Çərşənbə axşamı, 16 Noyabr 2021 13:32

Həzrət Xanım Fatimeyi Məsumənin (ə) vəfat günüdür

Həzrət Xanım Fatimeyi Məsumənin (ə) vəfat günüdür

Mehriban və Bağışlayan Allahın adı ilə.

Bu gün bir rəvayətə əsasən İmam Museyi Kazimin (ə) qızı və İmam Rzanın (ə) bacısı Həzrət Xanım Fatimeyi Məsumənin (ə) vəfat günüdür, bu münasibətlə bağlı başda İmam Zaman (ə.f) olmaqla bütün Əhli-beyt (ə) sevənlərinə başsağlığı veririk.

Xanımın Mədinədən Xorasana tərəf səfəri

201-ci hicri qəməri ilində Abbasi xəlifəsi Məmun Abbasın İmam Rzanı (ə) özünə vəliəhd seçib Xorasana aparmasından sonra, Xanım Fatimeyi Məsumə (ə) qardaşını görmək üçün Mədinədən Xorasana tərəf yola düşdü.

Tarixi mənbələrə əsasən xanım qardaşları və bacılarından ibarət 22 nəfərlik qafilə ilə birlikdə yola düşdü.Bəzi tarixçilər xanımın başçılıq etdiyi karvanın 400 nəfərdən ibarət olduğunu yazıblar.

Xanım Qum şəhərinin yaxınlığında yerləşən Savə şəhərinə çatdıqda Abbası xilafətinin məmurları karvanın qarşını kəsdilər və xanımla birlikdə olan Bəni Haşim cavanlarının bəzilərini şəhadətə çatdırdılar.

Bəzi tarixi mənbələrə əsasən Bəni Haşim cavanları ilə hökumət məmurlarının arasında gedən qanlı döyüşdə Bəni Haşim cavanlarından şəhadət məqamına çatdılar.

Tarixi mənbələrə baxdıqda görürük ki, bəzi tarixçilər Xanım Məsumənin (ə) bu şəhərdə bir xanım tərəfindən zəhərləndirildiyini və bu zəhərin təsirinin nəticəsində xanımın Qum şəhərində dünyasını dəyişdiyi qeyd olunub.

Həzrət Məsumə (ə) qarşılaşdığı bu çətin müsibətdən sonra xadimindən Qum şəhəri ilə Savənin arasında ki məsafəni soruşdu xidmətçi xanıma Qum şəhərinə qədər 10 fərsəx məsafə olduğunu bildirdi.Bundan sonra Xanım Qum şəhərinə tərəf səfər etmək qərarına gəldi.

Burada diqqət ediləsi bir məqam bundan ibarətdir ki, niyə xanım məhz Qum şəhərinə getmək qərarına gəlir?

Cavabında deyə bilərik ki, Qum şəhəri qədim dövrdən Əhli-beytə (ə) sadiqliyi və mərifəti ilə məşhur idi, Xanım Fatimeyi Məsumədə (ə) İmam Sadiqdən (ə) və əziz atası İmam Museyi Kazimdən (ə) Qum şəhəri barəsində eşitdiyi hədislərdən bu şəhərin camaatının Əhli-beytə (ə) olan məhəbbət və mərifətlərindən xəbərdar idi.

Xanım rəbiül-əvvəl ayının 23-ü Qum şəhərinə gəldi.

Bəzi rəvayətlərə əsasən 17 gün bəzi rəvayətlərə əsasən isə 19 gün Musa bin Xərrəcin evində qaldı və vəfat etdiyi günə qədər bu evdə ibadət və razu-niyaz ilə məşğul oldu.

Tarixçilər arasında məşhur olan nəzərə əsasən xanım Qum şəhərinə gəlişindən 17 gün sonra vəfat etdi.

Bəzi tarixçilər isə xanımın Qum şəhərinə gəlişindən 19 gün sonra vəfat etdiyini yazırlar.

Vəfatından sonra xanımı Musa bin Xərrəcin bağında (İndi ki mütəhhər hərəmi) dəfn etdilər.

Xanımın mütəhhər cənazəsini dəfn yerinə gətirdikdən sonra Əhli-beyt (ə) davamçılarınin arasında ixtilaf yarandı ki , xanımı kim dəfn edə biləcək səlahiyyətə malikdir, elə bu vaxt da iki nəfər üzləri niqabla bağlı olan atlı xanımın mütəhhər cənazəsinə yaxınlaşdı və xanımı dəfn etdilər.

Dəfn etdikdən sonra dəfn mərasimində iştirak edən heç bir kəslə danışmadan oradan uzaqlaşdılar.

Bəzi araşdırmaçıların nəzərinə əsasən o, iki nəfər İmam Rza (ə) və İmam Cavad (ə) idi.

Beləliklə xanım 28 yaşında hicrətin 201-ci ilində dünyasını dəyişdi.

Xanımın vəfat səbəbini yuxarıda qeyd etdiyimiz kimi bəziləri zəhərləndiyini desələrdə bu barədə müxtəlif nəzərlər də mövcuddur.

Bəziləri xanımın qardaşları və qardaşlarının oğullarının cənazəsini o halda gördükdən sonra çox qəmgin olduğunu və bu müsibətin yaratdığı təsirin nəticəsində xəstələnib dünyasını dəyişdiyini yazıblar.

Xanım Fatimeyi Məsumə (ə) İmam Museyi Kazimin (ə) digər qız övladlarına nisbətən daha elmli, fəzilət sahibi bir xanım idi, hətta bəzən İmam evdə olmayanda Əhli-beyt (ə) tərəfdarları sual soruşmaq üçün imamın evinə gəldikdə xanım özü onlarının suallarını cavablandırardı.

Bundan əlavə xanım öz atasından və babalarından çoxlu hədislər nəql etmişdir.

Xanım Məsumədən (ə) geriyə qalan 5 hədis vardır ki, onun 4-ü "Vilayət və imamət" barəsindədir.

Xanımın Mədinədən Xorasana tərəf hərəkatına baxdıqda görürük ki, xanım hər hansı bir məntəqəyə çatdıqda dövrünün zalim hakiminin və hakimiyyət məmurlarının rəzil sifətlərini, Əhli-beytə və müsəlman ümmətinə olan pis və zalim rəftarını insanlara çatdırırdı, Xanımın Mədinədən Xorasana doğru hərəkatı Vilayətdən müdafiə və onun təbliği idi.

Xanımın başqa bir üstünlüyü onun Qiyamət günündə Peyğəmbər (s.v) ümmətinə şəfaət verə biləcəyidir ki bu barədə İmam Sadiq (ə) xanım dünyaya gəlməmişdən qabaq xəbər vermişdir.
إِنَّ لِلَّهِ حَرَماً وَ هُوَ مَكَّةُ ، أَلَا إِنَّ لِرَسُولِ اللَّهِ حَرَماً وَ هُوَ الْمَدِينَةُ، أَلَا وَ إِنَّ لِأَمِيرِ الْمُؤْمِنِينَ حَرَماً وَ هُوَ الْكُوفَةُ، أَلَا وَ إِنَّ قُمَّ الْكُوفَةُ الصَّغِيرَةُ، أَلَا إِنَّ لِلْجَنَّةِثَمَانِيَةَ أَبْوَابٍ ثَلَاثَةٌ مِنْهَا إِلَى قُمَّ تُقْبَضُ فِيهَا امْرَأَةٌ مِنْ وُلْدِي اسْمُهَا فَاطِمَةُ بِنْتُ مُوسَى، وَ تُدْخَلُ بِشَفَاعَتِهَا شِيعَتِي الْجَنَّةَ بِأَجْمَعِهِمْ

İmam Sadiq (ə) buyurmuşdur:

“Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin (s.v) hərəmi var və o Mədinədir. Əmirəlmömininin (ə) hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə (ə) adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar".

Mənbə:(“Bihаrul-әnvаr”, c.57, səh.228.)

Həzrət Fatimeyi Məsumənin (ə) Həzrət Zeynəblə (ə) 4 oxşarlıqı.

1. Hər iki xanım Qardaşlarının məhəbbəti ilə çöllərə düşüb onların və hədəflərinin arxasınca gediblər.

2. Hər iki xanım Mədinə şəhərində dünyaya gəlsələrdə doğulduqları yerdən uzaq bir şəhərdə dəfn olunublar.

3. Hər iki xanımın dəfn olunduğu məkan haqqında iki nəzəriyyə var Xanım Zeynəb (ə) haqqında bir nəzəriyyəyə əsasən Misirdə bir nəzəriyyəyə əsasən isə hal hazırda Suriyada yerləşən müqəddəs hərəmi, Xanım Məsumənin hərəmi haqqında isə bir nəzərə əsasən hal hazırda Qum şəhərində yerləşən müqəddəs hərəmi, ikinci nəzəriyyəyə əsasən Qum şəhərində yerləşən Qumda məskunlaşdığı evdir ki Beyt Əl-nur adlanır.

Məşhur nəzərə əsasən isə Xanım Zeynəbin (ə) hərəmi Suriyada İndi ki Dəməşq şəhərində, Xanım Məsumənin hərəmi hal hazırda ki hərəmidir.

4. Hər iki xanım qardaşlarına məxsus dərəcədə məhəbbət bəsləyirdi, Xanım Zeynəb (ə) İmam Hüseynə (ə) Xanım Məsumə (ə) İmam Rzaya (ə).

Giperssilka.ru
Maarif bölməsi
Hüseyn Əli Şəhidi

Şərh yaz


Məxfi kod
Yenilə