Şənbə, 27 iyul 2013 21:48

Qədr gecəsi və qədri bilinməlilər (Köşə yazısı)

Qədr gecəsi və qədri bilinməlilər (Köşə yazısı)

Zəmanəsinin 72 fədaisinə, zamanın 72 Quran müdafiəçisinə Allahın salamı olsun....

Mübarək Qədr gecəsi...

Nədir qədr gecəsi? Qədr gecəsi elə bir gecədir ki, Quranda haqqında danışılan yeganə gecədir. Qədr gecəsi elə bir gecədir ki, Allah onu “mübarək gecə” adlandırır. Qədr gecəsi elə bir gecədir ki, min aydan üstündür. Bir gecəyə bu qədər fəzilət nədir? Bu sualın cavabı elə müqəddəs Qurani-Kərimin özündə verilib. “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi ayə 1)

Bəli, bu gecəyə şərafət verən bəşərin nicat kitabı Qurani-Kərimin həmin gecədə nazil olmasıdır. O, kitab ki, bəşəriyyətin xilası ondadır. O kitab ki, dünya və axirət xeyrini əldə etmək ona tabe olmaqdan keçir. Nəhayət Həzrəti Məhəmmədin (ə) bizlərə əmanət etdiyi iki ağır və qiymətli əmanətdən biridir Quran.
Bunlar hamısı Qurani-Kərimin necə dəyərli və ona əməl etməyin necə əhəmiyyətli və vacib olduğunu göstərir. Qədr gəcələrinin əməlləri sırasında Qurani-Kərimin başımız üzərinə qoyub, Allahı Hz Məhəmməd(ə) və onun pak Əhli-Beytinin ismətinə and veririk. Allahdan günahlarımızın bağışlanmasını və dünya-axirət xeyrini verməsini istəyirik. Bunun mənası Allahın insanlar üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlaması deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.”

Bu əməl haqda düşünərkən həbs edilmiş dəyərli ruhanilərimiz və qardaşlarımız yadıma düşür. O qardaşlar ki, qanunsuz olaraq, sifarişli, şərlənərək həbsə məhkum ediliblər. O qardaşlar ki, əslində Mübarək Quranımızın “hicab” ayəsinin müdafiəsi üçün öz azadlıqlarından hətta canlarından belə keçiblər. Məgər Qurani-Kərimi başımız üstə qoyub onu qoruyacağımıza dair əhdimizin bundan aşkar, bundan fədakar göstəricisi ola bilər? Həqiqətəndə həmin qardaşlarımız Quranı-Kərimi necə qoruduqlarını öz əməlləri ilə sübut ediblər və edirlər. 

Hal-hazırda həbsdə saxlanılan qardaşlarımızın sayı 72 nəfərdi. Sübhanallah! Bu xəbəri oxuyanda həm qürur həm kədər hislərini yaşamışdım. Burda insanın qəlbini riqqətə gətirən məqam Kərbəladakı 72 fədaini yada salmasıdır. Allahın dinini, kitabını qorumaq üçün İmam Huseynin (ə) ətrafında cəmləşmiş sadiq və ixlaslı möminləri yada salmasıdır. Həmin 72 nəfər həqiqətən “qədri bilinməli” dəyərli ruhanilərdir və qardaşlardır. Zəmanəsinin 72 fədaisinə, zamanın 72 Quran müdafiəçisinə Allahın salamı olsun....

Əzizlər bu gecə mübarək Qədr gecələrindəndir. Duaların qəbul olunduğu mübarək gecələrdə onları unutmayaq. Özümüzdən çox onlar üçün dua edək. Azadlıqları üçün dua edək. Ailələrinin səbrli olmaları üçün dua edək. Ruzi baxımından çətinliklərinin olmaması üçün dua edək. Bu bizim borcumuzdur. Bu bizim vəzifəmizdir.

Allah həmin “qədri bilinməlilər”in qapısını müdafiə etdikləri Qurani-Kərimə xatir, Quranın nazil olduğu Qədr gecəsinə xatir tezliklə açsın. Amin ya Rəbbəl Aləmin.


Seymur İsmayıl

Şərh yaz


Məxfi kod
Yenilə