifə açılıb. Bunun hər iki dövlət üçün müsbət nəticələri olacaq”. O, Tehranın Azərbaycanın 2020-ci ildə Ermənistandan azad etdiyi ərazilərin bərpasına yardım etməyə hazır olduğunu da qeyd etmişdir.

Siyasi ekspertlər hesab edir ki, Azərbaycanla İranın yeni birgə layihələrin həyata keçirilməsi məqsədilə qəbul etdiyi “yol xəritəsi” iki dövlət arasında münasibətlərin bərpasına hesablanıb. Tərəflər arasında imzalanmış yeni saziş əslində, İranın hazırda Qafqazda həyata keçirdiyi fəal diplomatiyanın ilk müsbət nəticəsidir. Söhbət Azərbaycanla İranın türkmən qazının tranziti ilə bağlı əldə etdikləri razılaşmadan gedir. Bu sazişə əsasən, hər il bu marşrut üzrə 2 milyard kubmetr qaz mübadilə ediləcək.

Nəşr sonra yazır: Ümumiyyətlə, İranla Azərbaycan ümumi dini, dili və mədəniyyəti bölüşür. Odur ki, onlar münasibətlərin gələcək inkişafı üçün böyük potensiala malikdir. İranın energetika naziri Əli Əkbər Mehrabian bu yaxınlarda bildirib ki, ölkəsi Azərbaycanla birgə elektrik stansiyaları inşa etməyə hazırdır. Bunu Mehrabian azərbaycanlı həmkarı Pərviz Şahbazov ilə onlayn görüşdə deyib: “İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə Rusiyaya qoşulması üçtərəfli əlaqələrin gücləndirilməsi üçün vacibdir”.

İranla Azərbaycan arasında ümumi sərhədin uzunluğu 750 kilometrdir. Onlar arasında 4 gömrük-sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Üstəlik, tərəflər İranla Azərbaycan arasında avtomobil daşımalarının inkişafında, ikitərəfli ticarətdə maneələrin aradan qaldırılmasında maraqlıdırlar. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın qədim tarixə malik olması və ümumi xüsusiyyətlər gələcək əməkdaşlığı asanlaşdırır.

Beləliklə, tərəflər keçmiş fikir ayrılıqlarını unutmasalar da, münasibətlərdə yeni gərginliyin yaranmasında maraqlı deyil. Əksinə, bu gün İbrahim Rəisi qonşu dövlətlərlə münasibətlərin inkişafını xarici siyasətinin əsas istiqaməti elan edib. Odur ki, Azərbaycanla İran münasibətlərin daha da inkişafında maraqlıdırlar.

Şərh yaz


Məxfi kod
Yenilə