Cümə axşamı, 13 June 2013 15:28

İqtidarın “ruhani diplomatiyası” (köşə yazısı)

İqtidarın “ruhani diplomatiyası” (köşə yazısı)

“Onlar Allahın nurunu ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaq. (Tövbə 32)

Deyirlər tarix təkrarlanır. Bunu iqtidarın din sahəsində yürütdüyü "Həqiqi İslam əvəzinə rəsmi İslam" siyasəti bir daha sübut edir. Əslində bu siyasət işğalçı (fərq etməz xarici olsun ya da daxili!) və tağut rejimlərin varlığına və legitimliyinə qarşı daim ciddi və potensial təhlükə mənbəyi olan həqiqi İslamı zərərsizləşdirmək yönündə çarlıq dönəmindən (Sovetlərin əvvəllərindən II dünya müharbəsinə qədərki dövrü çıxmaq şərtilə) bu günədək yürüdülən din siyasətidir bu!

Sovet rejimi, çar Rusiyası tərəfindən yaradılmış Şeyxül-islamlıq institutunu (rəsmi İslam) bağlamaqla nə qədər böyük səhv etdiyini yalnız II dünya müharibəsi zamanı başa düşdü. Daha doğrusu, sayları 30 milyon civarında olan sovet müsəlmanlarının "könlünü almaq", öz tərəfinə çəkmək, onların dini hisslərindən istifadə etmək və ən əsası isə, 2 onillik ərzində yürütdüyü sərt və misli görünməmiş dinsizləşdirmə siyasətinin heç də istədikləri nəticəni vermədiyini görərək bir növ "təğyiri libas" edərək “İslam və müsəlmanların işlərinin nizamlanması" adı altında, əslində isə İslamı nəzarət altında saxlamaq məqsədilə öz sələfinin yolunu tutaraq 1943-44-cü illərdə sovet ittifaqındakı müsəlmanları özündə birləşdirən 4 Müsəlman Ruhani İdarəsini yaratdı. (Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsi də onlardan biri idi.) Və beləcə müstəqil İslamın layiqli nümayəndələrini - uzun illər mötəbər din hövzələrində ali təhsil almış və yüksək elmi dərəcələrə çatmış müsəlman alimlərini, ruhanilərini, həqiqi din xadimlərini, bir sözlə "qaymaq"ları müxtəlif üsullarla aradan apardıqdan sonra, nəhayət ki, rejimə bağlı, ona qarşı loyal münasibətdə olan sadiq "ruhani" təbəqəsi yaratmaq qərarına gəlir.
Bu arada, bolşeviklər hakimiyyəti ələ aldıqları ilk vaxtlarda yalnız rejimə müxalif olan ruhanilərə qarşı mübarizə aparırdılar. Hətta bu məqsədlə dövlətə sadiq olan ruhanilərlə ittifaqa girirdilər. Azərbaycanın bir çox bölgələrində ruhanilərin başçılığı ilə qiyamların davam etdiyi bir vaxtda, 1923-cü ildə “təhlükəli” din xadimlərini zərərsizləşdirmək məqsədilə bitərəf və dövlətə bağlı ruhanilərlə əməkdaşlığa gedərək “Qırmızı Mollalar Ordusu” adlı bir cəmiyyət yaratdılar. Sözü gedən cəmiyyət həmin ildəcə “Sovet dövləti İslama müxalif deyil” devizi ilə toplantı keçirdi. Nəticə isə özünü çox gecikdirmədi. Azərbaycanın “Qırmızı Ordu” tərəfindən işğalından 3 il sonra 5 ruhaninin müraciəti buna bariz misal ola bilər.   
“Türk milləti, bəlkə də bütün İslam dünyası öz azadlığına görə Sovet Federasiyasının mənəvi və hərbi yardımlarına borcludur. Əgər bu yardımlar olmasaydı, türklər aradan gedərdilər. Bu üzdən, dünyanın dörd bir yanında yaşayan müsəlmanlar sovet hökumətinə minnətdar olmalı və onu dəstəkləməlidir. Biz azərbaycanlılar heç bir milli və məzhəbi fərq qoymadan öz maddi və mənəvi köməkliyimizi sovet dövlətindən əsirgəməməliyik.” (Гаджибейли Дж., Антиисламитская пропаганда и ее методы в Азербайджане, Мюнхен: Институт по изучению СССР, исследования и материалы/серия, 1-й, выпуск 50, 1959, с. 14.) 
Bundan əlavə, rejim yaratdığı həmin dini qurumlardan və "rəsmi İslam" nümayəndələrindən xüsusilə müharibədən sonrakı dövrdə Sovetlər birliyində demokratik mühitin, dini azadlıqların "varlığını" dünyaya nümayiş etdirmək məqsədilə bir xarici siyasət aləti olaraq istifadə etməyə, onların "qiymətli xidmət"lərindən yararlanmağa başladı.
Bütün bu reallıqlar fonunda onları Sovet dövlətinin "ruhani diplomatları" da adlandırmaq olar. Bunu onların fəaliyyətləri çox bariz şəkildə təsdiq edir.
Nə qədər qəribə olsa da (əslində təbii qarşılanmalıdır!), kommunist rejiminin xələfi olan müsəlman YAP iqtidarı da din sahəsində, özünün iddia etdiyinə görə milli-mənəvi dəyərlərə bağlı olmasına rəğmən, öz hakimiyyətini möhkəmlətdikdən sonra öz xristian və ateist sələflərinin yolunu tutdu.
Bu yazının yazılma səbəbi də məhz iqtidarın “ruhani diplomat”larından biri, DQİDK sədrinin, özünün 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar aparıcı KİV nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlərdir.
Azərbaycanda hicaba heç bir qadağa olmadığını bildirən və orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsini dövlətin dünyəvi təhsilinin prinsipləri ilə əlaqələndirən komitə sədri sözlərini belə davam etdirir:
“Cəmiyyətdə sosial ədalətsizliyə yol verməmək üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını qoruyur. Hər bir uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var”.
Əvvəla hörmətli komitə sədrindən soruşmaq istəyirəm ki, ölkə əhalisinin az qala üçdə biri təmsil olunduğunuz hökumətin yarıtmaz iqtisadi siyasəti və milli sərvətlərin bir qrup oliqarx tərəfindən acgözlüklə yağmalanması səbəbindən ölkədə tüğyan edən sosial ədalətsizlik nəticəsində başqa ölkələrə üz tutması, ölkə vətəndaşlarının səfil durumu və bunun obyektiv səbəbləri deyil də, vahid məktəbli formasının olmamasımı diqqətinizi çəkdi?!
Sonrası da bunun dini etiqad azadlığını necə təmin etdiyini deyə bilərsinizmi? Əgər diqqət etsəniz, əslində vahid məktəbli forması dediyiniz etiqad azadlığının məhdudlaşdırılması deməkdir, nəinki onun təmin olunması. Bir də ki, hər bir uşağın istədiyi din və ona uyğun yaşam tərzini seçməsi üçün yaş həddini kim müəyyən edir? Uşağın öz məsləhətini bilməməsini bəhanə gətirməklə onu hansısa paltarı geyinməyə məcbur etmək, bəs onun azadlığına müdaxilə etmək və konstitusion hüquqlarının tapdanması deyilmi? O ki, qaldı dünyəvi Avropa ölkələrinə, onlar bu məsələni çox asan yolla: hicablı şagirdlər (dövlət qulluqçuları və s.) üçün vahid hicablı geyim forması tətbiq etməklə həll ediblər, daha özləri kimi açıq-saçıq geyməyə məcbur etməklə yox!
“Məsələni “hicab problemi” kimi qabardan şəxslər və qruplar sözügedən ailələrin, valideyn və uşaqların yaşadıqları problemin çözülməsi məqsədini güdmür və onun sivil yolla həllinə də yardım etmirlər: “Onların amacı dini siyasiləşdirmək, dövlətlə dindarlar arasında uçurum yaratmaqdır və özlərinin siyasi məqsədlərinə nail olmaqdır. Bizə daxil olan məlumatlar da bunu təsdiqləyir” deyə komitə sədri sözlərinə davam edir.
Məgər bu məsələni hansısa şəxs və ya qruplar yaradıbmı ki, indi də onu hicab problemi kimi qabartsınlar? Axı niyə qanuna zidd olaraq ölkə vətəndaşlarının konstitusion hüququnu tapdayan tərəf deyil də, öz haqlarının tapdanmasına etiraz edənlər hədəfə tuş gəlməlidir? Bu məsələnin həllinə gəlincə, bu ilk növbədə dövlət idarəçiliyində təmsil olunan qrupun, indiki məqamda həmin problemi süni şəkildə yaradan və qabardan hazırkı iqtidarın vəzifəsidir. Şəxs və ya qrup dediyiniz insanlar sadəcə öz haqq etiraz səslərini ucaldırlar və problemi yaradan tərəf öz inadından əl çəkərsə, məsələ də bitmiş olar!
Məsələyə sovet dönəmində baş vermiş bir olayla aydınlıq gətirmək istəyirəm. Belə nəql edirlər ki, sovet hakimiyyətinin əvvəllərində bolşeviklər Salyanda Molla Muxtar adlı bir din aliminə deyirlər ki, Quranı yandır, ancaq bu yolla canını qurtara bilərsən. Bu əməldən boyun qaçıran təqvalı və qorxmaz alimi bir quyu qazaraq ora atır və üzərinə nöyüt tökərək yandırırlar.
Indi sizin məntiqlə o nə etməli idi? Bolşevik sayağı, ona verilən qeyri-insani göstərişi məsələni siyasiləşdirməkdə ittiham olunmasın deyə yerinə yetirməli idi, yoxsa öz vəzifəsini dərk edən bir inanclı və alim kimi, Quranı, öz inancını müdafiə etməli idi?!
Və yaxud Yezid ibn Müaviyənin imam Hüseyni (ə) onun zalım və fasid hökumətinə qarşı çıxdığı üçün “xəvaric” olmaqda ittiham etməsi də düzgündür, deyilmi?
Insanların dini inancı və heysiyyəti ilə oynayıb sonra onları dinimizin(!) prinsiplərini pozmaqda ittiham etmək isə sadəcə absurddur!
Sonda bir şəhid alimimizin əhvalatını da nəzərinizə çatdırmağı lazım bildim. Deməli bolşeviklər ictihad dərəcəsi və əməliyyə risaləsi olan Şeyx Əbdül-Qəni Badkubeyini təhdid edirmişlər ki, minbərə qalxıb Leninin Peyğəmbərdən (s) daha ağıllı və üstün olduğunu deməlisən, yoxsa səni də öldürəcəyik. Mərhum Şeyx söhbətlərindən birində deyir:
“O ki, deyirlər Lenin ağıllı adamdır, düz deyirlər. Çünki ağıllı olmasaydı bu boyda dövlət qura bilməzdi. Ancaq nə qədər ağıllı olsa da, Peyğəmbərin (s) ayaqqabısının bağı qədər ağıllı ola bilməz”.
Düzdür bu sözünə görə o böyük və mübariz şəxsiyyəti 8 il zindanda saxladıqdan sonra güllələyirlər, ancaq hamı bilməlidir ki, əgər bu gün bu məmləkətdə din adında bir şey varsa, həmin Molla Muxtarların, Şeyx Əbdül-Qəni Badkubeyilərin və yüzlərlə şəhid mömin və alimlərimizin bu yolda tökülən müqəddəs qanları sayəsində var. Onları şəhadətə yetirənlərin harada olması isə heç kimə sirr deyil!
Sonda bir daha demək istəyirəm ki, bu gün hicab qadağasına etiraz edən şəxslər, öz qeyrətli sələfləri kimi bunu ilahi bir vəzifə bilib edirlər. Və sabah işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunması üçün müharibə başlayanda da, həmin şəxslər ön cəbhədə düşmənlə üz-üzə dayanacaqlar, eynilə yolunu getdikləri Hüseyn ibn Əli (ə) kimi!
Vəs-səlamu əla mən-it təbəəl hüda...

İlahiyyatçı Mir Qasim Əliyev/ Azadxeber.Net

Şərh yaz


Məxfi kod
Yenilə