Cümə, 15 Oktyabr 2021 23:19

Avropa İttifaqı ilə Britaniya arasında Breksit uçurumu dərinləşir - ARAŞDIRMA

Avropa İttifaqı ilə Britaniya arasında Breksit uçurumu dərinləşir - ARAŞDIRMA

Avropa İttifaqı (AB) ilə üzvlükdən çıxan  Britaniya arasında Breksitlə əlaqədar Şimali İrlandiya, Cəbəllütariq və balıqçılıq kimi mühüm mövzularda mübahisələr davam etsə də, tərəflərin tezliklə razılığa gəlməsi gözlənilmir.

 Breksitlə Aİ üzvlüyü bitən  Britaniyanın birlik ölkələri ilə bir çox problemi həll edə bilməməsi tərəflər arasında gərginliyi artırıb.

  Britaniyanın Breksitə görə, Aİ ölkələri, xüsusilə İrlandiya, İspaniya və Fransa ilə müxtəlif mövzularda ciddi fikir ayrılıqları var.

 Şimali İrlandiya, Aİ ilə  Britaniya arasında ayrılma prosesinin başlamasından bəri mübahisələrə səbəb olan məsələlərin başında dayanır.

 İrlandiya adasında katolik separatçılarla Britaniya ilə birliyin tərəfdarı olan protestantlar arasındakı savaşa son qoyan “Xeyirli cümə razılaşması”na görə, İrlandiya ilə Şimali İrlandiya arasında fiziki quru sərhədi qurula bilməz.

 Breksit ayrılma sazişi çərçivəsində imzalanan Şimali İrlandiya protokolu, Birləşmiş Krallığın bir hissəsi olan Şimali İrlandiya ilə Aİ-yə üzvü olan İrlandiya Respublikası arasında ticarət əlaqələrini tənzimləyir.

 Protokola görə, Breksitə baxmayaraq, Şimali İrlandiya Aİ-nin gömrük qaydalarına tabe olmaqda davam edir. Aİ qaydalarına görə, bəzi məhsulların Vahid Bazara, dolayısı ilə Şimali İrlandiyaya  Britaniya kimi artıq Aİ üzvü olmayan bir ölkədən birbaşa göndərilməsi başa çatıb.

 Bu səbəbdən rəsmi olaraq Birləşmiş Krallığın suverenliyi altında olan Şimali İrlandiyanın Britaniya ilə ticarət əlaqələri limanlarında gömrükə tabedir.

 Limanlarda və dənizdə gömrük nəzarətinin həyata keçirilməsi qərarının icrası praktikada ciddi problemlər yaradır.

 Bu halda, Britaniya bir çox məhsulu birbaşa Şimali İrlandiyaya göndərə bilmir.

 Xüsusilə, Britaniyadan Şimali İrlandiyaya göndərilən kolbasa, sosiska və qıyma kimi məhsulların Şimali İrlandiyaya gedə bilməməsi Britaniya tərəfində  narahatlıq yaradır.

 Bu səbəbdən Britaniya Breksit müqaviləsini tam olaraq yerinə yetirmir və sözügedən məhsulları fasiləsiz göndərməyə davam edir. Britaniyanın Şimali İrlandiyaya gedən məhsulların gömrük yoxlamasını davamlı olaraq təxirə salması ilə sazişə əməl etməməsi Aİ tərəfini narahat edir.

 London Aİ-dən İrlandiya protokoluna dəyişiklik etməsini tələb edir. Bu kontekstdə Britaniya Şimali İrlandiyaya məhsul ixracına nəzarət edilməsini istəyir. Qarşılıqlı gömrük prosedurlarının sadələşdirilməsi də Britaniyanın istəklərindən biridir.

 Bundan əlavə, Birləşmiş Krallıq protokolun icrası zamanı mübahisələrin Avropa Ədalət Məhkəməsinə aparılması ilə bağlı maddənin dəyişdirilməsini tələb edir.

 London bildirir ki, Aİ protokolda dəyişiklik tələbinə cavab verməsə, fərqli tədbirlər görə bilər.

 İrlandiya protokolunun 16-cı maddəsi, ciddi iqtisadi, sosial və ekoloji problemlərin davam edəcəyi təqdirdə, Aİ və Britaniyaya birtərəfli qaydada lazımlı qoruyucu tədbirlər görməsinə icazə verir.

 Bir tərəfin bu maddəni qabartması Breksit müqaviləsini dayandırmaq sayılır.

 London və Brüssel Şimali İrlandiya səbəbiylə yaşanan problemləri aradan qaldırmaq üçün fərqli yanaşmalar təqdim edir.

 Əvvəlcə bu vəziyyətə müsbət baxmayan Aİ-nin yaxın gələcəkdə protokolu yeniləmək üçün masaya müxtəlif təkliflər qoyacağı gözlənilir.

 Britaniyanın dənizdən kənar ərazilərindən biri olan Cəbəllütariq Aralıq dənizinin Atlantik okeanına açılan qapısıdır.

 Aİ ilə Britaniya arasındakı Breksit müqaviləsindən çıxarılan, daha əvvəl Gömrük İttifaqı və Şengenə daxil olmayan Cəbəllütariqin mövqeyi, iki tərəf arasındakı münasibətləri gərginləşdirən başqa bir mövzu kimi görünür. İspaniya və Britaniya 2020-ci ilin sonunda Cəbəllütariqlə bağlı razılığa gəliblər.

 Buna görə, Cəbəllütariq Şengen bölgəsinə daxil ediləcək və sərhədə nəzarət 4 il müddətinə Aİ-nin qurumu Fronteks tərəfindən həyata keçiriləcək, lakin bu müqavilə Aİ ilə Birləşmiş Krallıq arasında rəsmi “beynəlxalq müqaviləyə” çevrilməlidir.

 Bu kontekstdə Aİ-yə üzv ölkələr keçən həftə Aİ Komissiyasına Londonla Cəbəllütariqlə bağlı razılaşma üçün danışıqların başlamasına icazə verib. Belə ki, Brüssel Cəbəllütariqin vəziyyətini aydınlaşdırmaq üçün Londonla danışıqlara başlayacaq.

 Bu nöqtədə Aİ-nin üzvü olan İspaniya, Aİ-nin sərhəd mühafizəsi agentliyi Fronteksin Cəbəllütariqdə fəaliyyət göstərməsini istəyir.

 Aİ tərəfi Cəbəllütariqdən miqrasiya, idarəetmə, viza, məskunlaşma, polis və məlumat paylaşımı kimi mövzularda qoyduğu qaydalara riayət etməyi tələb edir.

  Britaniya isə Cəbəllütariqdəki suverenliyinin mübahisə edilməyəcəyini bildirir. London bildirir ki, İspaniya Cəbəllütariqin iqtisadi və siyasi işlərində fəal rol oynamamalıdır.

 Cəbəllütariq çox vaxt Britaniya və İspaniyanı üz-üzə qoyur. Britaniya yarımadanın öz siyasi statusunu təyin etmək hüququna malik olduğunu iddia edir.

 Aİ və Britaniya arasında Breksit danışıqlarında balıqçılıq və kvotalar ən çətin mövzulardan biridir. Müqaviləyə əsasən, ərazi sularında balıq ehtiyatları birgə idarə olunacaq. Britaniya balıqçılıq fəaliyyətini inkişaf etdirə bilər və avropalı balıqçıların fəaliyyəti də davam edəcək.

 Tərəflər arasındakı ticarət və əməkdaşlıq müqaviləsində, Britaniyanın ərazi sularında Aİ kvotasının 2026-cı ilə qədər 25 % azaldılacağı və hər balıq növü üçün illik kvotaların ayrıca təyin ediləcəyi nəzərdə tutulmuşdu.

 Aİ ilə Britaniya arasında 2021-ci ildə balıq ovu kvotalarının təyin edilməsi ilə bağlı razılıq əldə edilsə də, Fransa balıqçıları təyin olunmuş ərazilərdə fəaliyyət göstərə bilməyiblər.

 Britaniyanın Cersi adasının rəhbərliyi, sularında balıq tutmağa davam etmək istəyən Fransanın balıqçı gəmilərindən keçmişdəki fəaliyyətlərinə dair sübut təqdim etmələrini istəmişdi. Bu vəziyyət Britaniya ilə Fransa arasında gərginliyə səbəb olmuşdu.

 Fransa Cersinin elektrik enerjisini kəsəcəyi ilə hədələmiş və fransız balıqçılar adanın limanını bağlamışdılar.

 Britaniya hökuməti bir tədbir kimi Cersi adasına iki donanma gəmisi göndərdi və Fransa cavab olaraq bölgəyə iki donanma gəmisi göndərmək qərarına gəldi.

 Fransalı balıqçıların blokadası bitdikdən sonra donanma gəmiləri qarşılıqlı olaraq geri çağırıldı. Fransa Aİ-dən Britaniya ilə balıqçılıq mövzusunda daha sərt davranmasını tələb edir.

 

Belə ki, Britaniyanın Aİ-dən ayrılması Şimali İrlandiya, Cəbəllütariq və balıqçılıq kimi müxtəlif sahələrdə problemlərə səbəb olub. Bu problemlərin tezliklə həll olunacağı gözlənilmir.

 

Şərh yaz


Məxfi kod
Yenilə