Cümə, 09 Avqust 2013 18:43

Bayramlığımız nə olacaq?

Bayramlığımız nə olacaq?

Hər kəs böyüklərinin yanına gedib əl öpərək “bayramlıq” istəyir. Əlbəttə bu sırf maddi görünsə də, mənəvi təsiri də var. Bu haqda danışmaq istəmirəm.

Danışmaq istədiyim budur ki, bizlər Mübarək Ramazan ayının orucunu başa vurduq. Necə vurduq? Bunu bir Allah bilir, bir də özümüz.  Alimlərimizdən dəfələrlə eşitmişik ki, Allah Təala Fitr bayramında oruc tutanlara bayramlıq verər. Hər kəsə öz dəyərinə görə mənəvi hədiyyə verilər. Əlbəttə ki, mən özümü deyirəm, bayramlıq almağa layiq deyiləm. Ancaq Allah Təala hədiyyələrini Öz Fəzlilə verir. Bunu da bilirik. Odur ki, bayramlıq məsələsi çox realdır.

Şəxsi istəklərimiz var, bu təbiidir. Ancaq cəmiyyət üçün də, Allah Təaladan bayramlıq istəyək. Çünki, bu bayramlıqla xalqımız, dünya müsəlmanları şad günə çıxa bilər.

Bu bayramda ilk öncə İmam Zamanın (ə.f) zuhurunu Allahdan istəməliyik. Çünki, dünya ədalət intizarındadır. Allah O Həzrətin gəlişi ilə dünyada ədaləti bərqərar etsin.

Daha sonra cəmiyyətdə olan fitnə və fəsadın, müharibə və düşmənçiliklərin aradan qaldırılması üçün Allaha dua edək. Orta məktəblərdə hicab qadağası, xalqın iqtisadi və mənəvi problemlərinin həlli üçün Allahdan yardım istəyək. Əlbəttə ki, bu işlər hərəkətlə olmalıdır ki, Rəbbimiz bizim işlərə bərəkət versin.
Odur ki, necə də gözəl buyurulur: “Allaha gözəl borc verən kimdir ki, Allah da onu bir neçə qat artırsın?”.
Bəli, bizlərin həyata keçirdiyimiz  gözəl əməllər  bizim özümüzə bir neçə dəfə artıq qaytarılır. Odur ki, gözəl əməllər etməyi Allahdan arzu edək. Dua edək ki,  o əməllərin  həm özümüzə, həm ailəmizə, həm xalqımıza, həm də ki, bütün müsəlmanlara xeyri dəysin. Allahdan din uğrunda həbs olunanların azadlığını və onların arzularının həyata keçməsini bayramlıq istəyək. Ümidvaram ki, zindanda ola-ola bizim onları dua etməyimizdən daha çox, onlar bizi dua edirlər. Odur ki, bu Fitr bayramında onları unutmayın. Onlar üçün “yazıqlar ailələrinin yanında olaydılar” deməyin. Çünki, yazıq o kəsdir ki, dini vəzifəsini yerinə yetirməkdə süstlük edir, nə isə onu saxlayır. Ancaq onlar vəzifələrinə doğru-düzgün əməl ediblər. Odur ki, onlar üçün onların arzularının, istəklərinin həyata keçməsi üçün dua edək. Onların Azərbaycan, Din və xalqımız üçün etdiklərini unutmayaq.

Bu gün onların istəklərinin həyata keçməsinə və ya hədəfə aldıqları hicab qadağasının həll olmasına naümid olmayaq. Bəzən birilərimiz naümidcəsinə deyirki, nə olacaq, bu şeylər düzəlməyəcək və s.

 Allah Hər şeyə qadirdir – bunu unutmayaq.

Bu yerdə bir hekayəni diqqətinizə çatdıraraq yazımı tamamlamaq istəyirəm.

... Keçmiş zamanlarda bir zalım şah dəmirçinin xanımına gözü düşür. Odur ki,  bir başa istəyinin həyata keçməsindən ehtiyyatlanır. Dəmirçinin işi ilə maraqlanır. Ona deyirlər ki, bu dəmirçi gün ərzində 4 böyük mismar düzəldə bilir. Əlavə mismarı da heç vaxt özündə olmur. Şah bu məlumatı eşidən kimi üzü gülür və hiyləsini işə salır. Gedib dəmirçiyə deyirlər ki, sabaha şaha 40 böyük mismar lazımdır. Xülasə, mismarlar hazır  olmasa sənin üçün pis olacaq: ya boynun vurulacaq, ya da asılacaqsan. Dəmirçi mərd və dindar kişi idi. Evə bu xəbəri bildirmir. Axşam ailəsini başına yığıb dərdləşir, deyib-gülüb yemək yeyirlər. Gecəni ibadətlə başa vuran dəmirçi Allahdan yardım istəyir. Səhər qapı döyülür. Qapını açan dəmirçi “şükr məsləhətinə ya Allah” deyir. Qapıda şahın adamlarından biri ona deyir: “Tez ol 4 mismar düzəlt. Gecə şah ölüb. Onun tabutu üçün 4 mismar lazımdır”. Dəmirçi kişi bu xəbəri eşidən kimi təəccüblənir. Sonra  isə “Bir gecədə 40 mismarı, 4 mismara çevirən Allaha Həmd olsun” deyərək şahın adamlarının sifarişini qəbul edir...

Odur ki, bu hekayəni nahaq yerə yazmadım. Allahın Qüdrətilə hər bir şey ola bilər. Allah özü bizlərə yardım etsin! Bayramınız mübarək!

Ramin Bayramov
İslamazeri.az-ın baş redaktoru

Şərh yaz


Məxfi kod
Yenilə