Cümə axşamı, 31 Avqust 2017 15:51

İmam Hüseynin Ərəfə duası (Tərcümə)

İmam Hüseynin Ərəfə duası (Tərcümə)

MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ

Həmd yalnız hökmünü dəf edəcək (hökmündən boyun qaçıracaq), bəxşişinə mane olacaq, Onun yaratdığı kimi yarada biləcək birinin olmadığı Allaha məxsusdur!

Rəhməti geniş, növbənöv məxluqatı yaradan, hikməti ilə yaratdıqlarını möhkəmlədən, heç bir şeyin Ona gizli olmadığı və tapşırılan əmanətləri tələf etməyən, hər kəsin əməlinə mükafat verən, hər bir qane olanın işlərini sahmana salan, bütün ah-nalə edənlərə rəhm edən, əhatəli kitabı (Quranı) elm və təfəkkür nuru olaraq nazil edən və bütün mənfəətləri göndərən yalnız Odur. O, duaları eşidən, kədərləri aradan qaldıran, dərəcələri (məqamları) yüksəldən, zalımları alçaldaraq zəlil edəndir. Ondan başqa heç bir tanrı, onun tayı-bərabəri və bənzəri yoxdur. O, eşidən və görən, dəqiq və agah və hər bir şeyə qadirdir. İlahi, mən Sənə rəğbətliyəm və mən Sənin ilahiliyini iqrar edirəm. Həqiqətən, Sən mənim Rəbbimsən və dönüş yerim də Sənə tərəfdir. Mən məxluqat arasında mövcud olmazdan öncə rəhmətinlə məni xəlq etdin, məni torpaqdan yaratdın və daha sonra məni ruzigarın hadisələri və zamanın dəyişilməsindən amanda qaldığım halda, nütfədə yerləşdirdin. Məni keçmiş günlər, ötən qərinlərdə sülbdən bətnə köçürdür və mənə olan mehribanlıq, lütf və ehsanın üzündən məni Sənin əhdini pozub peyğəmbərlərini təkzib edən küfr başçılarının hakimiyyəti zamanı deyil, məndən qabaq hidayət nurunun gəldiyi bir vaxtda dünyaya gətirdin, onu (hidayəti) mənim üçün asanlaşdırdın və məni onun əsasında xəlq etdin. Bundan əvvəl də Öz yaxşı rəftarın və bol nemətlərinlə mənə mehribanlıq göstərdin, məni nütfədən yaradaraq ət, qan və dəri arasında yerləşən üç qaranlıq yerdə məskunlaşdırdın, məni öz xilqətimdən agah etmədin və yaranışımla bağlı işlərin heç birini öz ixtiyarıma qoymadın. Sonra əzəli hidayətin əsasında məni kamil və normal şəkildə dünyaya gətirdin, beşikdə körpə olduğum halda məni hifz etdin, rahat içilən və ləzzətli ana südü ilə məni qidalandırdın, dayələrin qəlbini mənə qarşı mehriban etdin və mehriban anaların (dayə və ananın) vasitəsi ilə mənə zamin oldun, cinlərin şərindən qorudun və xilqətimi çatışmazlıqdan (anormallıqdan) amanda saxladın. Sənin məqamın ucadır, ey mehriban və ey bağışlayan (Allah)! Hətta dil açıb danışmağa başladığım zaman fitrətim kamil olana və gücüm mötədil həddə yetişənə qədər bol nemətlərini mənə tamamladın, ilbəil məni böyüdüb boya-başa çatdırdın. Sonra mərifətini mənə ilham edərək höccətini tamamladın, hikmətinin qəribəlikləri ilə məni heyrətə saldın, yer və göylərdə xəlq etdiyin məxluqatları müşahidə etmək üçün məni agah etdin, səni xatırlamaq və nemətlərinə şükür etməyi mənə öyrətdin. Sənə itaət və ibadəti mənə vacib etdin, peyğəmbərlərinin gətirdiklərilə (ilahi hökmləri) mənə başa saldın, onları qəbul edib razılığını qazanmağı mənə asanlaşdırdın və bunların hamısında mənə Öz yardımını əsirgəmədin. Məni ən yaxşı torpaqdan yaratdın, nemətlərdən birini verib digərini əsirgəməyə razı olmadın. Ən böyük nemətin və əzəli ehsanınla məni müxtəlif nemətlər, cürbəcür libaslarla təmin etdin, bütün nemətləri mənim üçün tamamladın. Bütün bəlaları məndən dəf etdin. Sənin barəndə nadanlıq və Sənə qarşı cürətim Sənə yaxınlaşdıran işlərə doğru məni hidayət və dərgahında yüksək məqama çatmaqda müvəffəq etməyinə mane olmadı. Səni çağırdıqda cavab verdin, hacət istədikdə əta etdin və Sənə itaət etdikdə nemət verdin. Sənə şükür etdikdə nemətlərini artırdın. Bütün bunlar mənə verdiyin nemətlər və etdiyin ehsanın tamamlanması üçün idi. Sən pak və və bütün eyiblərdən uzaqsan. Məxluqatı yaradan və xilqəti geri qaytaran, sitayiş edilən əzəmətli, adları müqəddəs və nemətləri böyük Allah pak və və bütün eyiblərdən uzaqdır! İlahi, hansı nemətlərini sayıb-qurtarmaq və verdiyin nemətlərdən hansının şükrünü yerinə yetirmək olar?! Onlar, ey Rəbbim, sayanların sayıb-qurtara biləcəklərindən və (sayını) hifz edənlərin bilə biləcəyindən daha artıqdır! İlahi, məndən uzaqlaşdırıb dəf etdiyin bəlalar, zərər və ziyanlar mənə bəlli olan şadlıq və sağlamlıqdan qat-qat çoxdur. Mən də, ilahi, imanımın həqiqəti, qərarlarımda yəqinliyim, xalis yeganəpərəstliyim aşkar xalisliyi, batini əqlim, gözümün nurunun bəsirəti, alnımdakı xətlərin sirri, tənəffüsümdəki fasilələr, nazik burun pərlərim, səsləri qəbul edən qulaq pərdələrim, dodaqlarımın bir-birinə toxunması və dilimin saysız hərəkətlərindən yaranan sözlər, alt və üst çənəmin bir-birinə qovuşduğu məkan, dişlərin çıxdığı, yeməli və içməlilərin dadını bilmə yeri ilə beynimin yerləşdiyi kəllə sümüyüm, qan damarlarım, qəlbim və ciyərimlə bağlı olan şeylərlə, çiyin, bel sümüklərim və onları saxlayan, hərəkətimə səbəbə olan fəqərələrlə, barmaqlarımın ucu, ətim, qanım, tüklərim, dərim, əsəb sistemim, sümüklərim, damarlar və piylərimlə (piy qatım), bütün bədən üzvlərim və südəmər vaxtı əmələ gələnlərlə, yerin məndən məxfi etdikləri ilə (azaltdıqları), yuxum, oyaqlığım, aramlığım, rüku və səcdələr zamanı etdiyim hərəkətlərlə şəhadət verirəm ki, əgər bu sayaq - rüku və səcdədə olduğum halda - həyat sürsəm, əsrlər boyu yaşasam da, nemətlərindən hətta birinin belə, şükrünü yerinə yetirə bilmərəm və buna qüdrətim də çatmaz. Bu iş yalnız şükrü mənə yenidən vacib olan digər bir nemətinin vasitəsi ilə müyəssər ola bilər. Bəli, əgər mən və məxluqatının bütün saya bilənləri bir yerə toplaşaraq keçmişdən indiyə və gələcəyə qədər bizə əta etdiyin və edəcəyin nemətlərini saymaq istəsək, yenə də onları nə saya bilər, nə də miqdarını bilərik! Bu heç vaxt mümkün deyil və Sən danışan kitabın, doğru xəbərində bildiribsən ki, "Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları heç vaxt sayıb-qurtara bilməzsiniz!" İlahi, kitabın və verdiyin xəbərlər doğrudur. Peyğəmbərlərin və elçilərin onlara nazil etdiyin vəhyini, onlara bildirdiyin və onların vasitəsilə təyin etdiyin dinini təbliğ etdilər. Bununla yanaşı, ey Rəbbim, mən öz çalışqanlığım, ciddiyyət və itaətim qədər şəhadət verir, imanlı və əmin olduğum halda deyirəm ki, həmd-səna yalnız övladı olmadığından varisə ehtiyacsız, şəriki olmadığından yaratdıqlarında onunla münaqişə edəcək biri olmayan, qüdrətli olduğu üçün xilqətdə yardımçıya ehtiyacsız Allaha məxsusdur! Allah pak və bütün eyiblərdən uzaqdır. "Əgər o ikisində - yer və göylərdə Allahdan başqa tanrılar olsaydı, fəsad yaranardı." Pak və bütün eyiblərdən uzaqdır yeganə, tək, ehtiyacsız, doğmayan və doğulmayan, tayı-bərabəri olmayan Allah! Yaxın mələklərin, elçilərin həmd-səna etdiyi kimi, Allaha həmd-səna olsun! Allahın salam və salavatı olsun onun ən yaxşı bəndəsi və peyğəmbərlərin sonuncusu olan Məhəmməd və onun pak-pakizə və ixlaslı Əhli-beytinə!

İlahi, məni Səni görürmüş kimi, Səndən qorxanlardan qərar ver, təqvalı olmaq və Səndən qorxmaqla məni səadətə çatdır və Sənə itaətsiz etməklə məni bədbəxt etmə! Tez göndərdiklərinin təxirə düşməyəcəyi, təxirə saldıqlarının tez gəlməyəcəyi qədər əmrinlə mənə xeyir nəsib et və qəza-qədərini bərəkətli et! İlahi, vücudumda ehtiyacsızlıq, qəlbimdə yəqin, əməlimdə ixlas və gözlərimdə nur yerləşdir, dinimi bəsirətli et, bədən üzvlərimdən məni faydalandır, göz və qulağımı mənə iki varis təyin et, zalımlara qarşı mənə yardımçı ol, onlardan intiqam almaq və onlara hakim olmağı mənə göstərməklə mənə göz aydınlığı ver! İlahi, qəm-qüssəmi dağıt, eyiblərimi ört, xətalarımı bağışla, şeytanımı (məndən) uuzaqlaşdır, üzərimdə haqqı olanların haqqını əda et, dünya və axirətdə mənə yüksək məqam ver! İlahi, məni yaratdığın, eşidən və görən etdiyin üçün həmd-səna yalnız Sənə məxsusdur! Məni xəlq etməyə ehtiyacın olmadığı halda, rəhmətinlə məni qüsurlu deyil, sağlam yaratdığın üçün həmd-səna yalnız Sənə məxsusdur! Ey Rəbbim, məni yaradıb fitrətimi mötədil (normal) edib və gözəl biçimə salıbsan! Ey Rəbbim, ehsan edərək mənə salamatlıq bəxş edibsən! Ey Rəbbim, hifz edərək məni müvəffəq edibsən!. Ey Rəbbim, nemət verib məni hidayət edibsən! Ey rəbbim, məni sevərək xeyir əta edibsən! Ey Pəbbim, aclığımda məni yedirib, susuzluqda sirab edibsən! Ey Rəbbim, məni ehtiyacsız və şad edib, yardımınla ucaldıbsan! Ey Rəbbim, örtüyünlə eyiblərimi örtüb, işlərimi asanlaşdıraraq mənə yetərli olubsan! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, ömrümün qalan hissəsində, gecə və gündüzlərin bir-birini əvəz etdikcə, mənə kömək et, mənə dünyanın qorxusu və axirətin qəm-qüssəsindən nicat ver, zalımların yer üzündə törətdiyi şər işlərdən məni qoru! İlahi, qorxduğum şeylərdə mənə yetərli ol, məni və dinimi qoru, əhli-əyalım və malımda mənə caniş təyin et, mənə ruzi verdiyin şeyləri bərəkətli et, Öz nəzərimdə məni alçaq, camaatın nəzərində isə böyük et, cin və insanların şərindən amanda saxla! Günahlarıma görə məni rüsvay etmə, batinimi (əqlimi) pis düşüncə və əməllərə giriftar etmə, nemətlərini məndən alma və məni Özündən başqasına həvalə etmə! İlahi, məni kimə həvalə edirsən?! Yaxınlara həvalə edirsən ki, məni tək qoysunlar, yoxsa, özgələrə həvalə edirsən ki, üzlərini mənə turşutsunlar?! Sən mənim Rəbbim və ixtiyar sahibi olduğun halda, məni zəiflətmək istəyənlərəmi həvalə edirsən?! İlahi, qəribliyim, evimin uzaqlığı və işlərimi ixtiyarında qoyduğun şəxs qarşısında zəlilliyimdən Sənə şikayət edirəm! İlahi, öz qəzəbini mənə nazil etmə! Mənə qəzəblənməyindən başqa heç bir şeydən qorxum yoxdur! Sən pak və bütün eyiblərdən uzaqsan! Sənin sağlamlıq bəxş etməyin daha genişdir! Ey Pəbbim, yer və göyləri işıqlandıran, zülmətləri aradan aparan, əvvəldəkilər və sondakıların işini sahmana salan nurunun vasitəsilə Səndən istəyirəm ki, qəzəbli olduğun halda məni öldürməyəsən və mənə qəzəb nazil etməyəsən! İlahi, məni cəzalandırmazdan öncə qəzəbini rəhmət və lütfə çevirə bilənsən (2 dəfə)! Səndən başqa heç bir tanrı yoxdur. Sən möhtərəm şəhərin, "Məşərül-Haram"ın, xeyir-bərəkət nazil etdiyin və camaat üçün əmin-amanlıq yerinə çevirdiyin qədim evin (Kəbənin) Rəbbisən! Ey helmi ilə böyük günahları əfv edən, ey fəzli ilə bol nemətlər verən, ey kərəmi ilə böyük şeylər ehsan edən, ey çətinlik zamanı mənim ehtiyatım, ey tənhalıq zamanı munis və həmsöhbətim, ey bəla zamanı fəryadıma yetən, ey mənə verdiyi nemətlərin sahibi! Ey mənim və ata-babalarım olan İbrahimin, İsmailin, İshaq və Yəqubun məbudu, ey Cəbrailin, Mikayıl və İsrafilin Rəbbi, ey peyğəmbərlərin sonuncusu Məhəmmədin və onun seçilmiş Əhli-beytinin Rəbbi! Ey Tövrat və İncili, Zəbur və Furqanı nazil edən! Ey "Kaf Ha Ya Ayn Sad", "Ta Ha", "Ya Sin" və hikmətli Quranı nazil edən! İlahi, yer öz genişliyi ilə mənə daraldığı zaman Sən mənim sığınacaq yerimsən! Əgər Sənin rəhmətin olmasaydı, mütləq həlak olanlardan olardım. Sən mənim xətalarımı bağışlayansan. Əgər eyiblərimi örtməsəydin, mən rüsvay olardım. Sən düşmənlər müqabilində məni öz köməyinlə dəstəkləyənsən. Əgər yardımın olmasaydı, mən məğlub olardım. Ey ucalıq və əzəməti Özünə məxsus və izzəti ilə dostlarını ucaldan! Ey qarşısında padşahların öz boyunlarına zillət boyunduruğunu saldığı və onun qəzəbindən qorxduğu!. Ey gözlərin xəyanətini, qəlblərin gizlətdiyini, zaman və ruzigarın hadisələrinin qeybini bilən! Ey necəliyini Özündən başqa bir kəsin bilmədiyi! Ey kim olduğunu Özündən başqa heç kimin bilmədiyi! Ey Onu Onun özündən başqa bir kəsin (yaxşı) tanımadığı! Ey yeri suya daxil edən, səmanı hava ilə örtən! Ey ən kəramətli adlar sahibi və heç vaxt tükənməyən nemətləri ilə tanınan! Ey otsuz-ələfsiz bir diyarda Yusif üçün miniklər hazırlayan, onu quyudan çıxaran, qul olduqdan sonra onu iqtidar sahibinə çevirən! Ey gözləri ağlamaq və qəm-qüssədən kor olduqdan sonra onu səbirli atası Yəquba qaytaran! Ey Əyyubdan xəstəlik və bəlaları dəf edən! İbrahimə qoca yaşlarında ona nəsib olan oğlunu qurban kəsməkdən mane olan! Ey Zəkəriyyanın duasını qəbul edərək ona Yəhyanı əta edən, onu tək və yalqız qoymayan! Ey Yunisi balığın qarnından çıxaran, ey dəryanı İsrail oğulları üçün yararaq onlara nicat verən, Fironu və onun qoşununu suda qərq edən, ey küləkləri rəhmətinə müjdə olaraq göndərən, ey günahkar və üsyankar bəndələrini cəzalandırmağa tələsməyən, ey Musanın dövründə uzun müddət haqqı inkar etdikləri, Allahın nemətlərindən qidalanıb Ondan başqasına ibadət və pərəstiş etmələri, Allaha qarşı çıxmaları, Ona şərik qoşaraq peyğəmbərlərini təkzib etmələrinə baxmayaraq, sehrkarlara nicat verən! Ey Allah, ey Allah, ey yaradan, Sənin tayın-bərabərin yoxdur, ey fənaya uğramayacaq əbədi, ey kimsənin diri olmadığı zaman diri olan, ey ölüləri dirildən, ey bütün məxluqatın əldə etdiyinə nəzarətçi! Ey şükrüm az olduğu halda, məni (nemətdən) məhrum etməyən, xətalarımın böyük olsa da, məni rüsvay etməyən, günah etdiyimi gördüyü halda, onu camaata faş etməyən! Ey məni körpəlikdən qoruyub hifz edən, böyüklüyümdə mənə ruzi verən! Ey nemətlərini sayıb qurtarmaq və şükrünün yerinə yetirilməsi mümkün olmayan! Ey mənə Öz nemət və ehsanını əta etdiyi halda, mənim ona üsyankarlıq və itaətsizlik etdiyim! Ey məni nemətin şükrünü anlamazdan əvvəl imana hidayət edən! Ey xəstə olduğum zaman çağırdıqda mənə şəfa, çılpaq olduğum zaman çağırdıqda libas verən, ac olduğum zaman çağırdıqda məni doyuzduran, susuz olduğum zaman çağırdıqda sirab edən, zəlil halda çağırdıqda məni ucaldan, nadan halda çağırdıqda agahlıq verən, tək çağırdıqda məni (ailə üzvlərimin sayını) çoxaldan, qəriblikdə olduğum zaman çağırdıqda məni vətənə qaytaran, fəqirlik zamanı çağırdıqda məni ehtiyacsız edən, kömək istədiyim zaman çağırdıqda mənə yardım edən və məni məhrum etməyən! Bunları etmədikdə, Özü onları ehsan edən! Həmd və şükür yalnız Sənə məxsusdur, ey azğınlıqlarımdan keçən, qəm-qüssəmi dağıdan, duamı qəbul edən, eyiblərimi örtən, günahlarımı bağışlayan, məni arzularıma çatdıran və düşmənlərimə qələbə çalmaqda mənə yardım edən! Əgər Sənin nemətlərini, bəxşiş və ehsanlarını saymaq istəsəm, onları sayıb qurtara bilmərəm. Ey mənim mövlam, bəxşiş edən Sənsən, nemət verən Sənsən, ehsan edən Sənsən, gözəlləşdirən Sənsən, fəzilətli edən Sənsən, kamala çatdıran Sənsən, ruzi verən Sənsən, müvəffəq edən Sənsən, əta edən Sənsən, ehtiyacsız edən Sənsən, sərmayə verən Sənsən, pənah verən Sənsən, işlərdə yetərli olan Sənsən, hidayət edən Sənsən, amanda saxlayan Sənsən, eyibləri örtən Sənsən, bağışlayan Sənsən, güzəştə gedən Sənsən, məqam verən Sənsən, ucaldan Sənsən, yardım edən Sənsən, qüvvətləndirən Sənsən, dəstəkləyən Sənsən, kömək edən Sənsən, şəfa verən Sənsən, sağlamlıq verən Sənsən, üstünlük verən və bərəkətli edən Sənsən! Daimi olan həmd və şükür yalnız Sənə məxsusdur! İlahi, mən günahlarımı etiraf edirəm, belə isə, məni bağışla! Pis iş görən mənəm, xəta edən mənəm, iradə edən mənəm, nadan mənəm, qafil mənəm, səhvə yol verən mənəm, özünə etimad edən mənəm, bilərəkdən nəfsi istəklərinə uyan mənəm, vədə verən mənəm, vədəsinə xilaf çıxan mənəm, əhdini pozan mənəm, iqrar edən mənəm, verdiyin nemətləri etiraf etdiyim halda, bir daha günaha üz tutan mənəm, belə isə onları bağışla! Ey bəndələrinin günahı ona heç bir zərər yetirməyən və onların itaətindən ehtiyacsız olan, saleh əməl sahiblərinə Öz yardım və rəhməti ilə müvəffəqiyyət verən! Həmd yalnız Sənə məxsusdur, ey mənim məbud və mövlam! İlahi, yaxşı işlərə əmr etdiyin halda, mən itaətsizlik etdim, pis işləri qadağan etdiyin halda, qadağalarına mürtəkib oldum və elə bir hala düşdüm ki, üzrümü qəbul edib mənə bəraət qazandıracaq və yardım edəcək bir kimsə yoxdur. Ey mənim mövlam, hansı vasitə ilə Sənin hüzuruna gəlim? Gözüm, əlim, qulağım və dilimləmi, yoxsa, əllərim və ayaqlarımlamı? Bunların hamısını ixtiyarımda qoyduğun halda, onlarla günah etdiyim nemətlər deyilmi? Mənə höccət tamamlanmış və işlər mənim əleyhimədir! Ey məni ana-ata və nənə-babalarımın əziyyətindən qoruyan, qohum-əqrəba və qardaşlarımın mənə eyib tutmasından amanda saxlayan, soltanların əzabından qoruyan! Ey mənim mövlam, əgər onlar Sənin mənim haqda bildiklərini bilsəydilər, mənə bir an belə möhlət verməz, məni öz yanlarından qovar və məndən uzaqlaşardılar. İlahi, mən Sənin hüzurunda başıaşağı, xar, aciz, kiçik, bəraət qazanmağa üzrü və yardım edəcək qüdrətli bir kəsi, istinad edəcək bir dəlili, pis əməlləri yerinə yetirmədiyimi söyləmək üçün bir sözü olmayan halda dayanan həmin (günahları çox olan) bəndəyəm! Bütün bədən üzvlərim və əzalarım əleyhimə şahid olduğu və Sənin əməllərdən sorğu-sual edəcəyini, hökmünün ədalətli, zülm etmədiyini və ədalətinin həlakətə sürüklədiyini bildiyim və buna şəkk deyil, yəqin etdiyim halda, əgər inkar etsəm, ey mənim mövlam, inkarımın necə mənə faydası ola bilər?! Sənin ədalətindən Sənin Özünə sığınıram! İlahi, əgər mənə əzab versən, bu, mənim əleyhimə olan dəlil və günahlarıma görədir! Əgər məni əfv etsən, bu, Sənin səbirli və ehsan sahibi olmağındandır! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən özünə zülm edənlərdənəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən tövbə edənlərdənəm, Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən sənə iman gətirənlərdənəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən Səndən qorxanlardanam! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən sıxıntıda olanlardanam! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən (rəhmətinə) ümidvar olanlardanam! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən Sənə rəğbətli olanlardanam! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən Sənə "təhlil" (La ilahə illəllah - Allahdan başqa heç bir tanrı yoxdur) deyənlərdənəm! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən hacət istəyənlərdənəm! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən sənə təsbeh deyənlərdənəm! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, mən Sənə "təkbir" (Allahu-əkbər - Allah böyükdür) deyənlərdənəm! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan! Həqiqətən, Sən mənim və əvvəlki ata-babalarımın Rəbbisən. İlahi, beləcə Səni böyük bildiyim halda həmd-səna edir, Sənə iman gətirdiyim halda Səni ixlasla yad edir, nemətlərini sadaladığım halda onları iqrar edirəm! Mənə verdiyin, əvvəlcədən vücudumda yerləşdirdiyin və onların vasitəsilə ehtiyaclarımı zənginliklə əvəz etdiyin, zərərləri aradan qaldırdığın, mənə asanlıq bəxş etdiyin, çətinliyi uzaqlaşdırıb bəlaları dəf etdiyin, bədənimə afiyət və dinimə sağlamlıq verdiyin nemətlər o qədər çox, məlum və boldur ki, onları sayıb qurtara bilməyəcəyimi etiraf edirəm. Hətta məxluqatın əvvəlkiləri və sonrakıları bir yerə toplaşıb onları sadalamaqda mənə yardım etsə də, yenə onları sayıb qurtarmağa qadir olmarıq! Sən müqəddəs və uca məqam sahibisən!, Xeyir xəzinələri Sənin ixtiyarındadır. Sən ehsan sahibi, əzəmətli və mehribansan! Nemətlərin saysız-hesabsızdır. Sənə layiqli həmd-sənanı yerinə yetirmək və nemətlərinin əvəzini vermək olmaz! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Öz nemətlərini bizə tamamla, Sənə itaət etməklə bizi səadətə çatdır! Sən pak və bütün eyiblərdən uzaqsan! Səndən başqa heç bir tanrı yoxdur! İlahi, Sən çətinlikdə olanların duasını qəbul edən, xoşagəlməz hadisələri aradan qaldıran, qəm-qüssəni kənarlaşdıran, xəstələrə şəfa verən, fəqiri ehtiyacsız edən, çatışmazlıqların əvəzini verən, kiçiyə rəhm edən və yaşlıya yardım edənsən! Səndən başqa sığınacaq yeri və Səndən üstün bir qüdrətli yoxdur. Sənin məqamın ucadır! Ey əsir və zindandakıları azad edən! Ey (südəmər) körpə uşağa ruzi verən, ey qorxub pənah axtaranları qoruyan, ey şərik və yardımçısı olmayan! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Bu gecə bəndələrinə əta və ehsan etdiyin, daim təzələdiyin nemətlərin ən fəzilətlisini mənə də bəxş et! Məndən bəlanı dəf et, qəm-qüssəmi aradan qaldır, duamı qəbul et, pis işlərimi gizlə! Həqiqətən, Sən istədiyinə lütf edən, hər şeydən agah və hər şeyə qadirsən! İlahi, Sən çağırılanların ən yaxını, (duanı) qəbul edənlərin ən sürətlisi, əfv edənlərin ən kəramətlisi, bəxşiş edənlərin ən səxavətlisi, hacət istəyənlərin ən yaxşı eşidənsən! Ey dünya və axirətdə mehriban və onların hər ikisində rəhmli olan! Sənə bənzər heç bir hacət istənilən, Səndən başqa bir arzumuz yoxdur! Səni çağırdıqda, duamı qəbul etdin, bir şey istədikdə, əta eltdin, Sənə rəğbət göstərdikdə, mənə rəhmət etdin, Sənə etimad etdikdə, mənə nicat verdin, Sənə sığındıqda, mənə yetərli oldun! İlahi, bəndən, rəsulun və peyğəmbərin Məhəmmədə, onun məsum və pak Əhli-beytinə salam yetir! Öz nemətini bizə tamamla, əta etdiklərini bizim üçün dəyərli et, bizi Sənə şükür edənlər və nemətlərini xatırlayanlar sırasında qeyd et! Amin, ey aləmlərin Rəbbi! İlahi, ey malik və qadir, ey qüdrətli və qalib, Ona üsyankarlıq edildikdə örtən, bağışlanmaq dilədikdə bağışlayan, ey rəğbətlilərin və hacət istəyənlərin məqsədlərinin, ümid edənlərin ümidinin sonu! Ey elmi ilə hər şeyi əhatə edən, güzəşt istəyənlərə qarşı mehribanlığı, rəhmət və helmi geniş olan! İlahi, bizi əzəmətli və şərafətli etdiyin bu gecədə Sənə diqqət yetirir və Sənə and veririk peyğəmbərin, rəsulun, məxluqatın arasından seçərək üstün etdiyin, vəhyinə əmanətdar, müjdə verən, qorxudan, hidayət yolunda parlaq çıraq olan, onun sayəsində müsəlmanlara nemət verdiyin, onu aləmlərə rəhmət olaraq göndərdiyin Məhəmmədi! İlahi, Məhəmmədə (o, buna layiqdir) və Məhəmmədin Əhli-beytinə salam yetir! Ey əzəmətli olan, ona və onun nəcabətli və pak Əhli-beytinə salam yetir. Bizi əfv etməklə günahlarımızı ört! Müxtəlif dillərdə olan məxluqatın səsləri Sənə tərəf qalxar. İlahi, bu gecə məxluqat arasında böldüyün hər bir xeyirdən, hidayət etdiyin nurdan, geniş rəhmətindən, nazil etdiyin bərəkətdən, verdiyin sağlamlıqdan, bəxş etdiyin ruzidən bizə də nəsib et, ey mehribanların ən mehribanı! İlahi, bu gecə bizi naümid olanlardan deyil, hacətləri qəbul olunmuş, nicat tapmış, yaxşılıq və qənimət əldə etmiş kəslərin zümrəsinə qat, bizi geniş rəhmətin və ümid bəslədiyimiz fəzlindən məhrum etmə, bizi Sənin rəhmətin və əta etdiklərinin fəzlindən məhrum olanların sırasına qatma və bizi naümid halda geri çevirərək qapından qovma! Ey səxavətlilərin ən səxavətlisi, ey ehsan edənlərin ən əliaçığı, yəqin etdiyimiz halda Sənə üz tutmuşuq! Sənin möhtərəm evini (Kəbəni) ziyarət etməyi qəsd etmişik! Həcc əməllərini yerinə yetirməkdə bizə yardım et, həccimizi kamala yetir, bizi bağışla, bizə sağlamlıq bəxş et! Günahlarımızı etiraf etdiyimiz, xar və zəlil olduğumuz halda əllərimizi Sənin dərgahına qaldırmışıq. İlahi, bu gecə Səndən istədiklərimizi bizə əta et və işlərimizdə bizə yetərli ol! Səndən başqa bizə yetərli, Səndən savayı hökmü bizə nüfuzlu, elmi bizi əhatəli və mühakiməsi ədalətli Rəbbimiz yoxdur! Bizim üçün xeyirli olanı hökm et, bizi xeyirə yetişənlərdən yaz! İlahi, ehsanınla böyük mükafat və savabı, ehtiyat, kəramət və asanlığının davamiyyətini bizə vacib et. Günahlarımızın hamısını bağışla, bizi həlak olanlarla birgə həlak etmə, mehribanlıq və rəhmətini bizdən əsirgəmə! İlahi, bu vaxtda bizi Səndən istədikdə, əta etdiyin, şükrünü yerinə yetirdikdə nemətlərini artırdığın, tövbə edib Sənə tərəf qayıtdıqda tövbəsini qəbul etdiyin, pis əməllərinə nifrət edən və Sənin də onları bağışladığın kəslərdən qərar ver! Ey əzəmət və ehsan sahibi! İlahi, bizi pakla, Sənə itaətə müvəffəq et, ah-naləmizi qəbul et, ey hacət istənilənlərin ən yaxşısı, ey mehribanların ən mehribanı, ey göz qapaqlarının yumulması və göz işarələrindəki gizli sirlərdən, qəlblərin gizlətdiklərindən xəbərdar olan! Bütün bunları Sənin elmin hesaba almış və helmin də əhatə etmişdir! Sən zalımların dediklərindən qat-qat uca və böyük, pak və bütün eyiblərdən uzaqsan! Yeddi qat göy və yerdə, onların arasında olanlar Sənə təsbeh deyir. Sənə həmd-səna ilə yanaşı təsbeh deməyən heç bir şey yoxdur! Həmd, böyüklük və ucalıq yalnız Sənə məxsusdur! Ey əzəmət və ehsan sahibi, ey mehriban və bağışlayan! İlahi, mənim üçün halal ruzini artır, bədənim və dinimə afiyət ver, qorxumu asayişə çevir, məni oddan xilas et! İlahi, günahlarıma görə məni öz tədbirinlə yaxalama, məni tədrici qəflətə salaraq sonda həlak etmə, cin və insanların şərindən qoru!

Sonra başını səmaya qaldırdı. Gözlərindən şiddətlə göz yaşı axırdı və uca səslə deyirdi:

Ey eşidənlərin ən yaxşı eşidəni, ey görənlərin ən bəsirətlisi, ey haqq-hesab çəkənlərin ən sürətlisi, ey mehribanların ən mehribanı, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! İlahi, hacətimi rəva qıldıqdan sonra məni digər şeylərdən məhrum etsən də, zərər görməməyimi Səndən istəyirəm. Əgər onu məndən əsirgəsən, nə versən də, daha mənə fayda verməz! İlahi, məni cəhənnəm odundan azad etməyini istəyirəm! Səndən başqa heç bir tanrı yoxdur. Sən tək və şəriksizsən! Mülk yalnız Sənindir və həmd-səna yalnız Sənə məxsusdur! Sən hər bir şeyə qadirsən, ey Rəbbim, ey Rəbbim!

İlahi, qəni və zəngin olduğum zaman Sənə möhtac idimsə, fəqirliyimdə necə möhtac olmayım? İlahi, elmli olduğum zaman nadan idimsə, cahilliyimdə necə nadan olmayım? İlahi, həqiqətən, müxtəlif tədbirlərin və sürətli şəkildə dəyişən müqəddəratın (qəza və qədərin) arif bəndələrinin Sənin əta etdiyin nemətlərinə görə arxayın və yaxud bəlalar zamanı lütfündən naümid olmasına mane olur! İlahi, mənə alçaqlığıma, Sənə isə kəramətinə layiq olanlar yaraşır! İlahi, mənim zəif vücudumu xəlq etməzdən öncə, Özünü mənimlə mehriban və lütfkarlıqla davranmaqla vəsf etmisən! Belə isə, zəif vücudumu mehribanlıq və lütfündən məhrum edərsənmi? İlahi, əgər məndən yaxşı işlər baş verirsə, bu, Sənin fəzlindən və mənə minnət qoymağındandır! Əgər məndən pis işlər baş verirsə, bu, sənin ədalətindəndir və Sənin mənim əleyhimə olan bir dəlilindir. İlahi, işlərimi Sənə həvalə etdiyim halda, necə məni özbaşına buraxırsan? Sən mənə yardımçı olduğun halda, kim mənə zülm edə bilər? Yaxud, Sən mənə qarşı mehriban olduğun halda, Sənin mərhəmətindən necə məhrum qala bilərəm? İndi möhtac və çarəsiz olduğum halda, mən Sənin dərgahına təvəssül edirəm. Sənə qovuşması qeyri-mümkün olan fəqirlik kimi bir vasitə ilə necə Sənə təvəssül edim? Vəziyyətim Sənə gizli olmadığı halda, Sənə necə şikayət edim? Sənə məlum olduğu halda, sözlərim daxilimdən Sənə necə xəbər versin? Sənə ümid bəslədiyim halda, məni məyus edərsənmi? Vəziyyətimi dəyişmək Sənin ixtiyarında olduğu halda, onu yaxşılaşdırmazsanmı? İlahi, nadanlığımın böyüklüyünə baxmayaraq, mənə qarşı necə də mehriban və lütfkar, əməllərimin pis olmasına baxmayaraq, mənə nisbətdə necə də rəhmlisən! İlahi, Sən mənə nə qədər də yaxın, mən isə Səndən necə də uzağam! Mənə bu qədər mehriban olduğun halda, görəsən, mənimlə Sənin aranda maneə yaradan nədir? İlahi, halətlərin dəyişilməsi və (dünyada baş verən) dəyişikliklərin müxtəlifliyindən anladım ki, məni yaratmaqda məqsədin hər şeydə Özünü mənə tanıtdırmaq və nəhayət, Səndən qafil olmamaqdır! İlahi, zəlillik və xarlığım dilimi lal etsə də, Sənin kəramətin məni dilə gətirir, pis xüsusiyyətlərim (sifətlərim) məni məyus etsə də, ehsanların məni iştahalandırır! İlahi, yaxşılıqları pisliklərdən ibarət olan bir kəsin pisliklərinin pis olmaması mümkündürmü? İlahi, həqiqətləri batil iddia olduğu halda, iddiaları iddia olmaya bilərmi? İlahi, hökmün nüfuzlu, iradən isə qalibdir, belə ki, nə danışanın danışmasına imkan verər, nə də hal sahibində sabit bir hal qoyar! İlahi, nə qədər çox itaət etmək və müəyyən bir halda sabit qalmağımı planlaşdırdımsa, ədalətin mənim etimadımı sarsıtdı və fəzilətin isə məni daha əzm və iradəli etdi. İlahi, Sən Özün bilirsən ki, əməllərimdə Sənə itaətim davamlı olmasa da, qəlbimdə Sənə məhəbbət və itaət məqsədim davamlıdır. İlahi, Sənin hakimiyyətin altında olduğum halda, mən necə qərar qəbul edim? Sən əmr etdiyin halda, necə qərar qəbul etməyim? İlahi nişanələrindəki müxtəliflik barədə düşünmək məni Sənin vüsalına qovuşmaqdan uzaqlaşdırır (vüsalını mənə çətinləşdirir). Belə isə, məni Sənə yaxınlaşdıracaq vasitələri ixtiyarımda qoy ki, vüsalına yetim! Varlığında Sənə möhtac olanların vasitəsilə Sənin varlığına necə dəlil gətirim? Sənin Özündən başqa, aşkar varlıq varmı ki, onun vasitəsi ilə Sənin varlığının təcəlli etməsi mümkün olsun? (İlahi,) Sən nə zaman gizli idin ki, Sənin varlığın üçün dəlilə ehtiyac duyulsun?! Sən nə zaman uzaq idin ki, nişanə və məxluqat bizi Sənə yaxınlaşdırsın?! Sən daim qoruduğun halda, Səni görməyən göz kor olsun! Sənin eşq və məhəbbətinin nəsib olmadığı bir bəndə ziyana uğrasın! İlahi, məxluqata Sənin nişanələrinə nəzər salmağı əmr etmisən, belə isə, məni nurani təcəllin və Səni müşahidə etməyə doğru hidayət et ki, Sənin mərifətinə nail olduqdan sonra o nişanələrə nəzər salmaq və onlara etimad etməyə ehtiyac duymayım. Həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, bu, Sənə bəlli olan zillət və xarlığım, Sənə gizli olmayan hal və vəziyyətimdir! Səndən Sənin vüsalına qovuşmağı diləyir və Sənin vasitənlə Sənin varlığına dəlil gətirirəm. Belə isə, məni nuruna doğru hidayət et! Sənə xalis bəndə olmağı mənə nəsib et! İlahi, elm xəzinəndəki elmdən mənə də öyrət və məni örtüyünlə amanda saxla! İlahi, məni dərgahına yaxın olanların həqiqətinə yaxınlaşdır və məni Sənə rəğbət və məhəbbət bəsləyənlərin yoluna yönəlt! İlahi, Öz tədbirinlə məni öz tədbirimdən və Öz ixtiyarınla məni öz ixtiyarımdan (iradəmdən) ehtiyacsız və qəni et! Sıxıntı və çətinlik məkanlarından məni qoru! İlahi, məni zəlillik və xarlıqdan çıxar və əcəlim yetişməzdən öncə, şəkk və şirkdən pakla! Mən yalnız Səndən yardım istəyirəm, belə isə, mənə yardım et! Yalnız Sənə təvəkkül və etimad edirəm, belə isə, məni özbaşına buraxma! Yalnız Səndən istəyirəm, belə isə, məni məyus etmə! Sənin fəzlinə rəğbətliyəm, belə isə, məni məhrum etmə! Özümü Sənə nisbət verirəm, belə isə, məni öz mərhəmət və lütfündən uzaqlaşdırma! Yalnız Sənin qapına üz gətirirəm, belə isə, məni qapından qovma! İlahi, razılığın səbəbsiz yaranmaqdan pak və üstün olduğu halda, mən Sənin razılığına necə səbəb ola bilərəm? İlahi, Sən zatən Sənə hansısa bir mənfəət çatmayacaq qədər qənisən! Belə isə, mənə möhtac olmağın mümkündürmü? İlahi, qəza və qədərin məni ümidvar, nəfsim isə şəhvət zəncirlərinə əsir edir! Belə isə, Sən mənə yardımçı ol və məni bəsirətli və agah et! Öz təlaş və səyimdən ehtiyacsız olacaq qədər məni öz fəzlinlə zənginləşdir! Sən nurunu dostlarının qəlbinə saçaraq mərifətinə nail edən və Özünü onlara yeganə olaraq tanıtdıransan! Sən, Sənə məhəbbəti olanların qəlbindən digərlərini Səndən başqasına məhəbbət bəsləməmələri və sığınmamaları üçün xaric edənsən! Hadisələr onları qorxuya saldıqda, onların munisi Sənsən! Sənin nişanələrindən uzaqlaşdıqda, onları hidayət edən Sənsən! (İlahi,) Səni tapan nəyi itirmiş və Səni itirən nəyi tapmışdır? Səndən başqasına meyil edən kəs hər şeydən məhrum olmuş və Səndən başqasından bir şey istəyən ziyana uğramışdır! Sən ehsanını qət etmədiyin halda, başqasına necə ümid etmək olar? Sən mərhəmət etmək adətini dəyişmədiyin halda, Səndən başqasından necə bir şey istəmək olar? Ey Sənin hüzurunda tənha dayandıqları halda, ünsiyyətinin şirinliyini Öz dostlarına dadızdıran! Ey bağışlanmaq dilədiyi halda dərgahında dayananlara əzəmət libası geyindirən! (İlahi,) Sən, Səni xatırlamazdan öncə xatırlayan, ibadət edənlər Sənə üz tutmazdan əvvəl ehsan edən, hacət istəyənlər bir şey istəməzdən qabaq onlara nemət bəxş edən və bizə həddən artıq hədiyyə etdikdən sonra bir daha bizdən (Öz yolunda verməyə) borc istəyənsən! İlahi, məni Sənə qovuşmaq üçün Öz rəhmət qapına dəvət et! Qəlbimi Sənə bağlamaq üçün məni Öz ehsanına doğru cəzb et! İlahi, həqiqətən, Sənə qarşı günah etsəm də, Səndən ümidim üzülməmiş və bütün amillər məni itaətinə doğru yönəldib, elmim kəramətli olmağından agah etsə də, qəlbimdən qorxun çıxmamışdır! İlahi, Sənə ümid bəslədiyim halda, Səndən necə məyus olum? Sənə etimad etdiyim halda, mənə xəyanət edərsənmi? İlahi, zillətdə olduğum halda, Səndən necə izzət istəyim? Sənə bəndə olduğum halda, zəlil olmağım mümkündürmü? İlahi, məni miskin və fəqirlərin sırasında qeyd etdiyin halda, fəqir və miskin olmamağım mümkündürmü? Öz bəxşiş və ehsanınla məni qəni etdiyin halda, fəqir olmağım mümkündürmü? Sən elə bir Allahsan ki, Səndən başqa heç bir tanrı yoxdur! Özünü bütün şeylərlə tanıtdırdın ki, kimsə səndən qafil olmasın! Sən Özünü bütün məxluqatla mənə tanıtdırdın və zahirdə bütün nişanələrinlə mən səni görürəm! Sən bütün şeylər üçün aşkar və zahirsən! Ey rəhməti ilə hər şeyi əhatə edən və ərşi öz zatında nur səthi ilə bir nişanəni digər bir nişanə ilə örtərək gizlədən və özündən başqalarını (digər nişanələri) nur pərdələrinin əhatəsində məhv edən (kölgədə qoyan)! Ey nur pərdələri arasında Özünü gözlərdən (görünməkdən) gizli saxlayan! Ey nuraniliklə təcəlli edərək məxluqatı bütün əzəmət mərtəbəsi ilə əhatə edən! Sən zahir olduğun halda, məxfi ola bilərsənmi? Sən hər yerdə hazır olduğun halda, qaib ola bilərsənmi? Həqiqətən, Sən hər bir şeyə qadirsən! Həmd-səna yalnız tək olan Allaha məxsusdur!

Ey Rəbbim, həqiqətən, günahlarım sənə zərər yetirə və məni bağışlamağın Səndən nəyi isə azalda bilməz! Belə isə, Sənədən bir şey azaltmayan şeyləri mənə əta et və Sənə zərər verməyənləri də bağışla!

İlahi, mənim pisliklərimə görə ixtiyarındakı xeyir və mənfəətlərdən məni məhrum etmə! Əgər mənim əziyyət və müsibətlərimə görə mənə rəhm etməsən, heç olmazsa, məni müsibət görmüşlərin əcr və mükafatından məhrum etmə!

Allahım, Mühəmməd və onun övladlarına salam və salavat göndər, (İmam Mehdinin) zühurunu tezləşdir.

 

Bu kateqoriyada daha ətraflı: « Kəbə yeni örtüyünü gözləyir

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob