Cümə, 27 Dekabr 2013 23:32

İSLAM PEYĞӘMBӘRININ ŞӘXSIYYӘTI

İSLAM PEYĞӘMBӘRININ ŞӘXSIYYӘTI

Adı: Məhəmməd.
Ləqəbi: Әmin.
Künyəsi: Әbül-qasim.
Atasının adı: Abdullah.
Anasının adı: Aminə.
Doğulduğu yer: Məkkə.
Doğulduğu tarix: Fil hadisəsindən iki ay sonra.
Vəfat tarixi: Hicrətin on birinci ili.
Vəfat yeri: Mədinə.
Məzarı: Mədinə.
Abdullah Әbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evlənmiş və bu mübarək izdivacın nəticəsində isə Fil hadisəsindən iki ay sonra dünyaya gəlmiş Məhəmməd adlı nurlu bir oğlan uşağı olmuşdu. Atası hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Әbdülmüttəlib öz öhdəsinə almışdı. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində qarşılaşdığı çətinliklərə qələbə çalmağa müvəffəq olub, çox qısa bir müddət ərzində də camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrilmişdi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətlərini də onun yanında əmanət qoyurdular. Necə ki, sonralar o həzrətə bu üstün əxlaqi səviyyəsinə görə Qüreyşin əmini (yəni Qüreyşin ən etibarlı şəxsi) ləqəbini vermişdilər.
O həzrət sağlam və sarsılmaz bir imanla məzlum və müstəzəflərin tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və problemlərinin çıxış yolunu axtarıb tapırdı. Cavanlardan bir qrup «Hilfül-füzul» müqaviləsinə qol çəkdikləri vaxt həzrət Peyğəmbər (s) onları müdafiə etmişdi. Çünki cavanların məqsədi məzlumları qorumaq və zalımlarla mübarizə aparmaq idi. Daha sonra həzrət Məhəmməd (s) əmisi Әbu Talibin istəyilə Xədicənin karvanına qoşulmuşdu. Düzlüyü və etibarı olduğuna görə karvanın başçısı seçilən Məhəmmədə onun cəmiyyətdəki üstün şəxsiyyətinə heyran qalan Xədicə evlənmək təklifini irəli sürmüşdü.
Həzrət Peyğəmbər (s) bu izdivacı münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul edir ki, bu mübarək izdivacın meyvəsi bütün məsumların və islam ümməti rəhbərlərinin anası sayılan həzrət Fatimədir (s.ə.).
PEYĞӘMBӘRLIK VӘZIFӘSININ VERILMӘSI
O, artıq qırx yaşında idi. Bir gün Həra mağarasında Allaha ibadət və dua ilə məşğul ikən Cəbrailin gətirdiyi vəhy vasitəsi ilə Allah-taala tərəfindən peyğəmbərlik vəzifəsinə təyin olundu. Bu hadisədən həyacanlanmış həzrət Peyğəmbər (s) bir müddət istirahət etmək məqsədi ilə Kəbəyə getmiş, lakin vəhy mələyi təzədən ona nazil olaraq təbliğə başlamasını əmr etmişdi.
Ilk əvvəl həzrət Peyğəmbərin (s) dəvəti məxfi idi. Ona inanan adamlar da bu işə tam gizli bir şəkildə əməl edirdilər.
Ona ilk iman gətirənlər həyat yoldaşı Xədicə və Әli (ə) olmuşdu. Aradan üç il ötdükdən sonra Məkkə və Məkkə ətrafı məntəqələrdə təbliğat üçün münasib bir şərait yaranmışdı. Peyğəmbərə (s) insanları bir olan Allaha dəvət etmək və bütlərə qarşı mübarizə aparmaq vəzifəsi tapşırılmışdı. Bu iş olduqca təhlükəli idi. Çünki qəbilə başçılarının hakimiyyəti çox güclü idi. Onlar hakimiyyəti əldən vermək istəmirdilər. Illər boyu sitayiş etdikləri bütləri sındırmaq onlara çox ağır gəlirdi. Amma böyük bir hədəf olan tək Allaha inanmaq, tövhid ideyasının yayılması üçün çətinliklərə, ağır şəraitə sinə gərməkdən başqa bir çarə yox idi.
Açıq və ümumi təbliğatdan sonra, hakimiyyətdə olanlar Onunla müxalifət edib aşkar bir şəkildə öz düşmənçiliklərini peyğəmbərə bildirmişlər.
Bütpərəst quldurlar tövhid hərəkatının qabaqcılı sayılan həzrət Məhəmmədin (s) təbliğinin qarşısını almaq üçün əllərində mövcud olan bütün imkanlardan istifadə edirdilər. Әvvəlcə rüşvətlə o həzrəti tutduğu yoldan döndərmək istəsələr də bu işləri heç bir nəticə vermədi. Ondan sonra belə qərara gəldilər ki, o həzrəti müxtəlif təhdid və təzyiqlərə məruz qoysunlar. Müsəlman olanlara lağ edib döyür, işkəncə verir, malların müsadirə edirdilər. Amma bu təşəbbüslər nəinki tövhid hərəkatına mane ola bilmədi, əksinə bu hərəkatı daha da gücləndirdi.
Müşriklər, Peyğəmbərimiz və dostları Məkkədən çıxana qədər öz çirkin əməllərindən əl çəkmədilər. Ilk müsəlmanlar düşmən şərrindən qorunmaq üçün üç il Şəbi Әbu Talib adlı aclıq və susuzluqla mühasirə olunmuş bir yerdə qalmağa məcbur oldular. Ancaq müşriklər bunu da onlara çox görüb həmin məhəlləyə nəzarəti gücləndirdilər. Belə ki, heç kim cürət edib onlara yemək və su apara bilmirdi. Təkcə canlarından keçmiş bir qrup gecənin qaranlığından istifadə edərək onların bu ehtiyaclarını təmin etməyə cəhd edirdilər.
Bu sıxışdırmaların və mühasirənin heç bir nəticə vermədiyini görən müşriklər, müsəlmanların bu inamlı müqavimətləri qarşısında yeganə çıxış yolunu onları öldürməkdə görürdülər. Intiqamdan da qorxduqları üçün onlar belə qərara gəlmişdilər ki, bütün qəbilələri öz tərəflərinə çəkərək birlikdə Peyğəmbərin evinə həmlə edib o həzrəti qılıncdan keçirsinlər.
Ayətullah Kərimi Cəhrominin Peyğəmbərin həyatına xülasə bir baxış kitabından götürülmüşdür.

 

Bu kateqoriyada daha ətraflı: İmam Həsən (ə) haqqında neçə hekayə »

Şərh yaz


Məxfi kod
Yenilə