Şənbə, 23 June 2012 15:06

İmam Hüseyni (ə) öyrəndikcə…

İmam Hüseyni (ə) öyrəndikcə…

İmam Hüseyni (ə) öyrəndikcə gəncliyimiz əlinə Quran alacaq - Elşən Mustafaoğlu

 Kərbəla məktəbi – insanlıq məktəbidir! Kərbəla məktəbi özünün və yaşadığı cəmiyyətin taleyinə biganə qalmayan islahatçılar yetişdirən bir məktəbdir.

Bunu SalamNews-a müsahibəsində ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu bu gün qeyd edilən Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı Hüseynin (ə) mövlud günü münasibəti ilə bildirib.

- Kərbəla məktəbinin bu vaxta qədər yaşamasını necə izah etmək olar?

- Əvvəlcə fürsətdən istifadə edib, İmam Hüseynin (ə) təvəllüd günü münasibətilə əziz xalqımızı, bütövlükdə, haqsevər, ədalətsevər, azadlıqsevər insanları təbrik etmək istərdim. Həzrət Hüseynin dünyaya gəlişinə bu gözəl gündə babası Həzrət Məhəmməd peyğəmbər (s), anası Həzrət Fatimə (ə), atası Həzrət Əli (ə) sevinmişlər. Bu böyük şəxsiyyətlərin sevincini bölüşürük, mübarək olsun. Suala gəldikdə, Kərbəla məktəbinin bu vaxta gəlib çıxmasının başlıca səbəbi onun amallarının, hədəf və məqsədlərinin zaman və məkanın fövqündə dayanmasıdır. Belə ki, Kərbəla məktəbi - haqq və ədalət uğrunda zülmkarlıqla, ədalətsizliklə mübarizə məktəbidir. Nə qədər ki, yer üzündə zülm və ədalətsizlik var və nə qədər ki, haqsevər və ədalətsevər insanlar var, Kərbəla məktəbi öz aktuallığını itirməyəcək! Nə zaman və harada olmasından asılı olmayaraq. Tarixi seyr edək, müasir dünyamıza baxaq, nə qədər haqsızlıqlar, zülmlərlə rastlaşırıq. Kərbəla məktəbi insana iman, təqva gücü ilə Allaha sarılıb, haqqın bərqərar olması uğrunda cəsarətlə, şücaətlə çalışmağı, mübarizə və mücadilə etməyi öyrədir. “Hər gün Aşuradır, hər yer Kərbəladır” şüarının mənası da elə budur. Odur ki, bu məktəb Qiyamət gününədək aktuallığını itirməyəcək.

- Hazırda müsəlmanlar bu məktəbi necə yaşadır?

- Azərbaycan xalqı əsrlərdən bəri Kərbəla məktəbini yaşadan az xalqlardan biridir. İmam Hüseyn məktəbi millətimizin mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, musiqisinə, hətta mətbəxinə belə daxil olub. Günümüzdə də milli mədəniyyətimizin ayrılmaz hissəsi kimi cəmiyyətimizdə öz təsirini göstərir. Amma əfsuslar olsun ki, 70 illik dinsiz kommunist rejiminin hakimiyyəti cəmiyyətdə öz dərin izlərini buraxıb. Cəmiyyətimizin çox az hissəsi Kərbəla məktəbinin həqiqi mahiyyəti ilə tanışdır. Əksəriyyət üçün bu, sadəcə bir hüzn hadisəsidir. Deməli, bu məktəbin daha dərin dərslərini, belə demək mümkünsə, yuxarı siniflərini keçməmizə, onun fəlsəfəsi ilə tanışlığa böyük ehtiyac var. Təəssüflər olsun ki, mövcud dini təsisatlar bu sahədə lazımi iş aparmırlar, maarifçiliklə məşğul olmurlar. Kərbəla hadisəsi əsasən Məhərrəm ayında yada düşür ki, bundan da din adı ilə çıxış edən bəzi dairələr yalnız öz mənfəətləri üçün istifadə edirlər. Aşura biriləri üçün həyat fəlsəfəsi, qeyrət məktəbidir, azadlığı simvolizə edən bir zirvədir, biriləri üçün isə gəlir mənbəyi. Ümumilikdə, hiss olunur ki, cəmiyyətimizin əsasən yeni nəsli, yeniyetmə və gənclərimiz bu məktəbi daha dərindən öyrənməyə çalışırlar…

- Bu mübarək gündə gənclərə nə kimi tövsiyələriniz var?

- Tövsiyəmiz bu olardı ki, gənclər bu məktəbin ölməz qəhrəmanı İmam Hüseyni (ə) daha yaxından tanısınlar. Bir epizodik hadisə kimi yalnız Aşuranı deyil, Həzrət Hüseynin bütün şərəfli həyat yolunu dərindən öyrənsinlər. O, həzrət peyğəmbərimizin (s) qucağında böyüyüb, peyğəmbər tərbiyəsi alıb. Onun bütün davranışları iman, təqva, elm və əxlaqın ən parlaq nümunələrindəndir. İmam Hüseyni öyrəndikcə gəncliyimiz əlinə Quran alacaq və bu İlahi Kitabı öz ruhuna, düşüncələrinə və əməllərinə hopdurmağa çalışacaq. Eyni zamanda, dünyəvi elmləri də dərindən öyrənəcək, imanda da, elmdə də ən öndə olmağa çalışacaq. İmam Hüseyn kimi islahatçı olacaq, özü düz insan olmaqla yanaşı, cəmiyyətini islah etməyə çalışacaq. Sözün həqiqi mənasında Allah bəndəsi olmağı öyrənəcək. Ən əsası, qanı ilə qılınc üzərində qələbə qazanmış İmam Hüseyndən ölməzlik sirlərini öyrənəcək. Bu məktəbi keçmiş yeni nəslin quracağı cəmiyyət köklü şəkildə kommunistlərdən miras qalmış bugünkü cəmiyyətimizdən fərqli olacaq. Bu məktəb bizlərə cəmiyyətdə ədalətin bərqərar olmasını, insan haqları və azadlıqlarının təmin edilməsini, insanlığa dəyər verilməsini, qorxmazlığı, şücaəti, cəsarəti aşılayır. Elə bir cəmiyyət ki, orada zülmə, haqsızlığa, rüşvətə, böhtana, narkomaniyaya, cəhalətə, təkəbbürə, bir sözlə, hər cür rəzalətə yer yoxdur. Bu məktəb Allah adamı yetişdirir ki, onun hər bir hərəkətindən özü də, ailəsi də, çevrəsi də, bütövlükdə cəmiyyət də yalnız fayda almış olsun. Bir sözlə, bu məktəbin həqiqi tələbələri ən layiqli insan olmağı öyrənə bilərlər. Bu isə şüarla yox, şüurla olur! Öyrənmək, anlamaq, düşünmək və həyata keçirmək. Kərbəla məktəbi – insanlıq məktəbidir! Kərbəla məktəbi özünün və yaşadığı cəmiyyətin taleyinə biganə qalmayan islahatçılar yetişdirən bir məktəbdir. Gənclərimizə İmam Hüseyn məktəbinin layiqli tələbələrindən olmağı arzu edərdim. SalamNews

 

Şərh yaz


Məxfi kod
Yenilə