Cümə axşamı, 22 Avqust 2013 19:36

Bugün Hacı Mail Əliyevin vəfatından 14 il keçir

Bugün Hacı Mail Əliyevin vəfatından 14 il keçir

Bu gün görkəmli qəzəlxan-şair və füzulişünas Hacı Mail Əliyevin vəfatından 14 il ötür.

Hacı Mail 1935-ci il oktyabrın 25-də qədim Nardaran kəndində anadan olmuşdu. Bu kənd isə, bildiyiniz kimi, nəinki Abşeronda, bütün Azərbaycan diyarında İslam dininə, klassik Şərq poeziyasına və muğama vurğunluğu ilə fərqlənir. Bu gün də Nardaranda hansı qapını açsan, müqəddəs "Qurani-kərim" ilə yanaşı, dahi Nizaminin, Füzulinin, Xətainin, Racinin, Qumrinin kitablarını görərsən. Nardaran ədəbi mühiti on doqquzuncu əsrin ortalarından başlayaraq daha geniş vüsət almağa başlamışdır. Bu dövrdə bir sıra görkəmli qələm ustaları yaşayıb-yaratmışlar. Misal üçün, Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlunu göstərə bilərəm.
 Ədəbi mühitin sonrakı davamçıları arasında da çoxlu istedadlı şair olub - Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və başqaları.

 Hacı Mail məhz bu qələm ustaları arasında yetişib püxtələşərək sözün əsl mənasında kamil sənətkara çevrilmişdi. Hacının Nardaran ədəbi mühitində göstərdiyi ən böyük xidmətlərdən biri budur ki, o, özündən sonra gələn nəsillər arasında bir növ körpü yarada bilmişdi.

 Hacı Mailin daha bir xidməti vardır: əgər bayaq adlarını çəkdiyim şairlər qədim Nardaran kəndinin şöhrətini yalnız Azərbaycan çərçivəsində daha da yüksəklərə qaldıra bilmişdilərsə, Hacı Mail onu bütün Şərq dünyasına tanıtdıra bilmişdi! Qəzəlxan-şair və füzulişünas alim kimi. Buna görə də mən onu Nardaranın sönməz ulduzu adlandırmaq istəyirəm.

 Füzuli aşiqi

 Hacı Mailin ölməz şairə olan sonsuz məhəbbəti uşaq yaşlarından başlamışdı ki, bunda da atası İsmayıl kişinin böyük rolu vardır. Baxmayaraq ki, rəhmətlik xüsusi savad almamışdı, amma klassik ədəbiyyatı mükəmməl bilirdi, həm də bərk Füzuli vurğunu idi. Bəzən Həmid Araslı və Əli Fəhmi kimi adlı-sanlı tədqiqatçılarla da bəhsə girərdi.

 Mən kitab və film üzərində işləyərkən Nardarana, Hacı Mailgilə tez-tez gedərdim. Bir gün kitab rəfinin üzərində Füzuli divanının əlyazmasını görəndə çox təəccübləndim. Kitabın 450 ildən çox yaşı var idi. Buna baxmayaraq, çox əla şəkildə qalmışdı. Bu, onu göstərir ki, bu evdə Füzuli sözünə, Füzuli yaradıcılığına nəsildən-nəsilə sonsuz məhəbbətlə, hörmətlə yanaşmışlar. Təbiidir ki, belə bir şəraitdə istedadlı füzulişünas-alimlərin yetişməsi tamamilə labüddür.

 Daha bir fakt. Hacının evində bir fotoşəkil var idi. 1954-cü ildə çəkilmişdi. Üzərində Maştağa qəsəbəsindəki 128 saylı orta məktəbin onuncu sinif şagirdləri əks olunmuşdu. Hamı "əliboşdur", təkcə Hacı Mailin əlində Füzulinin "seçilmiş əsərləri" var. Bu fakt da özü-özlüyündə çox şeydən xəbər verir.

 Hacı Mail düz 18 il Əlyazmalar İnstitutunda çalışıb. Onun Füzulini tədqiq etmək sahəsində əməyi misilsizdir. Hacı ədibin Bakıda, Londonda, Sankt-Peterburqda, və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmış, nəticədə "Füzuli divanının elmi-tənqidi mətni" kitabı kimi sanballı bir əsər meydana çıxarmışdır. Hansına görə ki, "filologiya elmləri namizədi" elmi dərəcəsinə layiq görülmüşdü. Özü də müdafiəsiz-filansız! Bu isə elm sahəsində çox nadir hadisədir. Görkəmli akademikimiz Vasim Məmmədəliyev Hacı Mailin füzulişünaslığını belə qiymətləndirmişdi: "Cəsarətlə deyə bilərəm ki, ürəfa məclislərində Füzulini Əli Fəhmidən sonra Hacı Mail qədər gözəl aça bilən ikinci şəxsə rast gəlməmişəm"./nardaranpiri.com /

Şərh yaz


Məxfi kod
Yenilə