Müsəlmanların yeddinci Məsum İmamı olan Həzrət Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdir və 183-cü (miladi 799) ilində şəhid edilmişdir. Altıncı İmam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa Kazım (ə) Əhli-Beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı. O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.

Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-Beyt (ə) tərəfdarları təqiblərin bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-Beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-Beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər.

Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-Beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran - böyük Əhli-Beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-Beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər.

 

Fəxx hadisəsi

“Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Həzrət Peyğəmbərin (s) nəsli olan Bəni-Haşim bu məsələdə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli, İmam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təzyiqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, həcc mövsümündə o, öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrindən olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyindən xəbər tutan xəlifə, onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb, qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər.

İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: “Kərbəla facisəindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmayıb”.

 

İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi, o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, cəmi 1 il hakimiyyət edən bu xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid, əziz İmamı (ə) sürgün etdirərək, həbsə aldırdı.

 

İmam Musa Kazım (ə) zindanda

İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində.

Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub, öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zəkatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib, orada həbs olunsun.

 

Bir il Bəsrə zindanında qaldığı müddətdə İmam Kazim (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb, burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən o Həzrətin (ə) başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə, onların heç biri bu işi görməyə razı olmurdu.

Üçüncü zindanın məsulu Sind (lən) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər əl-Kazim (ə) şəhadətə çatdı...

 

Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə həm özünə bəraət qazandırsın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət, Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər mübarək bədəninin gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam Musa Kazim (ə) xalqın matəm və əzası altında İraqda, Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin (ə) məzarı bu gün milyonlarla müsəlmanların ziyarətgahıdır.

 

İmamın (ə) təbliğ nümunəsi

Bir gün İmam Museyi-Kazim (ə) bir küçədən keçəndə, bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi, ona salam verdi. İmam (ə) ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?».

Kəniz: "Azaddır", - dedi.

İmam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub, bu işləri görməzdi».

 

Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda, kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.

 

O kişi bir az duruxub, İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə (ə) yetirib, salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib, tövbə etdi.

 

O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona "Büşri-hafi" (ayaqyalın Büşr) deyirdilər.

 

Vilayət səmasının 9-cu ulduzu olan İmam Cavad (ə) 195-ci hicri-qəməri ilinin rəcəb ayında Mədinə şəhərində dünyaya gəlmişdir.

 Vaqifiyyə firqəsinin böyüklərindən biri İmam Rzaya (ə) deyir: “Sən İmamsan?”. İmam (ə) buyurur: “Bəli”. Deyir: “Sən İmam deyilsən”. İmam (ə) bir qədər başını aşağı salır və sonra buyurur: “Niyə belə düşünürsən ki, mən İmam deyiləm?”. O, dedi: “İmam Sadiqdən (ə) nəql edilir ki, İmam nəsilsiz deyildir. Sən bu yaşa gəlib çatmısan, ancaq oğlan övladın yoxdur”.

Bu dəfə İmam (ə) başını daha uzun müddət aşağı saldı və sonra buyurdu: “Allaha and olsun ki, uzun müddət keçməyəcəkdir ki, Allah mənə oğlan övladı verəcəkdir”. Bu söhbətdən bir il sonra İmam Cavad (ə) dünyaya gəldi.

 İmam Kazımın (ə) qızı Həkimə xanım nəql edir: “O zaman ki, İmam Cavadın (ə) anası Xizranın doğum zamanı gəlib çatır, İmam Rza (ə) məni çağırdı və buyurdu: “Ey Həkimə! Xızranın doğum mərasimi üçün hazır ol".

 Sonra əmr etdi ki, mən, Xızran və doğum maması bir otağa gedək. Bizim üçün çırağı yandırdı və qapını üzümüzə bağladı. Bu zaman Xızranın doğum sancısı başladı və çıraq söndü. Mən nigaran oldum, ancaq İmam Cavad (ə) bir nur parçası kimi otağı aydınlandırdı və Həzrətdən (ə) yayılan nur bütün otağı bürümüşdü. Körpəni götürdüm və ətəyimə qoydum. Üzərində olan nazik örtüyü ondan ayırdım. Bu zaman İmam Rza (ə) qapını açıb içəri girdi. Körpəni məndən aldı və beşiyə qoydu. Sonra mənə buyurdu: “Ey Həkimə! Beşiyə nəzarət et!”.

 Üç gün keçəndən sonra İmam Cavad (ə) gözlərini açdı, sağa və sola baxdı. Buyurdu: “Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Muhəmməd (s) Allahın göndərdiyidir”. Qorxaraq ayağa qalxdım və İmam Rzanın (ə) yanına getdim. Həzrətə (ə) olanları dedim. İmam (ə) buyurdu: “Ey Həkimə! Ondan görəcəyin qeyri-adiliklər, eşitdiklərindən daha çox olacaqdır””.

 İmranın oğlu Kəlim nəql edir ki, İmam Rzaya (ə) dedim: “Allahdan istə ki, sənə oğlan övladı versin”. İmam (ə) buyurdu: “Mənim ruzim ancaq bir oğlan övladıdır ki, varisim olacaqdır”. O zaman ki, İmam Cavad (ə) dünyaya gəlir, İmam Rza (ə) səhabələrinə buyurur: “Allah mənə bir körpə vermişdir ki, Musa ibn İmran (ə) kimi dənizləri yaracaq, İsa ibn Məryəm kimi (ə) pak xəlq olmuşdur. Oğlum haqsız yerə öldürüləcəkdir və səma əhli ona ağlayacaqdır və Allah onun düşməninə qəzəblənəcəkdir”. (Tebyan)

Bazarertəsi Fevralın115-i hicri-qəməri ili Rəcəb ayının 3-ü şiələlrin 10-cu İmam Hadi (ə)-ın şəhadətinin ildönümü günüdür

Hadi ləqəbi ilə məşhur olan müsəlmanların 10-cu imamı Əliyyən-Nəqi (ə) 214-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı.Yaşının az olmasına baxmayaraq Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz bir şəxsiyyət idi.Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı.

Əhli-sünnə mənbələrində Xanım Fatimənin (s.ə) fəzilətləri barədə yazılanlarla tanış olaq.

 

1. Aişə nəql edir: “Peyğəmbər (s) ölüm xəstəliyi yatağında olarkən buyurdu: "Ey Fatimə (s.ə)! Aləm qadınlarının seyyidəsi, bu ümmətin qadınların seyyidəsi və möminlərin qadınlarının seyyidəsi olmağa razı deyilsənmi?!"”.

Əl-Hakim deyir: Bu hədisin sənədi səhihdir.

Əz-Zəhəbi, "Ət-Təlxis"də deyib: Səhihdir.

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 170, hədis 4740.

 

2. İbn Abbas (r.ə) nəql edir: “Peyğəmbər (s) buyurub: "Aləm qadınlarının ən fəzilətliləri – Xədicə Xuvəylid qızı, Fatimə Muhəmməd (s) qızı, Məryəm İmran qızı və Fironun xanımı Asya Muzəhim qızıdır””.

Əl-Hakim deyir: Bu hədisin sənədi səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis" də deyib: Səhihdir.

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 2, səh. 650, hədis 4160.

 

3. Bureydə əl-Əsləmi nəql edir: "Peyğəmbər (s) kişilərdən ən çox Əlini (ə), xanımlardan isə Fatiməni (s.ə) sevirdi".

Əl-Hakim deyir: Bu hədisin sənədi səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis"də deyib: Səhihdir.

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 168, hədis 4735.

 

4.  İmam Əli (ə) nəql edir: “Allahın Rəsulu (s) Fatiməyə (s.ə) dedi: "Allah sənin qəzəbinə görə qəzəblənir və razılığına görə razı qalır"”. Hədisdən sonra hafiz əl-Heysəmi deyir: ət-Təbərani bu hədisi nəql etmişdir və onun sənədi həsəndir (mötəbərdir).

Mənbə: "Məcməuz-Zəvaid və Mənbəul-Fəvaid", cild 9, səh. 204, hədis 15204.

 

5. Misvər ibn Məxrəmə nəql edir: “Rəsulullah (s) buyurub: "Fatimə mənim vücudumdan bir parçamdır; kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir"”.

Mənbə: "Səhih Buxari", “Səhabələrin fəziləti” kitabı, “Fatimənin (s.ə) fəziləti” babı, hədis 5556.

 

6. Əbu Səid əl-Xudri nəql edir: “Peyğəmbər (s) buyurub: "Biz Əhli-Beytə (ə) nifrət (düşmənçilik) edən hər kəsi Allah cəhənnəmə daxil edər"”.

Mənbə: "Əs-Silsilətus-Səhihə", cild 5, səh. 643, hədis 2488.

Albani deyib ki, hədis səhihdir.

 

7.  Əbu Hüreyrə nəql edir: “Peyğəmbər (s) Əliyə, Fatiməyə, Həsənə və Hüseynə baxıb dedi: "Mən sizə qarşı savaşanlarla savaş, barış içində olanlarla da barış içindəyəm"”.

Əl-Hakim deyir: Bu hədis həsəndir (mötəbərdir).

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 161, hədis 4713.

 

8. Səd ibn Əbu Vəqqas nəql edir: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq" (“Ali İmran”, 61) ayəsi nazil olduqda Allahın Rəsulu (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni yanına çağırıb: "Allahım! Mənim ailəm bunlardır" – buyurdu".

Əl-Hakim deyir: Bu hədis şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis"də deyib: Buxari və Müslümün şərtinə əsasən səhihdir.

Mənbə: "əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 163, hədis 4719.

 

9. Aişə nəql edir: “Peyğəmbərin (s) üzərində qara yundan naxışlı bir örtük olduğu halda çıxdı. Həsən ibn Əli gəldi və onu örtükə daxil etdi. Sonra isə Hüseyn gəldi və onu da birgə daxil etdi. Sonra isə Fatimə gəldi və onu da daxil etdi. Sonra isə Əli gəldi və onu da daxil etdi. Bundan sonra isə belə dedi: "Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". (“Təthir” ayəsini oxudu – “Əhzab” 33)

Mənbə: "Səhih Müslüm", “Səhabələrin fəziləti” kitabı, “Əhli-Beytin (ə) fəziləti” babı, hədis 2424.

 

10.  Aişə nəql edir: "Atasından (Peyğəmbərdən (s)) başqa, Fatimədən (s.ə) daha fəzilətli kimsəni görmədim".

Rəvayətdən sonra İbn Həcər əl-Əsqəlani deyir: Ət-Təbərani "əl-Mucəmul-Əvsət" kitabında bu rəvayəti nəql etmişdir. Onun sənədi şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir.

Mənbə: "Əl-İsabə", cild 8, səh. 264, nömrə 11587 “Fatimətuz-Zəhra (s.ə)”.

 

11. Abbad ibn Abdullah ibn Zubeyr nəql edir: “Aişə, Peyğəmbərin (s) qızı Fatiməni (s.ə) xatırladığı zaman belə deyərdi: "Atasından (s) başqa Fatimədən (s.ə) daha doğru danışan bir kimsəni görmədim"”.

Əl-Hakim deyir: Bu hədis Müslümün şərtinə əsasən səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis"də deyib: Müslümün şərtinə əsasən (səhihdir).

Mənbə: "əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 175, hədis 4756.

 

12. Zeyd ibn Ərqəm nəql edir: “Peyğəmbər (s) buyurdu:"Mən sizə elə bir şey əmanət edəcəyəm ki, əgər ona sarılsanız, məndən sonra heç vaxt azğınlığa düşməzsiniz.

Bu şeylərin ikisi də bir-birlərindən daha da böyükdürlər. Göydən yerə uzanan ip kimi olan Allahın Kitabını və İtrətim olan Əhli-Beytimi.

Bu iki şey Kövsər hovuzunun başında mənə qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar. Bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin!”.

Tirmizi hədisdən sonra bəyan edir: “Bu hədis həsəndir” (yəni, tam mötəbərdir).

Tirmizinin kitabını tədqiq edən sələfi hədisşünası Albani bildirib ki, hədisin sənədi səhihdir.

(Mənbə: "Sünən Tirmizi", c.8, s.288, hədis 3788).

 

13. Cumey ibn Umeyr ət-Təymi nəql edir: "Xalamla birgə Aişənin yanına getmişdim. Aişəyə: "Yaxını olaraq insanlardan kim Allah Rəsuluna (s) daha sevmliydi?" deyə sual edildi. “"Fatimə" (s.ə) idi”, - deyə cavab verdi.

"Kişilərdən bəs kim daha sevmli idi?" soruşulduqda, "Fatimənin (s.ə) əridir. Çünki o gecələri çox namaz qılan və gündüzlərin çoxunda isə oruc olardı", - deyə cavab verdi”.

Tirmizi hədisdən sonra bəyan edir: "Bu hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Sünən Tirmizi", Fatimənin (s.ə) fəziləti babı, hədis 3874).

 

14. (Səhabə) Bureydə nəql edir: "Əbu Bəkr və Ömər, Fatiməni (s.ə) Peyğəmbərdən (s) istədilər. Peyğəmbər (s) onlara buyurdu: "Fatimə (s.ə) hələ kiçikdir" (deyib, onlara vermədi). Əli (ə) istədikdə isə Fatiməni (s.ə) Əli (ə) ilə evləndirdi".

Nəsainin kitabını tədqiq edən sələfi hədisşunası Albani bildirib ki, hədisin sənədi səhihdir.

(Mənbə: "Sünən Nəsai", cild 7, səh 293, hədis 3221.)

 

15. Ət-Təbərani, İbn Məsuddan nəql etmişdir: “Peyğəmbər (s) buyurub: "Allahu Təala mənə əmr etmişdir ki, Fatiməni (s.ə) Əli (ə) ilə evləndirim".

Suyuti deyib: "Hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Əl-Cəmius-sağir", hədis 1693).

 

16. (Səhabə) Sələmə ibn əl-Əkvə Peyğəmbərdən (s) nəql edir: "Ulduzlar səma əhli üçün, Əhli-Beytim (ə) isə mənim ümmətim üçün amandır".

Suyuti deyib: "Hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Əl-Cəmius-sağir", hədis 9313).

 

17. Allah Rəsulu (s) buyurub: "Mənim Əhli-Beytim (ə) sizin üçün Nuhun (ə) gəmisinə bənzəyir. Hər kəs ona minsə, nicat tapar, ondan uzaq düşən isə qərq olar".

Suyuti deyib: "Hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Əl-Cəmius-sağir, hədis 8162).

 

Elnur Əlizadə,

“Dəyərlər”in oxucusu

Fatimeyi-Məsumə (s.ə) İmam Musa Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısıdır. O, 183-ci qəməri ilində dünyaya gəlmişdir. Xanım (s.ə) o zaman dünyaya gözlərini açmışdı ki, Harunun (lən) zülmü ən pik nöqtəsinə çatmışdı. Bütün zindanlar İmam Əlinin (ə) pak nəslinin nümayəndələri və Əhli-Beyt (ə) davamçıları ilə dolu idi. İmam Musa (ə) hələ də zindanda idi. Ona görə də Xanım (s.ə) ata nəvazişini görmədən böyüyürdü və bu nəvazişi ona qardaşı İmam Rza (ə) göstərirdi. (Həvzəh)

 Həzrət Fatimeyi-Məsumənin (s.ə) ləqəblərindən biri "Əhli-Beytin (ə) kəriməsi"dir. Həqiqətən də Məsumə (s.ə) xanım Əhli-Beytin (ə) kəriməsi idi, o, Həzrət Əli Murtəzanın (ə) nəslindən olan pak və şərafətli xilqətə malik olan xanım idi.

 Xanım (s.ə) qardaşını təkcə bir qardaş kimi deyil, həm də bir ata və bir müəllim, bir vəli kimi sevirdi. O, qardaşını Allahın hüccəti hesab edirdi. Ona görə də İmama (ə) həmişə itaət edir və ona dərin məhəbbət bəsləyirdi. O zaman ki, məcburiyyət üzündən qardaşından ayrılır, bu ayrılıq bütün Əhli-Beyt (ə) üçün, ən çox da Həzrət Məsumə (s.ə) üçün çox üzücü və təsirli olur. Onun ayrılığına tab gətirə bilməyən Xanım (s.ə), Mərvə yollanır. Ancaq bu səfər onun üçün son səfər olur və Mərv yolunda Əhli-Beytin (s.ə) kəriməsi vəfat edir.

 O zaman ki, Reydən bir dəstə mömin İmam Sadiqi (ə) görməyə gəlir, İmam (ə) onlara buyurur: “Mərhəba olsun bizim Qum qardaşlarımıza!”. Onlar deyirlər ki, biz Reydən gəlmişik. Həzrət (ə) buyurur: “Allahın hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) hərəmi vardır və o, Mədinədir. Mövla Əlinin (ə) də hərəmi vardır və o, Kufədir. Biz İmamların (ə) başqa bir hərəmimiz də vardır və o, Qum şəhəridir. Tezliklə övladlarımdan olan Fatimə (s.ə) adlı bir xanım orada torpağa tapşırılacaqdır”.

 Bu gözəl Xanım (s.ə) o qədər pak və iffətli idi ki, məzarı İmamların (ə) ziyarət yerinə çevrilmişdir. Xanımı (s.ə) ziyarət edənlərə behişt vəd edilmişdir. Hərəmi mələklərin qibləgahı təyin edilmişdir. Xanım (s.ə) Qum şəhərinə öz varlığı ilə xüsusi bərəkət gətirmişdi.

 Həzrət Muhəmməd (s) nəslindən olan iki banunun şəfaət verməyə ixtiyarları vardır və bu banulardan biri Həzrət Siddiqeyi-Kubradır (s.ə) və o birisi isə Fatimeyi-Məsumədir (s.ə). İmam Sadiq (ə) bu haqda buyurur: “Onun şəfaəti ilə bizim bütün davamçılarımız behiştə daxil olacaqlar”.

 Əmirəl-möminin (ə) də Qum şəhərinə xüsusi dəyər verərdi və onun əhalisinə salam göndərərdi.

İmam Sadiq (ə) Qum şəhərini Əhli-Beytin (ə) hərəmi adlandırardı. Torpağının pak olduğunu vurğulayardı.

İmam Kazım (ə) behişt qapılarının birinin məhz Qum əhlinə aid olduğunu bəyan etmişdi.

İmam Hadi (ə) Qum əhlini bağışlanmış kimi tanıtmışdı.

İmam Həsən Əsgəri (ə) də Qum əhli haqqında gözəl sözlər demiş və onları mədh etmişdir.

Bu şəhərin bu qədər fəzilətə malik olması Həzrət Muhəmməd (s) Reyhanəsinin varlığına görədir.

 Salam olsun sənə, ey İmam Rzanın (ə) sevimli bacısı!

Salam olsun sənə, ey Əhli-Beytin (ə) kəriməsi!

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:

 

1. İmam Səccadın (ə) xəstəliyi.

2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu.

3. Onun Əhli-Beyt (ə) əsirlərinin arasında olması.

4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr.

5. İmamın (ə) şəhadəti.

 

1. İmamın xəstəliyi

Bəzi tarixçilər bu fikirdədirlər ki, İmam Zeynəlabidin (ə) qanlı Kərbəla hadisəsində 24 yaşında idi. Bəziləri isə 22 yaş deyirlər. Muhəmməd ibni Səyid kitabında yazır: “Əli ibni Hüseyn (ə) Kərbəla hadisəsində İmam Hüseynlə (ə) bir yerdə idi. Onun 23 yaşı var idi. Onun övladı İmam Baqir (ə) Kərbəla hadisəsindən İmamın (ə) şəhadətinə qədər atası ilə bir yerdə olmuşdur. 3 və ya 4 yaşı var idi. İmam Səccad (ə) xəstəliyinə görə cihadda iştirak edə bilmədi. Allah onu insanları hidayət etməsi üçün qorudu. Peyğəmbərin (s) Həzrət Fatimədən (s.ə) olan nəsli İmam Hüseyn (ə) vasitəsilə İmam Səccada (ə) çatmışdı”.

 

Şeyx Müfid bu haqda yazır: “O zaman ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içir, Şimr (lən) İmam Səccadı (ə) öldürmək üçün hücum edir. İmam Səccad (ə) xəstə yatağında idi. Həmid ibni Müslim ona müdafiə etdi və Şimrin hücumunu dəf etdi. Xəstə olmağına baxmayaraq, Ömər ibni Səd (lən) onu Əhli-Beytlə (ə) bərabər Kufəyə aparır”.

 

İmam Səccad (ə) Kərbəlada yalnız məhdud bir müddətdə xəstə olmuşdu. Sağalandan sonra 35 il müddətində müsəlmanlara imamlıq edir. Bəziləri onun daima xəstə olduğunu söyləyirdilər, bu məsələ insanların zehnində o qədər uzun müddət qaldı ki, dördüncü İmama (ə) və onun fədakarlıqlarına qarşı diqqətsizlik edirdilər.

 

2. O Həzrətin (ə) Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu

İmam Hüseynin (ə) və onun tərəfdaşlarının şəhadəti Bəni-Uməyyə hökuməti üçün viranedici xarakter daşıyırdı. Bu xəlifəliyin dini olmasını sual altına alırdı.

Bu şəhidlərin fədakarlıqlarının unudulmaması üçün İmam Səccad (ə) həm şəhidlərə göz yaşı tökür, həm də atasının hədəfini davam etdirirdi. Cavidan Aşura hadisəsi o qədər qəmgin və ürəkürpədici idi ki, onun müşahidə edənlər ölənə qədər bu hadisəni yaddan çıxartmadılar.

İmam (ə) o zaman ki, su içmək istəyərdi, gözü suya dəyəndə ağlamağa başlayardı. Həzrətin (ə) ağlamasının səbəbini soruşanda buyurardı: “Necə ağlamayım? O zaman ki, yezidlilər suyu vəhşi heyvanlara açıq buraxmışdılar, ancaq atamın üzünə bağlamışdılar. Onu susuz şəhid etdilər”.

 

İmam Səccad (ə) öz xütbələri ilə insanların bu məsələdə yollarını azmasına imkan vermədi və 14 əsr keçməsinə baxmayaraq, bu hadisə hələ də canlı və cavidandır.

 

3.Onun Əhli-Beyt (ə) əsilərinin arasında olması

Aşura hadisəsindən sonra İmam Səccad (ə) Əhli-Beyt (ə) ilə Kufəyə hərəkət etdi. Əsirlərin dəqiq sayı haqqında məlumat yoxdur. Bəziləri qadınların sayının 64 nəfərdən 84 nəfərə qədər olduğunu və oğlan uşaqların sayının 12-dən 14-ə qədər olduğunu yazırlar. Onları 40 dəvə ilə aparırdılar. Hamısını zəncirə vurmuşdular. Bu karvanın tək kişisi İmam Səccad (ə) idi. Düşmən onlara qarşı çox sərt rəftar edirdi. Tarixçilərin yazdığına görə, İmam Səccadı (ə) palansız dəvənin üzərinə otuzdurmuşdular. Həzrətin (ə) mübarək əllərini boynundan asmış, ayaqlarının hər ikisini dəvənin qarnına bağlamışdılar. Bəzi tarixçilər karvanın Kufəyə daxil olma tarixini Məhərrəm ayının 12-si olduğunu və bəziləri də 16 və 17-si olduğunu yazırlar.

 

4. Həzrətin (ə) Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr

İmam Səccad (ə) Kufədə olan zaman iki dəfə xütbə demişdi. Birinci xütbəni carçıların Kufə xalqını əsirlərə baxmağa dəvət etdiyi zaman etmişdi. Kufənin kənarında əsirlər üçün xeymə qurmuşdular. İmam Səccad (ə) xeymədən bayıra çıxdı və insanlara işarə etdi ki, sakit olsunlar. İmam Səccad (ə) çıxışını Allaha sitayiş etməklə başladı. Peyğəmbərə (s) salavat göndərdi və buyurdu: “Ey insanlar! Kim ki, məni tanıyırsa, tanıyır və tanımırsa, mən - Hüseynin (ə) oğlu Əliyəm (ə). O Hüseynin (ə) ki, Fərat sahilində günahı olmadan və haqsız olaraq, müqəddəs başını bədəninidən ayırdılar. Mən o ağanın oğluyam ki, hərəminə hörmətsizlik edildi, rahatlığı aradan aparıldı. Malı qarət edildi və ailəsi əsir oldu. Mən o insanın oğluyam ki, (düşmənlər onu mühasirəyə aldılar, halbuki o, tək idi və yardımına tələsən kimsə yox idi) şəhid etdilər. Əlbəttə, bu cür şəhadət bizim iftixarımızdır.

Ey insanlar! Sizi Allaha and verirəm, Həzrətə (ə) yazdığınız məktublar yadınızdadırmı? Onunla əhd və peyman bağlamışdınız, onunla beyət etmişdiniz? Siz onunla döyüşə girdiniz və ona yardım etməkdən əl çəkdiniz. Vay olsun sizə! Axirətiniz üçün tədarük gördüyünüz şey necə çirkindir və Peyğəmbərin (s) üzünə necə baxacaqsınız?!”.

 

İmamın (ə) çıxışı bu yerə çatanda kufəlilər ağlamağa başladılar. Yatmış vicdanları oyandı. Onlar bir-birini danlamağa başladı.

 

İmam Səccad (ə) davam edərək, buyurur: “Allah mənim nəsihətimi qəbul edən hər kəsi bağışlasın. Allah və Peyğəmbərə (s) xatir hər nə desəm, əməl etsin. Çünki Peyğəmbəri-Əkrəmin (s) yolu bizim üçün nümunədir”.

 

İmamın (ə) sözləri sona çatmamış kufəlilər bir səslə dedilər: “Ey Rəsulun (s) övladı! Biz sənin əmrinə qulaq asırıq və sənə vəfadarıq. Bundan sonra əmrinin quluyuq. Hər kimlə desən, vuruşarıq. Hər kimlə desən sülh bağlayarıq. Biz sənin və özümüzün haqqını düşməndən alarıq”.

İmam (ə) kufəlilərə buyurdu: “Sizə heç vaxt etimad bəsləməyəcəm. Ey xəyanətkarlar! Ey şəhvət əsirləri! Atama etdiyiniz xəyanəti mənə də etmək istəyirsiniz? Xeyr, Allaha and olsun ki, hələ də vurduğunuz yaradan qan axır. Ürəyim ata və qardaş dağı ilə yanır. Müsibətin acı dadı hələ də getməyib. Mənim qəmim təskinedici deyil. Siz kufəlilərdən istəyirəm ki, nə bizimlə olun və nə bizim əleyhimizə”.

 

İmam Səccad (ə) bu sözləri ilə onların vəfasızlığını və etibarsız olduqlarını üzlərinə vurdu və həsrət atəşini qəlblərinə saldı. Sonra buyurdu: “Əgər Hüseyn (ə) öldürülübsə, elə də qəribə deyildir. Onun da atası ondan qabaq bu kəramət və dəyərlərlə şəhid edilmişdi. Ey kufəlilər! O şeyi ki, İmam Hüseynə (ə) rəva bildiniz, şad olmayın. Bu, böyük hadisə idi. Canım ona fəda olsun ki, Fərat çayının kənarında şəhid oldu. Cəhənnəm atəşi o insanların cəzasıdır ki, onu şəhid etdilər”.

 

Ubeydullah ibni Ziyadın (lən) məclisindəki xütbəsi

İmam Səccadın (ə) Kərbəla əsirləri içərisindəki hüzuru nəzərə çarpan idi. Əsirlər karvanı Ubeydullah ibni Ziyadın (lən) məclisinə daxil olanda, burada Ubeydullahın nəzərini cəlb edən şəxs İmam Səccad (ə) oldu. Çünki o, belə təsəvvür edirdi ki, Kərbəlada bir kişi belə sağ qalmamışdır. Onların hamısını qətlə yetirdiyini düşünürdü. Buna görə sorgu-sual edir və İmam Hüseynin (ə) nəslindən kiminsə sağ qalmasına şahid olmaq istəmədiyini bildirirdi. Karvan məclisə daxil olanda Ubeydullah üzünü İmam Səccada (ə) tutub, deyir: “Adın nədir?”.

İmam (ə) buyurdu: “Əli ibni Hüseyn (ə)”.

Ubeydullah dedi: “Məgər Allah Əli ibni Hüseyni (ə) Kərbəlada öldürmədimi?”.

İmam (ə) bir anlıq susur.

Ubeydullah (lən) deyir: “Niyə susursan?”.

İmam (ə) buyurur: “Allah ölüm zamanı canları alar. Heç bir insan Allahın izni olmadan ölmür”.

Ubeydullah bu sözlərdən o qədər əsəbiləşir ki, əmr edir, onu da şəhid etsinlər. Ancaq Həzrət Zeynəb (s.ə) fəryad çəkir: “Ey ibni Ziyad! Bu qədər qanımızı tökmüsən, sənin üçün kifayət deyilmi? Allaha and olsun ki, əgər onu öldürmək istəyirsənsə, məni də onunla bir yerdə öldür”.

Zeynəbi-Kubranın (s.ə) sözləri ona təsir etdi və İmaını (ə) öldürməkdən əl çəkdi.

 

Əsirlər karvanı lənətlik Yezidin məclisinə daxil olur, İmam (ə) Yezidi görəndə buyurur: “Ey Yezid! Allaha and olsun ki, əgər Allahın Rəsulu (s) bizi bu halda müşahidə etsəydi, səninlə nə edərdi?”.

Şam əhalisi Yezidi Peyğəmbərin (s) xəlifəsi hesab edirdilər. İmamın (ə) bu sözlərindən sonra özlərindən soruşdular ki, məgər bu insanların Peyğəmbərlə (ə) rabitələri varmı? Bununla Yezid rüsvay oldu. Əmr edir ki, İmamın (ə) əl və ayaqlarında olan zəncirləri açsınlar.

 

İmam (ə) irəli gəlib, Yezidə (lən) buyurdu: “Belə düşünməyin ki, siz bizi xar edəsiniz və biz sizi dəyərləndirək. Siz bizə əziyyət verərsiniz və biz də sizə əziyyət verməkdən əl çəkərik. Allah bilir ki, biz sizi sevmirik, əgər siz də bizi sevmirsinizsə, sizi məzəmmət etmərik”.

Yezid dedi: “Düz deyirsən, ancaq sənin atan və cəddin əmir olmaq istəyirdilər. Allaha həmd olsun ki, onları öldürdü və qanlarını tökdü. Atan qohumluğa riayət etmədi. Bizim haqqımızı görməməzliyə vurdular. Mənim səltənətliyimə görə mənimlə döyüşə qalxdı və axırı da gördüyün kimi oldu".

 

İmam (ə) buyurdu: “Ey Müaviyə ilə Hindin oğlu! Dünyaya gəlməmişdən qabaq peyğəmbərlik və hökumət mənim atama və nəslimə aid idi. Bədr, Ühud döyüşlərində Peyğəmbərin (s) bayrağı atamın əlində olurdu. Ancaq sənin atan, atasının və cəddinin bayrağını gəzdirirdi. Ey Yezid! Əgər bilsəydin ki, nə etmisən, atamın, qardaşımın, əmim oğlunun və ailəmin başına nə gətirmisən, dağlara qaçardın. Çınqıllıqda gizlənər və fəryad çəkərdin”.

Sonra Yeziddən istədi ki, minbərə çıxsın. Yezid (lən) əvvəl icazə vermir. Ancaq sonra razı olur və Həzrət (ə) minbərə çıxır. İmamın (ə) xütbəsindən sonra hamı ağlayır və Yezid (lən) rüsvay olur. Yezid də onun bu yanğılı çıxışı qarşısında heç nə deyə bilmir. Üzr istəyir və bütün bu olanların günahını Ubeydullah ibn Ziyadın (lən) üzərinə atır. Sonra İmamdan (ə) nə istədiyini soruşur və İmam da əsirlərin azad edilməsini, şəhidlərin basdırılmasını və Mədinə şəhərinə getməyi istəyir.

Şamda bir müddət qalandan sonra İmam (ə) və ailəsi Mədinəyə qayıdır.

 

5. İmamın (ə) şəhadəti

İmam 35 il müsəlmanlara rəhbərlik edir. Xilafətin növbəti qəsbkarı olan Vəlid ibni Əbdulməlik (lən), İmamı (ə) 95-ci hicri ilində Məhərrəm ayının 25-də zəhərləyir və şəhadətə yetirir. Həzrət İmam Səccadı (ə) Bəqi qəbiristanlığında, əmisi İmam Həsən Müctəbanın (ə) qəbrinin yanında torpağa tapşırırlar.

 

Bu gün ziqədə ayının biri, dünya şiələrinin yeddinci imamı Həzrət Musa ibn Cəfər(ə)-ın əziz qızı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günüdür.

173-ci hicri qəməri ili ziqədə ayının birində Mədinə şəhərində dünyaya göz açan Həzrət Fatimeyi-Məsumə(s.ə.) fəzilətlər simvolu olubdur.

İslami İranda Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu günü qız günü adlandırılıbdır.

İran xalqı ötən illərdə Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın Tehrandan cənubda- müqəddəs Qum şəhərində yerləşən pak ziyarətgahında və sair dini məkanlarda olaraq, bu günü qeyd edərdi, ancaq bu il koronavirus epidemiyasına görə, böyüklər öz qızları üçün hədiyyə alaraq, Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu gününü bayram ediblər.

Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günü olan bu gündən iyulun 3-dək dünya şiələrinin səkkizinci imamı İmam Rza(ə)-ın mövludunun ildönümü gününədək olan müddət  İranda"kəramət ongünlüyü" adlandırılıbdır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu gününün gəlib çatması münasibətilə paklıq Əhli-Beyti(ə)-ı sevənləri təbrik edir.

Hicrətin 3-cü ili mübarək Ramazan ayının 15-ci gecəsində müsəlmanların 2-ci imamı İmam Həsən ibn Əli (ə) Mədinə şəhərində dünyaya göz açıb.

 O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır.

Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (s.ə), İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Bu ipək parçanı vəhy mələyi Cəbrail (ə) cənnətdən Peyğəmbərimiz (s) üçün gətirmişdi.

Həzrət Peyğəmbər (s) uşağın adını Həsən qoydu və onun üçün əqiqə olaraq bir qoyun kəsdi.

Allahım, bizlərə İmam Həsənin (ə) layiqli ardıcıllarından olmaq tofiqatını nəsib et!

 

Rəcəb ayının 27-si mübarək - "MƏBƏS" bayramıdır

Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.(Ali İmran, 164)

Rəcəb ayının 27-si İslamda müqəddəs bir gündür. Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.

Başqa sözlə desək, “Məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur.

Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Allah  insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu.

Həzrət Əli (ə) “cahiliyyə dövrü”nü belə bəyan edir: “Allah-Təala Peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s) Peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı...” (“Nəhcul-Bəlağə”) Pərvərdigari-aləm öz nurunu tamamladı, aləmlərə rəhmət nazil oldu. Bütpərəst toplumun eybəcərliklərindən xoşlanmayan və ibadət vaxtı Hira mağarasına pənah aparan Həzrət Muhəmməd (s), bir gün həmin mağaradan Peyğəmbər olaraq qayıtdı. Qədəm qoyduğu hər torpağı rəhmət bürüdü.

Mütəal Allah, Peyğəmbərinin timsalında öz rəhmətini bəşəriyyətin üzərinə yaydı. Rəhmət Peyğəmbəri olaraq göndərildi Həzrət Muhəmməd (s). “Ənbiya” surəsinin 107-ci ayəsində Allah-Təala öz Peyğəmbərinə “Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” buyurur.

Qurani-Kərimin müxtəlif ayələrində keçmiş qövmlərin öz Peyğəmbərlərinə iman gətirmədikləri üçün, həlakətə düçar olmalarından bəhs edilmişdir.  Lakin, İslam Peyğəmbərinin həyatına və Quranın ayələrinə diqqət etdikdə görür ki, Peyğəmbərə qarşı düşmənçilik edənlərin çirkin əməlləri Həzrət Peyğəmbəri kədərləndirir və narahat edirdi. Həzrət bundan ötrü onların halına yanır, İlahi əzabın onlara yetişməsini, onların da keçmiş ümmətlər kimi həlak olmasını istəmirdi. Günahkar camaatı tərbiyə və təzkiyə etməklə yanaşı, həm də, Allahdan onların hidayətini diləyir, islah olunmalarından ötrü dua edirdi.

Qurani-Kərim Peyğəmbərin bu narahatçılığı haqqında nelə buyurur: “(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (Kəhf 6) Həmçinin buyurulur: “(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Tövbə, 128)” Həzrət Peyğəmbər daim ümmətinin barəsində düşünürdü, həmişə qüssəli idi və fikri məşğul olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi. Ancaq Allah yolunda qəzəblənərdi. “Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...”(Fəth 29)

O Həzrətin(s) rəftarı haqqında nəql edilmişdir ki, xoş rəftarlı olduğu üçün, Onu görənlər özlərini Həzrətin (s) nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla şirin dillə danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə də qəlblərində İslama rəğbət və məhəbbət oyadırdı.

Allah-Təala İslam Peyğəmbəri Həzrət Muhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və O həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır. Çünki, artıq Həzrət Muhəmməddən (s) sonra bir Peyğəmbər gəlməyəcək, İslam və Qurandan sonra hidayət edən, yol göstərən, qaranlıqlardan nura çıxaran, bir din və hikmət enməyəcəkdir. İslam dini kamil dindir və bütün sualların cavabını bu dində tapmaq mümkündür. İslam dini bütün dövrlər üçün, bütün millətlər, xalqlar üçün göndərilmişdir və qiyamət gününə qədər diri qalacaqdır.

BAYRAMINIZ MÜBARƏK

 

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.

İlahi göstərişlə qoyulan ad - Zeynəb

Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə (s.ə) İmam Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və o Həzrət (s) hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar.

Üç gündən sonra Peyğəmbər (s) səfərdən döndü. İmam Əli (ə) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən İlahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: "Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam".

Bunu eşidən Peyğəmbər (s), təzə doğulan körpənin onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbərimiz (s), onu öpərək buyurdu: "Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir".

Bir qəlb, iki məhəbbət

Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: "Atacan, məni çox istəyirsən?". İmam Əli (ə) cavab verir ki, bəli, qızım, çox istəyirəm. Bu cavabdan sonra Xanım Zeynəb (ə) buyurur: "İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur".

"Müsibətlər anası"

Heç şübhəsiz ki, Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində - qardaşı İmam Hüseynin (ə) qafiləsində olmasıdır. Buna görə də Xanımı "müsibətlər anası" adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb (s.ə) səbir edir. İmam Hüseyni (ə), Həzrət Abbası (ə) şəhadətə yetirirlər, amma o Xanım (s.ə) səbir edir.

Bu azmış kimi, iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir.

Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb (s.ə) və İmam Səccad (ə) ən kamil şəkildə yerinə yetirdilər.

Məhrumiyyətlər içində ibadət

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, münacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı".

Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".

 

Xanım Zeynəb (s.ə) hicrətin 62-ci ilində rəcəb ayının 15-də Suriyanın Şam şəhərində dünyadan köçmüşdür.

 

Page 1 of 13