Cümə axşamı, 04 Oktyabr 2012 23:20

İLAHİ TƏQDİR NƏDİR?‎

İLAHİ TƏQDİR NƏDİR?‎

İlahi qəza və qədər elə bir mövzudur ki, dərk edilməsi çətin və çox sayda mütaliəyə ehtiyacı vardır. Hər bir kəsin ölümü müqəddər olunmuşdur və ondan kənara çıxmaq olmaz. Əgər bir nəfərin əcəli çatarsa, o, ölüm şərbətini içmiş olacaqdır. İmam Əli (ə) buyurur: “Əgər əcəl İlahi alın yazısı olmasaydı, dindarların ruhu bədəndə qalmazdı. Savabın şövqündən və əzabın qorxusundan bədəni tərk edər və ondan qaçardı”.

 

Alın yazısı əhatəli bir məsələdir və heç bir şey ondan xaric deyildir. Hədislərdə oxuyuruq ki, yer üzündə heç bir şey yeddi qüdrətin əhatəsindən kənarda deyildir: qəza və qədər, iradə, məşiyyət, kitab, əcəl və izn. Hər kim bundan qeyrisini düşünərsə, Allahı yalançı hesab etmiş olar.

O insanlar ki, keçmiş zamanlarda sel nəticəsində canlarını vermişdilər, ölümləri alın yazısından əlavə bir şey deyildi. Alın yazısı ancaq ömrün miqdarını göstərmir. Burada həmin şəxsin əməlləri də qeyd olunur və bu əməllərdir ki, insanın ömrünün miqdarına birbaşa təsir qoyur. Yəni, ömrün uzunluğu ona tabedir. 

İnsanın iradəsi də taledir. Tale bu aləmin bir hissəsi deyildir. Tale bu aləmin təfsiridir. Necə dünyaya gələcəyimizi və necə bu dünyadan gedəcəyimizi müəyyən edir. Cəbr və ixtiyarın bizim əməlimizin təfsiri olduğu kimi. Nəhayətdə demək olar ki, tale bu aləmin nizamına hakim olan bir şeydir. 

Allah insanı xəlq edən zaman onun taleyini də müəyyən etmişdir. Bu dünya, dünya mövcudatlarından başqa bir şey deyildir. Tale də dünya mövcudatlarına əlavə olunan bir şeydir. Allah bizi yaratmışdır ki, olduğumuz kimi olaq. 

Əgər əcəl və alın yazısı olmasaydı dindarların və ibadət əhlinin ruhu o biri dünyaya aid olduqlarını dərk etdikləri üçün bu bədəndə uzun müddət qalmazdılar. Onlar başqa dünyanın şövq və həvəsinə görə onu tərk edərdilər. Mələkut aləminə uçardılar. “Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir)”. (“Qəmər” 49). 

İnsan iradə və ixtiyar sahibi olaraq, başqa canlılardan fərqlənmişdir. Belə ki, yaradılışın hədəfi odur ki, insan mənəvi kamal və qurbi-İlahiyə çatsın. Bu da ancaq ibadət və dindarlıqla olur. İnsan bu yolu iradə azadlığı ilə getməlidir. İnsan özü agah şəkildə bu yolu seçməlidir. Ona görə də bütün dinlərin əsasını iradə azadlığı təşkil edir. Peyğəmbərlərin əsil hədəfi insanın iradə azadlığı ilə nəfsini tərbiyə etməsi olmuşdur. Çünki əgər insanın ixtiyarı olmasa, ona əzab və savab verməyin də mənası qalmazdı. O, Allahın xüsusi rəhmətinə nail ola bilməz. 

Allah buyurur: “Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik. Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 2-3). 

Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Niyə Allah bütün xəlq olmuşları elə yaratmamışdır ki, Allahın mütihi olsunlar? Halbuki bu işə qadirdir?”. İmam (ə) buyurur: “Əgər Allah bütün insanları müti xəlq etsəydi, savaba layiq olmazdılar. Çünki bu halda etdikləri ibadət onların işi olmazdı. Bu zaman behişt və cəhənnəm də olmazdı. Ancaq Allah insanları xəlq edir və onları itaət etməyə əmr edir. Günahından qadağan edir, peyğəmbərlərin vasitəsilə hüccətini tamamlayır. Səma kitablarını göndərərək, onların üzr qapılarını bağlayır ki, onlar azad şəkildə itaət və günah etsinlər. Nəticədə itaətləri İlahi əmr vasitəsilə savaba layiq olur. İtaət etməyəndə isə əzaba düçar olur. Bəndə saleh əməl görür, belə ki, Allah onu əmr etmişdir. O şər iş görür, halbuki Allah onu qadağan etmişdir. Xeyir işi gördüyü kimi şər iş görməyə də qadirdir. Ancaq Allah ona bunu qadağan etmişdir”. 

Yaradılış aləmi səbəb və nəticə sisteminə tabedir. Bəzən bir hadisənin baş verməsi üçün saysız-hesabsız amillər lazım olur. Ancaq ümumilikdə bütün səbəb və nəticələr Allaha tabedir. Bir an belə Ondan ayrı deyildir. 

Beləliklə aydın olur ki, bizim Xaliqimiz tək Allahdır və Onun məxluqları ona tabedirlər. Davamlı olaraq, onun izni və feyzi ilə yaradılış aləminə təsir edirlər. Qəza və qədər dedikdə yəni, Allahın yer üzərində müəyyən qanunları nəzərdə tutulur. Bu dünya həmin qanunlar əsasında idarə edilir. Heç bir təbii hadisə səbəb olmadan baş vermir. İnsan iradə və ixtiyar sahibidir. Ancaq insan iradəsinin əməllərinə təsiri Allahın iradəsi ilədir. Beləliklə insan iradəsi Allah iradəsinə tabedir. Yəni biz ixtiyar sahibiyik, ancaq bu cür olmağımız da Allahın iradəsilə baş verir. Nə zaman istəsə bu ixtiyarı bizdən alar. 

İmam Sadiq (ə) bu məsələni belə izah etmişdir: “Bu, ona bənzəyir ki, bir nəfəri günah işlədən zaman müşahidə edirsən, ona bu əməli qadağan edirsən, ancaq o, etina etməz. Sən də onu öz halına buraxarsan. Bu zaman sən onu günaha əmr etməmisən deməkdir”. (Tebyan saytına istinadən)

Hazırladı: Məşhədi Xanım,/Deyerler.org/

Şərh yaz


Məxfi kod
Yenilə