Bazar ertəsi, 19 Avqust 2013 14:41

Yapokratiya və tapdanan əxlaqi dəyərlərimiz (Köşə yazısı)

Yapokratiya və tapdanan əxlaqi dəyərlərimiz (Köşə yazısı)

Dünən yerli saytlardan birində “Bakının girişində tüğyan edən qadın alveri” başlıqlı bir yazıya rast gəldim

Sözügedən məqalədə deyilir ki, "qədim peşə sahibləri" axşamlar 20 Yanvar metrosu yaxınlığındakı Şəhidlər Abidəsinin önündə yığışırlar və bu, həm "20 Yanvar", həm də şəhidlərimiz adına təhqir və ləkədir. Əlbəttə ki, elədir. Buna söz ola bilməz! 

Ancaq, necə olmalı idi ki?! Əgər bu ölkədə həmin "ümummillilər"in adını belə yazmağa adamın əli gəlməyən ən parlaq nümayəndəsinə "şərəf" ordeni verilirsə, müdriklərdən birinin dediyi kimi, universitet olmalı olan telekanallar(ımız) bütünlüklə onların ixtiyarına verilirsə, başqa necə ola bilər ki?! Bəs harda toplaşmalıdırlar ki? Bir vaxtlar həmin "qədim peşə sahibləri" ADNA-nın (universitet!) qarşısına yığışırdılar, indi isə bir qismi öz "əmək fəaliyyətini" Şəhidlər Abidəsinin önündə davam etdirir.

Bu arada həmin mütəfəkkirin "Universitet cəmiyyətin düşünən və düşündürən beynidir" kəlamını xatırlamağın xüsusi yeri var. Əgər “ümummilli” irtica rejimi cəmiyyət həyatının hər bir sahəsinə nüfuz etdirdiyi korrupsiya, rüşvətxorluq və yaratdığı məqsədyönlü fəsad (əxlaqsızlıq) mühiti ilə Azərbaycanda elmi, elm mühitini, təlim-tərbiyəni məhv edirsə, hicablı qızlarımızı "Hicab təhsildə inkişafa mane olur", “cəmiyyətdə sosial bərabərliyi təmin etmək” və s. bəhanələrlə məktəblərə, bəzən universitetlərə buraxmırsa, bəs necə olmalıdır ki?! Həmin cəmiyyətin necə düşünəcəyi və düşündürəcəyini göz önünə gətirmək elə də çətin deyil. Sözsüz ki, həmin təhsil müəssisələrinin içi kimi, qarşısı da bazar olacaq. Ordan qovulacaqlarsa, gedib Şəhidlər abidəsinin önündə lövbər salacaqlar.

Bu yazının məqsədi, heç də hansısa ünsürlərə (haşa!) bəraət qazandırmaq deyil, əsla! Sadəcə diqqət çəkmək istədiyim məsələ budur ki, bu gün tənqid etdiyimiz, iyrəndiyimiz bu mühiti yaradan, formalaşdıran ən böyük amil (əslində ünsür), indiki məqamda Azərbaycanımızdakı əxlaqsız və fasiq rejimdir. Yaddan çıxarmamalıyıq ki, "balıq başdan iyiyər!"

Nə qədər ki, cəmiyyətimizin düşünən və düşündürən beyinləri (olmalı) olan universitetlərimiz, ayrı-ayrılıqda hər biri bir universitet (olmalı) olan telekanallırımız və bütövlükdə dövlətçiliyimiz mənən (cinsindən asılı olmayaraq) fahişə xislətlilərin əlində, ixtiyarında olacaq, Azərbaycanda hansısa islahatdan, tərəqqidən, elmi və mənəvi yüksəlişdən, əxlaqi dəyərlərdən danışmağa dəyməz!

P.S. Məsələ burasındadır ki, Allah təala da müqəddəs kitabında buyurur ki:
"Allah öz tövrünü dəyişmək istəməyən qövmün tövrünü dəyişməz".
Mirqasim Əliyev


http://www.islamazeri.az/yapokratiya_və_tapdanan_əxlaqi_dəyərlərimiz_köşə_yazısı-41196-haber.html

Şərh yaz


Məxfi kod
Yenilə