Bazar ertəsi, 23 Sentyabr 2013 15:32

Seçkilər və dini cameə (Köşə yazısı)

Seçkilər və dini cameə (Köşə yazısı)

Son günlər dini cameədə bir-birini ittiham edənləri görüb, bu yazını qələmə almaq qənaətinə gəldim

Seçki qabağı cəmiyyətdə canlanma getdiyi vaxtda, dindarları adından müxtəlif ya rəsmi, ya da qeyri-rəsmi açıqlamalar verilir. Əlbəttə ki, möminlər bunu ciddi qəbul etmirlər. Amma yenə də, bizim vəzifəmiz bunu tənqid etməkdir.

Bunu unutmamalıyıq ki, Azərbaycanda Dini Rəhbər olmadığından bu cür danışmaq ən azı sadəlövlükdür. Ola bilsin kimsə və ya kimlərsə özünü və ya özlərini möminlərin adından danışmaq ixtiyarı olduğunu bilir və müxtəlif sözlər danışırlar. Onu bilməliyik ki, bu ixtiyar heç kəsdə yoxdur. Hər kəs, öz və ya rəhbərlik etdiyi qurumun və ya icmanın adından bəyanat verə bilər. Belə bəyanatı da, dindarların adından verməsi qəti olaraq səhv addımdır. İstər bu şəxs iqtidarı təmsil etsin, istərsə də, müxalifətin yanında durmuş olsun.

Digər irad tutduğum məsələ, biriləri digərlərini agah olmamaqda və ya qorxub səs çıxarmamaqda ittiham etməsidir. Möminləri  agah olmamaqda ittiham edənlərin əksəriyyəti, özləri agah olmayanlardır.  Hər kəs, öz istəyi və dəlilinə əsasən istər iqtidarı, istərsə də, müxalifəti dəstəkləyir və ya ehtiyyat mövqeyini seçirlər.  Müxalifət məsələsində, Milli Şura və İlyas İsmayılova dəstək verənlər də iki qrupa bölünübər. Ümumiyyətlə indi görək dindarlar arasında seçkidə iştirak edənlər neçə qrupa bölünürlər?


İqtidara dəstək verənlər:

  1. QMİ və axundları (bunların içində fərqli düşünüb sükuta riayyət edənlərin də olması mümkündür)
  2. Dini Qurumlarla bilavasitə əlaqədə olan bəzi icmalar (bunların da fəal seçki təbliğatı etməsi inandırıcı deyil, bu icmaların da fərqli düşünməsi istisna deyil)
  3. Yaxın qohumları və özləri dövlət müəssisələrində işləyənlər (bu da elə də böyük bir kütlə deyil)
  4. Ümumi dindarlardan (yəni dini cameədə olmayan namaz qılanlar) bəziləri mümkündür ki, müxalifəti və ya iqtidarı dəstəkləsin.

 

Milli Şuraya dəstək verənlər:

  1. İqtidarın dindarlara qarşı siyasətini tənqid edənlər
  2. Müxalifətlə bir-başa isti münasibətləri olanlar
  3. İlham Əliyevin qeyd şərtsiz hakimiyyətdən getməsini istəyən və buna inananlar
  4. Milli Şuranın ikinci tura çıxacağına inananlar
  5. Milli Şuranın qələbə qazanacağı təqdirdə özlərinin hakimiyyətdə hər hansı bir post tutmasına ümid edənlər
  6. “İlham Əliyev höküməti güclüdür onunla mübarizə çətindir, Milli Şura hökümətə gələcəyi təqdirdə onunla mübarizə daha asan olacaqdır” deyənlər

 

İlyas İsmayılovu dəstəkləyənlər:

  1. Azərbaycan İslam Partiyası
  2. AİP-ə məhəbbəti və inamı olan dindarlar
  3. Müxalifət və iqtidarın birbaşa ABŞ tərəfindən idarə olunduğunu düşünənlər

 

Ehtiyyata əməl edənlər:

  1. Seçkilərin ədalətli keçirilməsinə inanmayanlar
  2. Milli Şuranın hakimiyyətə gələcəyi təqdirdə xarici siyasətində İsraillə əlaqələrin daha da yaxşılaşacağını və əsil İslama qarşı təzyiqlərin daha da artacağını düşünənlər
  3. Milli Şuranın və iqtidarın ABŞ tərəfindən idarə edilməsinə inananlar
  4. Dindarlara qarşı aparılan siyasətə  görə ümumiyyətlə seçkilərə qoşulmayanlar, bir sözlə sükutlu boykot yolunu seçənlər.


Qeyd edək ki, bu qrup dindarların əksəriyyəti  müxalifətə dəstək vermədikləri kimi iqtidara da dəstək verməyəcəklər. Onlar qıraqdan izləməyi daha üstün tuturlar. Bunların içində səs-küysüz hansısa namizədə dəstək verənlər də olacaqdır (səs-küylü səs verməklə gələcəkdə iqtidarın getmədiyi təqdirdə onlara qarşı təzyiqlərdən qorunmaq üçün bu addımı atacaqlar).

Xatırladaq ki, mətbuata açıqlanmadığından İqbal Ağazadənin hansısa dini cameə tərəfindən açıq dəstəklənəcəyini demək çətindir. Ancaq onun da, müəyyən dindarlar tərəfindən dəstək alacağı istisna deyil.

P.S. Bu yazıda seçkidə dəstək verib vermədiyinə görə, kiminsə səhv, kiminsə düz olduğunu deməmişik və ümid edirik ki, bu proseslərə qoşulan və ya qoşulmayanların öz dəlilləri var və ictimai  vəzifələrinə Quran və Əhlibeyt (s) qayda-qanunlarına uyğun əməl etmələrini düşünürlər. Bu seçkilər İslamçılar arasında parçalanma yaratmamalıdır. Bu cür düşünənlər elə də, sevinməsinlər. Çünki, möminlər bir-birinə qardaşdırlar və mənəvi qardaşlar gec-tez bir bayraq altında birləşəcəklər.

  Böyük İslam alimlərindən birinin dediyi kimi, bir-birinizə bağlı olmaq şərt deyil, amma qəlbləriniz bir olsun və hədəfiniz Allah olsun.

Allah İmamımızın zühurunu təcil etsin,  ancaq onun gəlişi ilə dünyada Ədalət bayrağı dalğalancaqdır.  

Ramin Bayramov

İslamazeri.az-ın Baş Redaktoru



Islam Azeri : 23.09.2013 - 16:59:25
http://www.islamazeri.az/seçkilər_və_dini_cameə_köşə_yazısı-43904-haber.html

Şərh yaz


Məxfi kod
Yenilə