Çərşənbə axşamı, 12 June 2012 19:34

İslam dininin özünəməxsus xüsusiyyətləri

İslam dini kimi hər bir din də bir gövhərdir. Onun təlimləri, qayda-qanunları isə dinin mirvarisi hesab edilir. Bütün dinlərin gövhəri vahiddir, yəni tövhiddir. Hər bir din mədəniyyətinə uyğun olaraq, xüsusi mirvari ilə əhatə edilmişdir, yəni özünün qayda-qanunları və təlimləri, nəzəriyyələri vardır. Bu səbəbdəndir ki, dinlərin sayı çoxdur.

Dinlərin ən mühüm məsələlərindən biri budur ki, din sahibləri onun təlimlərinə, qayda-qanunlarına və ibadətlərinə diqqət etmir və laqeydlik göstərirlər. Hər bir din iddia edir ki, onun dini gövhərini əldə etmək üçün onun mirvari adlandırılan nəzəriyyələrinə əməl etmək lazımdır. Bu səbəbdən hər bir dinin özünə məxsus gövhəri vardır. Bu məsələ təkcə həmin din zühur edən zaman deyil, bəlkə ondan sonra da bu cür olur. Hər bir dinin gövhəri haqqdır və insanı səadətə çatdırmaq üçün gəlmişdir. Ancaq bir dindən sonra başqa bir dinin gəlməsinin səbəbi insanların bu gövhəri təhrif etmələridir. Yəni, hər bir din Allah tərəfindən göndərilmişdir və insanların nicat tapması üçün nazil olmuşdur. Lakin hər bir dinin nazil olduğu kimi, qalması çox qısa çəkir. Tez bir zamanda başqa insanlar tərəfindən onun əsasları və nəzəriyyələri dəyişdirilmişdir. Bu səbəbdən də Həzrət Adəmdən (ə) indiyə qədər 124 min peyğəmbər gəlmiş və hərəsi də öz haqq dinini təqdim etmişdir.İslam dini ona görə xatəm sayılır ki, təhrif edilməmiş yeganə dindir və qiyamətə qədər də dəyişdirilməmiş qalacaqdır. Bu, Allahın insanlara verdiyi bir vədədir.Əhli-beyt (ə) məktəbinin təfəkkürünə görə, hər bir İlahi din nazil olan zaman haqq din olmuşdur. Ancaq zaman keçdikcə onların bir çoxu təhrif edilmiş və həqiqəti yalana bulaşmışdır. Bu səbəbdən bütün dinləri insanlara nicat bəxş edən din kimi qəbul etmək olmaz. İnsanı səadətə çatdıra bilən bir dinin ardıcılı olmaq lazımdır. Başqa bir tərəfdən isə hər bir bəşərin müəyyən zamanında həmin insanların təfəkkür səviyyəsinə uyğun olaraq din nazil olmuşdur. Bu səbəbdən də hər bir din insanı səadətə çatdıra bilməz. Bəlkə hər biri öz zamanında bu vəzifəni yerinə yetirirdi. Ondan kamil din gələndən sonra insanlar sonrakı dinə itaət etməyə başlamışdılar.İslam dini zühur edəndən sonra bəşər elə bir həddi-büluğa çatmışdı ki, dinini təhriflərdən qorumağı bacarırdı. Bu səbəbdən də İslam dinindən sonra başqa bir din gəlməmişdir.İslam dini başqa dinlərdən fərqli olaraq, müəyyən bir ərazidə nazil olmasına baxmayaraq, bütün bəşər üçün gəlmişdir. Ona görə deyə bilərik ki, İslam dini ümumi və kamil şəkildə təqdim edilmişdir. Yəni bəşərin səadəti üçün lazım olan bütün İlahi qanunlar burada təqdim edilmişdir.Bu dinin eyni zamanda bütün zaman və məkana uyğunlaşmaq qabiliyyəti vardır. Ona görə də yeni bir dinə ehtiyac yoxdur.Beləliklə deyə bilərik ki, Allah tərəfindən nazil olan hər bir din öz zamanında işə yaramışdır. Ancaq bir müddətdən sonra təhrif edilmiş və bəşərin ehtiyaclarına cavab verə bilməmişdir. İslam dininin zühuru ilə bəşər elə bir dinə malik oldu ki, zaman və məkanla uyğunlaşa bilir və həm də elə bir qanunlar təqdim edir ki, bəşər var olana qədər ona kifayət edir.

 

Şərh yaz


Məxfi kod
Yenilə