İmam mehdi (əc)

İmam mehdi (əc) (15)

 

 

 

Əziz və möhtərəm qardaş və bacılar, Sizləri zəmanənin İmamı olan Həzrət İmam Məhdinin (ə.f) mövludu münasibəti ilə təbrik edirik!

 Bəziləri belə bir şübhə atırlar ortalığa ki, guya İmam Həsən Əsgərinin (ə) övladı olmayıb və deməli, onun canişini olmamışdır. Bu iddialar kökündən yalandır. Özü də qərəzli yalandır. Bu məqalədə məqsədimiz bu şübhəyə cavab vermək və siz əzizlərin bayram günlərində Zəmanə İmamınızın (ə.f) varlığının olmasını nəqli dəlil və sübut əsasında görməyinizdir.

 Mövzu ilə bağlı qeyd edəcəyimiz hədislərin sənədlərinin mötəbər olmasını Əhli-Beyt (ə) məktəbinin alimləri təsdiqləmişlər. Məqalə bir az uzun olsa da, lakin Zəmanə İmamının (ə.f) varlığının hədislərlə sübut olmasını yaxından tanımaq üçün oxumağa dəyər.

 İndi isə keçək mübarək hədislərə.

 Məhəmməd ibn Əli ibn Bilal belə nəql edir: "Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) vəfatından iki il əvvəl mənə özündən sonra olan canişini barəsində xəbər vermişdi. Sonra vəfatından üç gün əvvəl də canişini barəsində mənə ondan xəbər yetişdi".

 Əbu Haşim Cəfəri nəql edir: "Əbu Muhəmmədə (ə) (İmam Həsən Əsgəriyə) ərz etdim: "Sizin əzəmət və cəlalınız sizə sual verməkdən məni çəkindirir. İcazə verirsinizmi sizə bir sual verim?".

İmam Həsən Əsgəri (ə) buyurdu: "Buyur, soruş!".

Ərz etdim: "Ey mənim seyyidim, sizin oğlunuz varmı?".

Buyurdu: "Bəli, var".

Dedim: "Əgər sizə nəsə olsa, biz suallarımızı harada ondan soruşaq?".

Buyurdu: "Mədinədə".

 (Mənbə:"Üsuli-Kafi", 1/328, “Hüccət “kitabı, 76-cı bab, hədis 1-2)

 Məhəmməd ibn Bilal – güvənilən ravidir və İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.

Əbu Haşim Cəfəri – güvənilən ravidir və İmam Rzanın (ə), İmam Cavadın (ə), İmam Hadinin  (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.

 

Müaviyə ibn Həkim, Muhəmməd ibn Əyyub ibn Nuh və Muhəmməd ibn Osman əl-Amiri (Allah ondan razı olsun) deyiblər: "Biz qırx nəfər Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) (İmam Həsən Əsgərinin) evində idik. O, övladını bizə göstərdi və dedi: "Bu, məndən sonra sizin İmamınız və üzərinizdəki xəlifəmdir (canişinimdir). Ona itaət edin. Məndən sonra dininizdə təfriqəyə düşməyin, yoxsa həlak olarsız. Bilin ki, bu gününüzdən sonra onu görməyəcəksiniz"”.

Dedilər: "Yanından çıxdıq və bir neçə gün keçdikdən sonra Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) dünyasını dəyişdi".

 (Mənbə: Şeyx Səduq, "Kəməlud-din", bab 43, hədis 2)

 Gördüyümüz kimi, İmam Həsən Əsgəri (ə) öz canişinini – yəni İmam Məhdini (ə.f) öz əshabına göstərmişdir. İmam Həsən Əsgərinin (ə) “Bilin ki, bu gününüzdən sonra onu görməyəcəksiniz” deməsi, İmamın (ə.f) qeyb olma məsələsinə işarədir.

 Əhməd ibn İshaq ibn Səd əl-Əşəri deyib: "Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) (İmam Həsən Əsgərinin) yanına daxil oldum. Ondan özündən sonrakı canişin barədə soruşmaq istəyirdim.

Özü sözə başlayaraq, buyurdu: "Ey Əhməd ibn İshaq, Allah Təbərakə və Təala, nə Adəmin (ə) dövründən bu yana Yer üzünü məxluqat üzərində hüccət olmadan boş qoymuşdur, nə də Qiyamət qopanadək boş qoyacaqdır.

Onun sayəsindədir ki, bəlanı yer sakinlərinin üzərindən dəf edir. Ona görədir ki, yağış yağdırır və yer üzünün (nemət və) bərəkətlərini çölə çıxarır".

 Mən dedim: "Ey Allah Rəsulunun (s) oğlu, səndən sonra İmam və canişin (xəlifə) kimdir?".

O, (ə) tələsik ayağa qalxdı, evə daxil oldu, sonra çiynində üç yaşlı bir oğlan uşağı ilə qayıtdı. Onun üzü on dörd gecəlik Ay kimi parıldayırdı.

 Buyurdu: "Ey Əhməd ibn İshaq, əgər Allah dərgahında və hüccətlərinin yanında xətir-hörmətin olmasaydı, bu oğlumu sənə göstərməzdim. O, Allah Rəsulunun (s) adaşı və həmkünyəsidir. O, elə bir kəsdir ki, Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, haqq və ədalətlə dolduracaqdır".

“Ey Əhməd ibn İshaq, onun məsəli bu ümmət arasında Xızır (ə) və Zülqərneyn kimidir. Allaha and olsun ki, o, elə bir şəkildə qeybə çəkiləcək (onun elə uzun bir qeyb dövrü olacaqdır) ki, həmin zaman ərzində yalnız o kəs həlak olmaqdan qurtuluş tapacaq ki, Allah əzzə və cəll onu imamət inancında sabitqədəm və fərəcin tezləşməsi üçün duada müvəffəq etmişdir"”.

 Əhməd ibn İshaq deyir: "Dedim: "Ey mövlam, bir nişanə varmı ki, qəlbim onunla xatircəm olsun?".

O uşaq (ə) fəsahətli ərəb dilində danışaraq, buyurdu: "Mən – Allahın Yer üzündə Onun (gizli) saxladığı (Bəqiyyətullah) və düşmənlərindən intiqam alanam. Ey Əhməd ibn İshaq, gördükdən (və müşahidə apardıqdan) sonra əlamət axtarma!"”.

 

Əhməd ibn İshaq deyir: "Mən şad-xürrəm halda çölə çıxdım. Həmin günün sabahısı onun (İmam Həsən Əsgərinin) yanına qayıdıb, dedim: "Ey Allah Rəsulunun (s) oğlu, mənim boynuma qoyduğun minnətin sayəsində şadlığım çoxdur. Bəs (de görüm) onun barəsində baş verəcək Xızır və Zülqərneynin malik olduğu bənzərlik (sünnət) nədir?".

Buyurdu: "Ey Əhməd, uzunmüddətli qeybdir".

 Dedim: "Ey Allah Rəsulunun (s) oğlu, onun qeybi uzun çəkəcəkdir?".

Dedi: "Rəbbimə and olsun ki, belədir. O yerə qədər ki, ona inananların çoxu (dindən) dönəcəklər. Yerdə qalan yalnız o kəsdir ki, Allah əzzə və cəll ondan vilayətimiz üçün əhd-peyman almış, qəlbində iman yazmış (qoymuş) Özü tərəfindən bir ruh vasitəsilə onu dəstəkləmişdir. Ey Əhməd ibn İshaq, bu, Allahın əmrindən olan bir əmr, Onun sirrindən olan bir sirr, qeybindən olan bir qeybdir. Buna görə də sənə verdiyimi götür, onu gizli tut, şükür edənlərdən ol ki, sabah illiyyunda (Cənnətin ən ali mərtəbəsində) bizimlə birlikdə olasan"”.

 (Mənbə :Şeyx Səduq, "Kəməlud-din" bab 38, hədis 1)

 Əhməd ibn İshaq ibn Səd əl-Əşəri – güvəniləın ravi və İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.

 Osman ibn Səid əl-Amiri belə nəql edir: "Əbu Muhəmməd Həsən ibn Əlidən (ə) (İmam Həsən Əsgəridən) atalarından (ə) rəvayət olunan: "Yer üzü Qiyamət gününədək – Allahın məxluqatı üzərində hüccəti olmadan boş qalmayacaqdır" və "Kim zəmanının İmamını tanımadan ölsə, cahiliyyət (dövrünün) ölümü halında ölmüşdür" xəbəri haqqında soruşdular. Mən də onun yanında idim.

O, (ə) belə dedi: "Bu, gündüzün bir həqiqət olduğu tək həqiqətdir".

 Ona (ə) dedilər: "Ey Allah Rəsulunun (s) oğlu, səndən sonra İmam və hüccət kimdir?".

Buyurdu: "Məndən sonra İmam və hüccət – oğlum Muhəmməddir (yəni, İmam Məhdidir). Kim onu tanımadan (və imamlığını qəbul etmədən) ölsə, cahiliyyət halında ölmüşdür. Bilin ki, onun bir qeybi vardır ki, cahillər orada çətinliyə düşəcək, batilə uyanlar həlak olacaq, vaxt təyin edənlər isə yalan danışacaqlar.

Sonra çıxacaqdır (zühur edəcəkdir). Sanki ağ bayraqlar görürəm ki, Nəcəfdə, Kufədə onun başının üzərində dalğalanır"”.

 (Mənbə: Şeyx Səduq, "Kəməlud-din" bab 38, hədis 9. Zülqərneynlə bağlı mövzudan sonra gələn hədislər bölümü)

 Osman ibn Səid əl-Amiri – güvənilən ravi və İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır. O, İmam Məhdinin (ə.f) dörd naibindən birincisi olmuşdur.

 Bu qeyd edəcəyim üç hədisi Şeyx Hürr Amili, İmam Rzanın (ə), İmam Cavadın (ə), İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) əshabından olan Fəzl ibn Şazanın (vəfatı hicri-qəməri 260) "Muxtəsər isbətir-racət" kitabından öz kitabına köçürüb və nəql etmişdir. Fəzl ibn Şazan – güvənilən ravi və qeyd etdiyim İmamların (ə) əshabındandır.

 Şeyx Hürr Amili buyurur:

“Doğru danışan və güvənilən Fəzl ibn Şazan özünün "İsbətir-racət" kitabında belə nəql edib:

“Bizə Muhəmməd ibn Əbdul-Cəbbər nəql edib və deyib: "Seyyidim Həsən ibn Əliyə (ə) (İmam Həsən Əsgəriyə) dedim: "Ey Allah Rəsulunun (s) oğlu! Allah məni sənə fəda etsin. Səndən sonra Allahın bəndələri üzərinə hüccətinin və İmamın kim olduğunu bilməyi daha çox istərdim".

İmam Həsən Əsgəri (ə) dedi: "Məndən sonra İmam və Allahın hüccəti – oğlumdur ki, o, Allah Rəsulunun (s) adaşı və həmkünyəsidir. O şəxsdir ki, Allahın hüccətlərinin xatəmidir və onun xəlifələrinin axırıncısıdır".

 Dedim: "Ey Allah Rəsulunun (s) oğlu! O, kimdəndir?" (Yəni, anası kimdir?).

Dedi: "Qeysərin (yəni) Rum hökmdarının oğlunun qızındandır, lakin o doğulacaq. Uzun (müddətli) qeyblə insanlardan gizli olacaq və sonra isə zühur edəcəkdir"””.

 (Fəzl ibn Şazan) dedi: “Bizə Muhəmməd ibn Əli ibn Həmzə əl-Ələvi nəql etdi və dedi: "Əbu Muhəmmədin (ə) (İmam Həsən Əsgərinin) belə dediyini eşitdim: "Allahın vəlisi, onun bəndələri üzərinə olan hüccəti və məndən sonra olan xəlifəm (yəni, canişinim – oğlum İmam Məhdi) iki yüz əlli beşinci ilin Şaban ayının ortasının (on beşinin) gecəsi, sübh çağı sünnət olunmuş halda doğuldu"”.

 (Fəzl ibn Şazan) dedi: “Bizə İbrahim ibn Muhəmməd ibn Faris ən-Nisəburi nəql etdi və dedi: “Əbu Muhəmmədin (ə) (İmam Həsən Əsgərinin) yanına daxil oldum və onun yanında bir oğlan uşağı var idi. Onun barəsində sual etdikdə, İmam Həsən Əsgəri (ə) buyurdu: “O, mənim oğlum və məndən sonra xəlifəmdir (canişinimdir).

O şəxsdir ki, uzun müddətli qeybə çəkilcəkdir. Yer üzü zülm və haqsızlıqla dolduqdan sonra, zühur edib haqq və ədalətlə dolduracaqdır"”.

 (Mənbə:Şeyx Hürr Amili, "İsbətul-hudət", 5/196-197, hədis 679, 682 və 683. 44-cü fəsl)

 Muhəmməd ibn Əbdul-Cəbbər (həmçinin ona Muhəmməd ibn Əbu Sahbən də deyiblər) – güvənilən ravi və İmam Cavadın (ə), İmam Hadinin  (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.

 Muhəmməd ibn Əli ibn Həmzə əl-Ələvi – güvəniləndir, ən azı İmam Həsən Əsgərinin (ə) əshabındandır.

 İbrahim ibn Muhəmməd ibn Faris ən-Nisəburi – İmam Hadinin (ə)  və İmam Həsən Əsgərinin (ə) əshabındandır. Heç bir müşkül mövzuya aidiyyəti olmayan bir şəxsdir.

 Gördüyümüz kimi, İmam Həsən Əsgəri (ə) öz oğlunu və canişinini – yəni, İmam Məhdini (ə.f) öz əshabına göstərmişdir və o Həzrətin (ə.f) Allah tərəfindən İmamətə çatmasını təsdiqləmişdir.

 İmam Cəfər Sadiq (ə) buyurdu: "Qaim (ə.f) iki dəfə qeybə çəkiləcəkdir. Bunlardan biri qısa müddətlidir və digəri isə uzun müddətlidir. Birinci qeyb olunmasında harada olduğunu xüsusi tərəfdarları bilsə də, ikinci qeyb olunmasında ancaq xüsusi dostları biləcəklər".

 (Mənbə:"Üsuli-Kafi", 1/340, Höccət kitabı, bab 80, hədis 19)

 Mövzu ilə bağlı digər hədislər də var, lakin biz buradək nəql etməklə kifayətlənirik.

 Uca Allah bizləri zəmanənin İmamını (ə.f) tanımağı və o Həzrətə (ə.f) gözəl şəkildə beyət edib yaşamağı nəsib etsin, inşəAllah!

 Elnur Əlizadə,

“Dəyərlər”in oxucusu

 

İmam Zaman ağa (ə.f) buyurur: “Allahın qəti iradəsi bu cürdür ki, gec və ya tez haqqın sonu – qələbə, batilin sonu – məhv olmaqdır”.

Bu sözləri Həzrət (ə.f), Əhməd ibni İshaqa yazdığı məktubda bəyan etmişdir.

O, bu məktubda əmisi Cəfərin vilayətini rədd edərək, atası İmam Həsən Əsgəridən (ə) sonra özünün vəsi olduğunu bildirmişdir.

İmam (ə.f) öz davamçılarına məsləhət görmüşdür ki, həmişə haqqı müdafiə etsinlər. Çünki, batil gəlib-gedəndir. Bir müddət cövlan etsə də, hakim olsa da, ancaq sonu məhv olmaqdır.

Bunu tarixdə də aydın görmək olur. Nəmrudun, Fironun, Hitlerin, müxtəlif digər diktatorların aqibətləri bu həqiqəti dərk etmək üçün kifayətdir.

Ona görə də İmam (ə.f) tövsiyə edir ki, həmişə haqqın tərəfdarı olun və bilin ki, bu çətinliklər müvəqqətidir və bir gün sona çatacaqdır.

Batilin aldadıcı zahirinə ürək bağlamayın. Çünki haqq nuru bir gün səmərə verəcək və batili məhv edəcəkdir.

İmam (ə.f) işarə edir ki, mənim intizarımı çəkin və dövrün çətinliklərinə mənim zühurumun intizarı ilə səbir edin ki, haqq bizimlədir və bu, Allahın qəti iradəsidir. (İslami saytlara istinadən)

İmam Zamanın (ə.f) dünyaya gəlişi Yer əhli üçün xeyir və bərəkət olduğu üçün, həmin günün böyük fəzilətləri vardır. O, Yer üzərində olan sonuncu hüccətdir. 255-ci hicri-qəməri ilinin Şəban ayının 15-i səhəri dünyaya gözlərini açmışdır.

Nimeyi-Şəban o mübarək gecələrdəndir ki, Qədr gecəsinə çox bənzərliyi vardır. Necə ki, Qədr gecəsinin fəzilətləri vardır, Nimeyi-Şəban gecəsinin də çox fəzilətləri vardır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allah Nimeyi-Şəban gecəsində Kələb qəbiləsinin qoyunlarının tükü qədər bəndələrini bağışlayar”.

İmam Sadiq (ə) buyurur: “Necə ki, Allah Peyğəmbərə (s) Qədr gecəsini mərhəmət etmişdir, biz Əhli-Beytə (ə) də Nimeyi-Şəbanı əta etmişdir”.

İmam Baqir (ə) bu gecə ilə bağlı buyurur: “Qədr gecəsindən sonra ən fəzilətli gecə - Nimeyi-Şəban gecəsidir. Allah bu gecədə Öz fəzlini bəndələrinə şamil edər və Öz kərəmi ilə onları bağışlayar. Ona görə də Sübhan Allaha yaxın olmaq üçün bu gecədə səy göstərin. Çünki Allah and içmişdir ki, heç bir diləyəni məhrum etməyəcəkdir”. (Tebyan)

Allahın Peyğəmbəri (s) Nimeyi-Şəban gecəsində Aişəyə buyurur: “Nimeyi-Şəbanda əcəllər yazılar, ruzilər bölünər və Allah Təala bu gecədə Kələb qəbiləsinin qoyunlarının tükü qədər bəndələri bağışlayar, mələklər dünya səmasına və oradan da yerə nazil olarlar. Əvvəl Məkkəyə enərlər”.

Məsum İmamlarımız (ə) ilə Quran arasında sıx rabitə vardır. İmamlar (ə) özlərini Quranın yardımı ilə tanıdardılar. Quranı tanıtmaq üçün də öz həqiqətlərindən danışardılar. Ona görə də onların birini o biri olmadan təsəvvür etmək olmaz. Bu gözəl gecədə Quranı unutmayaq və onun bərəkətlərindən Qədr gecələrində olduğu kimi, bu gecədə də faydalanaq.

Nimeyi-Şəban gecəsinin (şəban ayının 15-ci gecəsinin) xüsusi namazının qaydasını Sizlərin diqqətinə çatdırırıq:

 

Həzrət Peyğəmbər (s) buyurub: “Kim Şəban ayının on beşinci gecəsi şam və xüftən namazları arasında 4 rükət namaz qılsa, hər rükətdə bir dəfə “Fatihə” və 11 dəfə “İxlas” surəsini oxuyub, namazdan sonra:


- 10 dəfə “Ya Rabbiğfir ləna” (Ey Rəbbim, bizi bağışla)


- 10 dəfə “Ya Rabbirhəmna” (Ey Rəbbim, bizə rəhm et)


- 10 dəfə “Ya Rabbi tub əleyna” (Ey Rəbbim, bizim tövbəmizi qəbul et)

 

Sonra 21 dəfə “İxlas” surəsini oxuyub, daha sonra 10 dəfə


“Subhənəlləzi yuhyil məuta və yumitul əhyaə və huvə əla kullu şey’in qədir” (Pakdır o Allah ki, ölüləri dirildər, diriləri öldürər və O, hər şeyə qadirdir) - duasını oxusa, Allah bunu qəbul edib, onun dünya və axirət barəsində olan istəklərini yerinə yetirər. Onun kitabını sağ əlinə verər, gələn ilə qədər Allahın amanında olar”.

Şəban ayının 14-dən 15-nə keçən gecə - Nimeyi-Şəban, yəni şəbanın 15-ci gecəsidir.

 

Nimeyi-Şəban (“şəbanın ortası”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həzrət Rəsulallah (s) buyurub ki, bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə həcc yazılar.

Həmin gecənin bəzi əməlləri barədə Sizə məlumat vermək istərdik:

 

1. Qüsl almaq. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

 

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

 

3. İmam Hüseynin (ə) ziyarəti. Üstü açıq dama çıxııb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə İmam Hüseynə (ə) salam etmək lazımdır:

 

السلام عليك يا اباعبدالله السلام عليك و رحمة الله و بركاته

 

[Əssəlamu ələykə, yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh]

 

“Salam olsun sənə ey Əba Abdillah. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə”

 

Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Həzrə İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün həcc və ümrənin savabı yazılar.

 

4. "Kumeyl" duasını oxumaq.

 

5. Aşağıdakı zikrlərin hər birini 100 dəfə demək:

 

«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».

 

6. Quran oxumaq. Xüsusilə 3 dəfə “Yasin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar.

 

7. Cəfər Təyyarın namazını qılmaq.

 

Bu namaz 4 rükətdir (2 dəfə 2 rükət). Birinci rükətdə “Həmd”dən sonra “Zəlzələ” surəsi, 2-ci rükətində isə “Həmd”dən sonra “Adiyat” surəsi oxunur.

Üçüncü rükətdə “Həmd”dən sonra “Nəsr” surəsi, namazın 4-cü rükətində isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur.

 

Hər rükətdə qiraətdən sonra (yəni Həmd və surəni dedikdən sonra və rükuya getməmişdən öncə) 15 dəfə, hər rükuda 10 dəfə, hər dəfə rükudan qalxdıqdan sonra 10 dəfə, hər rükətdə hər iki səcdədə 10 dəfə, hər rükətdə hər iki səcdədən sonra 10 dəfə “təsbihati-ərbəbə” deyilir:

 

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ

 

[Subhanallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəl-lahu əkbər]

 

“Allah bütün nöqsanlardan pakdır və həmd olsun Allaha və Allahdan başqa məbud yoxdur və Allah ən böyükdür”.

TəbrizRadiosu--15 şəban dünyanın xilaskarı, zülmü aradan aparıb ədalət bərqərar edəcək İmamın, intizarında olduğumuz Həzrət Məhdinin (ə.f) mübarək mövlud günüdür. Bu münasibətlə zühur intizarında olan bütün möminləri təbrik edirik.

On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (ə) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. 
 
Onun adı İslam Peyğəmbərinin adından, yəni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir. Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.
 
Atası on birinci İmam Həzrət Həsən Əskəri (ə), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır. 
 
Həzrət Məhdi (ə) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

TəbrizRadiosu--Əhməd ibni Əshaq o səhabələrdən idi ki, müsəlmanların zəkatlarını və xümslərini toplayıb, İmam Həsən Əsgəriyə (ə) təhvil verərdi.

O, nəql edir: “Bir gün bir neçə dini sual ilə bir yerdə İmam Həsənə (ə) çatandırılmalı olduqlarımı Həzrətin (ə) xidmətinə gətirdim. Samirra şəhərinə daxil oldum və Həzrətin (ə) evinə tərəf hərəkət etdim.

İmamın (ə) evinə çatıb, qapını döydüm və içəri girən zaman gözüm İmamın (ə) qucağında əyləşən bir uşağa sataşdı. Uşaq çox gözəl və nurani simalı idi. Pul kisəsini Həzrətin (ə) qarşısına qoydum.

İmam (ə) uşağa baxıb buyurdu: “Ey oğlum! Bu mal – sənin davamçılarının malıdır. Onları aç və təhvil al”. Uşaq dedi: “Ey atam! Ey sərvərim! Məgər caizdirmi ki, əlimi o mala uzadım ki, harama bulaşıb?”.

İmam Həsən (ə) Əhməd ibni Əshaqa işarə edərək buyurdu: “Kisənin içərisində olanları çıxart ki, oğlum halal və haramları bir-birindən ayırsın”.

Kisələrdən birini çıxardan zaman uşaq dedi: “Bu mal filan şəxsə aiddir ki, Qumun filan yerində yaşayır. Miqdarı 72 dinardır ki, atasının bağını satdığına və həmçinin satdığı yeddi köynəyə və dükan kirayəsinə görədir”.

İmam Həsən (ə) buyurdu: “Əzizim, düz deyirsən. İndi de görüm hansı haramdır?” Uşaq buyurdu: “Bu kisədə bir dinar şəkklidir və Rey əhlinə aiddir”.

Sonra kisələrdən başqasına işarə etdi və buyurdu: “Bu kisənin sahibi filankəsdir ki, filan şəhərdə bir qədər ipi parça toxumaq üçün məşhur parçatoxuyana veribdir. Uzun müddət keçdiyinə görə ipləri oğru oğurlayır. İpin sahibi də toxucunu cərimə edib, verdiyindən yarım dəfə çox ipin pulunu alır. Ona görə də bu kisədə olan bir dinar belə yolla əldə olunduğu üçün haramdır”.

Uşaq üçüncü kisəyə işarə edir və buyurur: “Bu, Qumun filan məhəlləsində yaşayan şəxsə aiddir. Miqdarı 70 dinardır ki, gərək əl vurulmasın”. İmam Həsən (ə) soruşur: “Niyə?”. Uşaq deyir: “Çünki bunlar o buğdanın satışından alınıb ki, torpaq sahibi əkinçi ilə münaqişə edibdir. Torpaq sahibi də əkinçinin əmək haqqını az veribdir”. İmam Həsən (ə) buyurdu: “Bəli, düzdür”.

Uşaq buyurdu: “Ey Əhməd ibni Əshaq! Bu malı sahibinə qaytar və bizim ona ehtiyacımız yoxdur. İndi o qoca qadının kisəsini gətir”. Əhməd dedi: “Mən həmin kisəni unutmuşdum”.

Bəli, Məsum İmamlar (ə) üçün yaşın heç bir əhəmiyyəti yoxdur. Hansı yaşda olurlarsa-olsunlar, imamət elmi onları həmişə əhatə edər və hər şeydən xəbərdar və agah olarlar.

Mən sənin qədrini bilsəydim əgər, hər ləhzə,

İndi qəm çəkməz idim bir bu qədər, hər ləhzə.

 Sən gedərkən, ölərəm sənsiz, əzizim, demişəm,

Dözdü qəlbim min ilə, bəs nə təhər hər ləhzə?!

Xoşluğun, zövqün, həyat eşqin ürək səndə tapıb,

Günlərim növbələşir sənsiz hədər, hər ləhzə.

Qəlbi həsrət acısı verdi oda, illərlə

Qisməti oldu fəraq, qüssə, kədər, hər ləhzə.

Çevrilib altına üstü bu cahanın, sənsiz

 Üz tutub məhvə, gedir narə bəşər, hər ləhzə.

 Ayrılıq yıxdı şirin arzu evin, çarə nədir?

Qəm çəkir həm Şah özü, həm də nökər, hər ləhzə.

 Bir-birindən önə keçmək diləyən saniyələr,

Səndən ötrü ötüşür şamu-səhər hər ləhzə.

Şahin Qurbanov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

 

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü gəlib çatmaz, məgər o halda ki, bizim aramızdan həqiqi Qaim (ə) qiyam edər. Bu qiyam o zaman olacaqdır ki, Allah Təala ona icazə buyurar. Hər kim onun ardıcılı olsa, nicat tapar. Hər kim əmrindən çıxsa, həlak olar. Ey Allahın bəndələri! Onun yanına gedin. Baxmayaraq ki, buzun və qarın üstündə yerisəniz belə. Çünki, o, Allah Təalanın xəlifəsi və mənim canişinimdir”.

İmam Əli (ə) buyurur: “İmam Əli (ə) İmam Hüseynə (ə) buyurur: “Ey Hüseyn! Sənin doqquzuncu övladın haqq üçün qiyam edən, dini aşkar edən, ədaləti yayandır”. İmam Hüseyn (ə) buyurur: “Ya Əmirəl-möminin! Bu, mütləq olacaqdır?”. Buyurdu: “Bəli. And olsun, Muhəmmədi (s) peyğəmbərliyə seçən Allaha ki, belə olacaqdır. Ancaq qeybdən sonra və o zaman ki, heç kim dində sabitqədəm olmayacaqdır. Məgər o kəslər ki, muxlisdirlər və yəqin ruha malikdirlər. Allah onlardan bizim vilayətimizə görə peyman almışdır. İmanı qəlb səhifələrinə yazmış və Öz tərəfindən olan ruhla onu təsdiq etmişdir”.

Həzrət Zəhra (s.ə) buyurur: “Rəsullah (s) mənə buyurub: “Ey Fatimə! Sənə müjdə verirəm ki, Həzrət Məhdi (ə) sənin nəslindəndir””.

İmam Həsən Müctəba (ə) buyurur: “Heç kim biz Əhli-beytdən (ə) deyildir, məgər o kəslər ki, zamanının hegemonları ilə məcburi beyət bağlamışdır. Məgər Həzrət Qaim (ə) ki, İsa ibni Məryəm (ə) onun arxasında namaz qılacaqdır. Allah onun vilayətini gizli saxlayar. Onun şəxsini gözlərdən qaib edər ki, heç kimin beyəti boynunda olmasın”.

İmam Hüseyn (ə) buyurur: “Bizim aramızda on iki hidayətçi vardır. Onların birincisi Əmirəl-möminin Əli ibni Əbu Talibdir (ə), onların sonuncusu mənim doqquzuncu övladımdır ki, haqqa görə qiyam edənlərin rəhbəridir. Allah onun vasitəsilə yeri öləndən sonra dirildər. Onun əli ilə haqq dini bütün dinlərə qalib edər. Baxmayaraq ki, müşriklərin xoşuna gəlməsə belə”.

İmam Səccad (ə) buyurur: “Bizim Qaim (ə) üçün iki qeyb vardır. Onlardan biri daha uzundur. O qədər uzanacaqdır ki, vilayətə inananların bir çoxu ondan əl çəkəcəklər. O zaman kimsə onun imamət və vilayətinə sabitqədəm qalmayacaqdır, məgər o kəslər ki, imanları güclü, bilikləri düzgün olar. Öz nəfslərində bizim hökmümüzə qarşı kərahət hiss etməzlər. Biz Əhli-beytə (ə) təslimdirlər”.

İmam Muhəmməd Baqir (ə) buyurur: ““Təkvir” surəsinin 15-16 ayələrinin məqsədi Axəril-Zamanın mövlududur ki, bu da bizim nəsildən olan həmin Məhdidir (ə). Onun qeybi vardır ki, o zaman bir dəstə yolunu azar. Bir dəstə isə hidayət olar. Xoş olsun o kəsin halına ki, onu dərk edər”.

İmam Cəfər Sadiq (ə) buyurur: “Həqiqən Sahibi Əmr (ə) üçün qeyb vardır, ona görə də Allah bəndəsi bu dövrdə İlahi təqvaya riayət etməli və dininə çəng vurmalıdır”.

İmam Musa Kazım (ə) buyurur: “Sahibi Əmr (ə) sürgün edilmiş, tək, qaib, qərib, əhlindən uzaq, atasının qanının intiqamını almaq istəyəndir”.

İmam Rza (ə) buyurur: “İmam Həsən Əsgəridən (ə) sonra oğlu Həzrət Hüccət Qaim (ə) imam olacaqdır ki, o, qeyb zamanı intizar olunan və zühuru zamanı isə möminlərin itaət etdiyidir. Əgər dünyanın ömründən bir gün qalsa, Allah həmin günü o qədər uzadar ki, qiyam etsin və yeri ədalətə bürüsün”.

İmam Cavad (ə) buyurur: “Onun qeybi vardır ki, zamanı uzundur. Ona görə də muxlislər onun qiyamının intizarını çəkərlər. Şəkk edənlər onu inkar etməyə qalxarlar. İnkar edənlər onu istehza edərlər. Zühur zamanını təyin edənlər inkar olunarlar. Ona görə əcələ edənlər həlak olar, təslim olanlar isə nicat tapar”.

İmam Hadi (ə) buyurur: “O zaman ki, sizin İmamınız zalımların diyarından qaib olar, fərəcin intizarında olun”.

İmam Həsən Əsgəri (ə) buyurur: “O kəs ki, oğlum Məhdini (ə) inkar edər, o kəs kimidir ki, bütün İlahi peyğəmbərləri və rəsulları qəbul edər, ancaq Həzrət Muhəmmədin (s) nübuvvətini inkar edər. Rəsullahı (s) inkar edən o kəs kimidir ki, bütün peyğəmbərləri inkar etmişdir. Çünki bizim sonuncu İmamımıza itaət etmək - bizim birinci İmamımıza itaət etmək kimidir. Bizim sonuncu İmamımızı inkar etmək - birinci İmamımızı inkar etmək kimidir”.

 

(Tebyan)

Təbriz Radiosu--Böyük mərcə təqlidlər Ayətullah Vəhid Xorasani, Ayətullah Safi Qulpayqani və Ayətullah Cəfər Sübhani ayrı-ayrılıqda bəyanat yayaraq nimeye-şəban gecəsinin  (Şaban ayının 15-i gecəsinin)  yaşadılmasını , əhya saxlanılması və bu gecədə “Təvəssül” duasının oxunmasını sifariş ediblər.

Qeyd edək ki, şəban ayının 15-i  bəşəriyyətin xilaskarı, həzrət Bəqiyətüllahül- əzəm, İmam Məhdinin (əc) səadətli təvəllüd günüdür.
Böyük mərcə təqlidləri  nimeye –şəban gecəsində bütün möminləri həzrət Məhdi (əc)-ın zühurunda təcil olmaq üçün “Təvəssül” duası oxumağa çağırıblar.
Ayətullah Safi Qulpayqani bəyanatında nimeye-şəban gecəsini  əhya saxlamağı sifariş edib və deyib ki,  əsrin İmamının aşiqləri o mövlanın doğum günü və gecəsi çalışsınlar ağanın zühuru üçün dua etsinlər.
Ayətullah Sübhani də öz bəayanatında möminləri bu gecəni əhya saxlamağa sifariş edib və deyib ki, bu gecədə əhya saxlamaq çox fəzilətlidir. “Məhdiye Moud bütün bəşəriyyət üçün ilahi bir hədiyədir. Öz zühuru ilə cəmiyyətdə ədaləti bərqərar edəcək və zülmə son qoyacaq”.

Page 1 of 2