Şənbə, 25 Sentyabr 2021 13:20

Bayramov həmsədrlərin dəvəti əsasəında erməni həmkarı ilə görüşdü

Bayramov həmsədrlərin dəvəti əsasəında erməni həmkarı ilə görüşdü

Azərbaycan XİN başçısı Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşüb

SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Azərbaycan Xarici İşlər Nazirliyi bnunla bağlı bildirir ki, görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşlərin yekunlarına dair bəyanat yayıblar. Sənəddə qeyd edilir: “Həmsədrlər 2020-ci ilin noyabrından etibarən iki xarici işlər nazirinin bu ilk görüşünü hər iki ölkənin regionda təhlükəsizliyə, sabitliyə və inkişafa yardıma yönəlmiş birbaşa dialoq yolu ilə sülh prosesini bərpa etmək qətiyyətinin əlaməti kimi alqışlayır”.

Həmsədrlər həmçinin Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn qalan məsələlərin hərtərəfli həllinin axtarışı üçün öz mandatları çərçivəsində tərəflərlə işi davam etdirməyə sadiq olduqlarını təsdiq ediblər.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Minsk Qrupunun vasitəçiliyə dair çağırışları Azərbaycan tərəfində hiddət doğursa da, erməni tərəfi problemin həlli üçün bunu yeganə variant hesab edir. Ona görə də Ermənistan Azərbaycanla sülh danışıqları prosesində ATƏT Minsk qrupunun vasitəçiliyində israrlıdır.

Müşahidəçilərin fikrincə, ATƏT-in Minsk qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi Madrid prinsipləridir: bu layihədə ərazi bütövlüyü ilə yanaşı xalqların öz müqəddəratını həll etmək müddəası da öz əksini tapıb.

Azərbaycan isə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb.

Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib və Qarabağın statusu məsələsi mövcud deyil.

Bu kontekstdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk Qrupunun vasitəçiliyi ilə görüşünü Bakının yumşalması kimi yozanlar var. 

Şərh yaz


Məxfi kod
Yenilə