Şənbə, 07 Oktyabr 2017 20:21

Milli Şuranin mitinqi

Milli Şuranin mitinqi

Bu gün, oktyabrın 7-də Milli Şura Bakıda mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə də razılaşdırılıb.

Təşkilatçıların bildirdiyinə görə, aksiya əsasən “Talana yox” və "korrupsiyaya son, siyasi məhbuslara azadlıq!" şüarları ilə keçirilib.

Sentyabrın 23-də də Milli Şuranın “Talana yox” şüarı ilə mitinqi keçirilmişdi.

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Azərbaycan hökumətini sərt tənqid edib.

Onun sözlərinə görə, etiraza qalxan insanların əsas tələbi xalqın milyonlarını oğurlayıb, ofşor hesablara köçürənlərə "dur" deməkdir. O, vurğulayıb ki, körpə, əlil, qazi, ahıl malı yeyənlər, kimsəsizin son tikəsini ağzından oğrulayanlar bunun cəzasını çəkəcəklər.

“Hökumətin bugünkü siyasəti təhlükəlidir. Təkcə bizdən ötrü yox, bir çox başqa ölkələr üçün də təhlükəli hesab olunur. Onlar hesab edirlər ki, burdan dünyaya korrupsiya virusu yayılır. Azərbaycan üçün bu təhlükə ikiqatdır”, Ə.Kərimli bildirib.

Aksiyada çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də çıxış edərək, eyni ittihamı Milli Şura rəhbərləri haqda söyləyiblər. Üstəlik, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi Yerevandan gəlib.

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb. Bildirilib ki, aksiyada ümumilikdə 1200 nəfər iştirak edib. Təşkilatçılar bildirirlər ki, Bakı polisi aksiyaya gələnlərin sayını bilərəkdən dəfələrlə kiçildib. Onlar deyirlər ki, aksiyaya deyilən rəqəmdən dəfələrlə çox etirazçı qatılıb.

Media

Şərh yaz


Məxfi kod
Yenilə