Çərşənbə, 28 Avqust 2013 17:26

"Biz və iradlarımız" (köşə yazısı)

"Biz və iradlarımız" (köşə yazısı)

Son vaxtlar ictimaiyyətimizin gərgin zehinlə yaşaması hamımıza məlumdur. Biz bu xalqın övladıyıqsa vətənimizdə baş verən hadisələrə biganə qalmamalıyıq. Bunu bizdən heç kəs tələb etməsə də, vicdanımızın dərinliklərindən daim bu hiss bizi narahat etməkdədir. Bundan əlavə, dinimizi mütaliə edərkən, onun səhifələrindən Cümə namazlarına, birlikdə olunan dualara, camaat namazlarına və ümumiyyətlə, müsəlmanların vəhdətinə nə qədər önəm verildiyini mütaliə edirik. İmam Sadiq (ə) buyurur: “İctimaiyyətində baş verən hadisələrə biganə qalan və laqeyd yanaşan şəxs, həqiqətdə dirilər arasında nəfəs çəkən ölüdür”. Odur ki, biz daim xalqımızın xeyir və şər işlərində onun yanında olmalıyıq. Çünki xalqın başına gələn müsibət və bəla hamımızın müsibət və bəlasıdır.

Son iki ayda gündəmi özünə cəlb edən, ilin rejissoru Elşad Abdullayevin də hətta filmlərinin reytinqini aşağı salan məsələ “müxalifət koalisiyası” olan Milli Şura məsələsidir. Mən bu yazımda Milli Şuranı müdafiə etməyəcəyəm. Kimsə bunu indidən belə başa düşməsin. Amma yazı diqqətlə oxunsa, sözümün “mustafasını” başa düşər.

Bildiyimiz kimi, Milli Şura bu vaxta kimi müxalifət cəbhəsində baş ağartmış (amma təəssüflər ki, bu vaxta kimi nəticə almamış) partiya rəhbərləri və üzvlərindən, həmçinin ziyalı, publisist, ictimai və siyasi nüfuza malik olan insanlardan ibarətdir. Cəmiyyətimizə kənardan baxan hər bir məntiqli insan, ilk olaraq bu suallarla öz təəccübünü gizlədə bilməz: “müxtəlif siyasi baxışlı insanların bir yerə cəm olmasında görəsən mühüm amil nədir? Hansı vacib məsələ bunların bir-birlərinə olan kin-küdurətini söndürüb vahid məqsədə sarı yönləndirib? Hətta, bu insanlar bu vaxta kimi rəhbərlik iddiasında olduqları halda belə indi qeyrilərini də özlərinə rəhbər seçə bilirlər. Təki qarşılarındakı məqsədə çatsınlar. Yəni rəhbərlik kürsüsünə layiq bilmədikləri şəxsə “get” desinlər.

Bu Milli Şuradır. Yəni zahirdə də olsa xalqına canı yanan və xalqını oyanışa dəvət edən bir şuradır. Amma qayıdaq Milli Şuranı tənqid edən dindarlara. Bu tənqidlərə rəğmən bir sual məni daim düşündürməkdədir. Görəsən, vahid İlahi məqsədə çatmaq üçün biz dindarlar və öndə gedənlərimiz nə vaxtsa Milli Şura kimi birləşəcəyik?

Biz ilahiyyatçıyıq. Milli Şurada olanlar məsələyə sırf dünyəvi yanaşırlar. Bizim Milli Şuradan fərqimiz budur ki, biz tövhidçiyik. Bizim tövhidçi olmağımız bütün məsələlərə dini və dünyəvi yanaşmağımıza əsas verir. Bu ayəni bilməyən dindar və ilahiyyatçı yoxdur: “Allahın ipindən sarılın və ayrılmayın.” (Ali İmran, 103)

Qardaşlar, heç düşünmüşükmü bu haqda? Bəs bizim də birləşməyimizin, İlahi ipə sarılaraq addımlamağımızın vaxtı çatmayıbmı? Nə vaxta kimi biz Hacı Taleçilərə, Şahinçilərə, İlqarçılara, Abgülçülərə və sair- çilərə bölünəcəyik? Bəzən günahı düşmənin hiylələrində görürük. Amma bu hiylələrə qapı açan da biz özümüzük. Bu gün zalımın anti-islam planlarına qucaq açan bizim aramızda fikir ayrılığından başlayan və sonu ciddi ixtilafla qurtaran vəhdətsizliyimizdir. Gəlin, Milli Şuraya olan iradlardan özümüz üçün də nəticə çıxaraq. Onlar səhfdirsə, biz düz olaq. Çünki onlar AXCP, KXCP, AMP və sair olmaqla yanaşı, həm də Milli Şuradırlar. Amma biz İlqarçı, Taleçı, Şahinçi və sair olaraq qalmaqdayıq. Allah bizə yar olsun. Amma hərdən oturub fikirləşirəm ki, görəsən, biz ictimaiyyətin harasındayıq?

İlahiyyatçı Emil Rahiloğlu
Azadxeber.net

Şərh yaz


Məxfi kod
Yenilə