Çərşənbə, 25 Noyabr 2020 22:36

Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi

Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi

Fatimeyi-Məsumə (s.ə) İmam Musa Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısıdır. O, 183-ci qəməri ilində dünyaya gəlmişdir. Xanım (s.ə) o zaman dünyaya gözlərini açmışdı ki, Harunun (lən) zülmü ən pik nöqtəsinə çatmışdı. Bütün zindanlar İmam Əlinin (ə) pak nəslinin nümayəndələri və Əhli-Beyt (ə) davamçıları ilə dolu idi. İmam Musa (ə) hələ də zindanda idi. Ona görə də Xanım (s.ə) ata nəvazişini görmədən böyüyürdü və bu nəvazişi ona qardaşı İmam Rza (ə) göstərirdi. (Həvzəh)

 Həzrət Fatimeyi-Məsumənin (s.ə) ləqəblərindən biri "Əhli-Beytin (ə) kəriməsi"dir. Həqiqətən də Məsumə (s.ə) xanım Əhli-Beytin (ə) kəriməsi idi, o, Həzrət Əli Murtəzanın (ə) nəslindən olan pak və şərafətli xilqətə malik olan xanım idi.

 Xanım (s.ə) qardaşını təkcə bir qardaş kimi deyil, həm də bir ata və bir müəllim, bir vəli kimi sevirdi. O, qardaşını Allahın hüccəti hesab edirdi. Ona görə də İmama (ə) həmişə itaət edir və ona dərin məhəbbət bəsləyirdi. O zaman ki, məcburiyyət üzündən qardaşından ayrılır, bu ayrılıq bütün Əhli-Beyt (ə) üçün, ən çox da Həzrət Məsumə (s.ə) üçün çox üzücü və təsirli olur. Onun ayrılığına tab gətirə bilməyən Xanım (s.ə), Mərvə yollanır. Ancaq bu səfər onun üçün son səfər olur və Mərv yolunda Əhli-Beytin (s.ə) kəriməsi vəfat edir.

 O zaman ki, Reydən bir dəstə mömin İmam Sadiqi (ə) görməyə gəlir, İmam (ə) onlara buyurur: “Mərhəba olsun bizim Qum qardaşlarımıza!”. Onlar deyirlər ki, biz Reydən gəlmişik. Həzrət (ə) buyurur: “Allahın hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) hərəmi vardır və o, Mədinədir. Mövla Əlinin (ə) də hərəmi vardır və o, Kufədir. Biz İmamların (ə) başqa bir hərəmimiz də vardır və o, Qum şəhəridir. Tezliklə övladlarımdan olan Fatimə (s.ə) adlı bir xanım orada torpağa tapşırılacaqdır”.

 Bu gözəl Xanım (s.ə) o qədər pak və iffətli idi ki, məzarı İmamların (ə) ziyarət yerinə çevrilmişdir. Xanımı (s.ə) ziyarət edənlərə behişt vəd edilmişdir. Hərəmi mələklərin qibləgahı təyin edilmişdir. Xanım (s.ə) Qum şəhərinə öz varlığı ilə xüsusi bərəkət gətirmişdi.

 Həzrət Muhəmməd (s) nəslindən olan iki banunun şəfaət verməyə ixtiyarları vardır və bu banulardan biri Həzrət Siddiqeyi-Kubradır (s.ə) və o birisi isə Fatimeyi-Məsumədir (s.ə). İmam Sadiq (ə) bu haqda buyurur: “Onun şəfaəti ilə bizim bütün davamçılarımız behiştə daxil olacaqlar”.

 Əmirəl-möminin (ə) də Qum şəhərinə xüsusi dəyər verərdi və onun əhalisinə salam göndərərdi.

İmam Sadiq (ə) Qum şəhərini Əhli-Beytin (ə) hərəmi adlandırardı. Torpağının pak olduğunu vurğulayardı.

İmam Kazım (ə) behişt qapılarının birinin məhz Qum əhlinə aid olduğunu bəyan etmişdi.

İmam Hadi (ə) Qum əhlini bağışlanmış kimi tanıtmışdı.

İmam Həsən Əsgəri (ə) də Qum əhli haqqında gözəl sözlər demiş və onları mədh etmişdir.

Bu şəhərin bu qədər fəzilətə malik olması Həzrət Muhəmməd (s) Reyhanəsinin varlığına görədir.

 Salam olsun sənə, ey İmam Rzanın (ə) sevimli bacısı!

Salam olsun sənə, ey Əhli-Beytin (ə) kəriməsi!

Şərh yaz


Məxfi kod
Yenilə